Partlayıcı sursatların təhlükəsinə dair növbəti maarifləndirmə tədbiri 21 nömrəli tam orta məktəbdə keçirilib
Elm və təhsil

Partlayıcı sursatların təhlükəsinə dair növbəti maarifləndirmə tədbiri 21 nömrəli tam orta məktəbdə keçirilib

Martın 4-də Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə "Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə" (PSTM) tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Laçın rayonu 21 nömrəli tam orta məktəbdə keçirilən tədbirin məqsədi işğaldan azad edilmiş rayonlara köçürüləcək şagirdlərin mina və partlayıcı sursatların təhlükəsi barədə biliklərinin artırılması olub.

Tədbirdə təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Süleymanov, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və digər qonaqlar iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələrin hazırlandığını qeyd edib. Nazir bildirib ki, metodiki tövsiyələrə uyğun olaraq, məktəblərdə mina təhlükəsi, onun fəsadları barədə şagirdlərlə mütəmadi qaydada maarifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlərin baş verə biləcək təhlükələrin qarşısının alınması baxımından əhəmiyyəti böyükdür.

Həmçinin qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, cari tədris ilində də Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı və Zəngilan rayonlarının bütün ümumtəhsil müəssisələrinin, habelə Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil müəssisələrinin VI siniflərində dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə bir saat olmaqla ikinci yarımildə "Mina təhlükəsinə dair maariflənmə" adlı kursun tədrisi aparılır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov mina təhlükəsi ilə mübarizə proqramının əsas komponentlərindən olan "Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə" proqramının fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, ANAMA tərəfindən fəaliyyət çərçivəsində ümumi maarifləndirmə, təlimçilərin təlimi, icma PSTM və məktəblərdə maarifləndirmə tədbirləri həyata keçirilir.

ANAMA-nın İdarə Heyətinin sədri tədbirdə iştirak edən şagirdlərə müraciət edərək mina riskindən qorunmaq üçün şübhəli ərazilərə daxil olmamaq, müharibənin partlayıcı qalıqlarına toxunmamaq, eləcə də baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə naməlum əşyalara rast gəldikdə 102 və 112 qaynar telefon xətlərinə məlumat verilməsinin vacibliyini bildirib.

Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın dilbər guşələrindən olan doğma Qarabağımızın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı parlaq Qələbə nəticəsində otuz ilə yaxın davam edən işğaldan azad olunduğunu xatırladıb. Tahir Budaqov bildirib ki, işğalçı Ermənistan otuz il ərzində əzəli torpaqlarımızı viran qoymaqla yanaşı, həmin əraziləri mina və digər hərbi sursatla çirkləndirib. İşğaldan azad olunan ərazilərdə hazırda minatəmizləmə əməliyyatlarının fasiləsiz davam etdirildiyini vurğulayan YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri diqqətə çatdırıb ki, dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq, vətəndaşlarımız hələ də bu ərazilərə qanunsuz səfərlər etməyə cəhd göstərirlər.

Həmin ərazilərdə baş verən mina və partlamamış hərbi sursat hadisəsi nəticəsində bir neçə vətəndaşımızın həlak olduğunu və yaralandığını vurğulayan Tahir Budaqov bildirib ki, bu baxımdan belə maarifləndirmə tədbirlərinin keçirilməsi çox əhəmiyyətlidir. Bu tədbirin də məqsədi məktəblərdə "Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə" proqramının fəaliyyətinin əsas məqsədi müharibədən zərərçəkmiş icmalarda məktəblilərin, eləcə də valideynlərin mina və partlamamış hərbi sursatlara dair biliklərinin artırılmasının təmin edilməsindən ibarətdir.

Mərasimdə müxtəlif növ mina və partlamamış hərbi sursatların vizual tanınması məqsədilə maketlərdən ibarət nümayiş guşəsi də təşkil edilib.

Tədbir çərçivəsində ANAMA-nın fəaliyyətinə dair sosial çarx və təhlükəli ərazilərin əlamətləri, mina xəbərdaredici işarələrin tanınmasını əks etdirən animasiya nümayiş olunub.

Həmçinin məktəb şagirdləri tərəfindən partlayıcı sursatların təhlükəsi barədə maarifləndirici səhnəcik təqdim edilib.

AZƏRTAC