Paraqvay parlamentinin nümayəndə heyəti Füzuli və Şuşaya səfər edib
Digər xəbərlər

Paraqvay parlamentinin nümayəndə heyəti Füzuli və Şuşaya səfər edib

Ölkəmizdə səfərdə olan Paraqvay parlamentinin Xarici əlaqələr komissiyasının sədri Valter Enrike Harms və Paraqvay Senatındakı Paraqvay-Azərbaycan Dostluq Qrupunun sədri Lukas Akino Xaradan ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonunda və Şuşa şəhərində olub. Səfərin məqsədi işğaldan azad olunmuş torpaqlarımızda erməni vandalizminin izləri, dağıntılar, eləcə də aparılan bərpa-quruculuq işləri ilə tanışlıqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər iştirakçıları əvvəlcə Füzuli rayonunun Merdinli kəndlərində erməni barbarlığı ilə tanış olublar. Məlumat verilib ki, erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini göstəriblər. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.

Nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanına da gəlib. Bildirilib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Bu işlər çərçivəsində Füzulidə qısa zamanda beynəlxalq hava limanı inşa olunub. Burada görülən işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Artıq hava limanı xarici ölkələrdən təyyarələr qəbul edir.

Paraqvaylı qonaqlar Füzuli şəhərinin mərkəzində də erməni vəhşiliyinin şahidi olublar. Məlumat verilib ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Həmçinin şəhərin təbiəti, ağaclar və yaşıllıqlar məhv olunub.

Füzulidə erməni barbarlığı ilə tanış olan qonaqlar sonra Şuşa şəhərinə gəliblər. Onlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Paraqvaylı qonaqlar Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi ilə tanış olub, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına gəliblər. Onlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verilib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq dəmir konstruksiyasını əritmək və satmaq istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Şuşa şəhər qala divarları ilə tanış olan nümayəndə heyətinə Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Qonaqlar daha sonra Cıdır düzündə olub, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

AZƏRTAC