Paralimpiyaçılarımızın triumfu: İdmançılarımız Azərbaycanın milli Paralimpiya tarixində qızıl səhifə yazdılar
İdman

Paralimpiyaçılarımızın triumfu: İdmançılarımız Azərbaycanın milli Paralimpiya tarixində qızıl səhifə yazdılar

Ötən gün Tokioda başa çatan XVI Yay Paralimpiya Oyunları Azərbaycan idmanının, xüsusilə milli Paralimpiya hərəkatının tarixinə qızıl hərflərlə yazıldı.

AZƏRTAC xəbər verir ki, dördilliyin zirvə yarışına 36 idmançı ilə qatılan milli Paralimpiya komandamız 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq medal siyahısında 10-cu yerdə qərarlaşdı. Bu, yeddinci dəfə Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan yığmasının tarixində ən böyük uğurdur. Bu parlaq qələbə Azərbaycanda idmanın, o cümlədən milli Paralimpiya hərəkatının inkişafına, o cümlədən fiziki imkanları məhdud şəxslərə ən yüksək səviyyədə göstərilən diqqət və qayğının əyani təsdiqidir.

Ölkəmizdə Paralimpiya hərəkatının sürətli inkişafı Azərbaycanın Paralimpiya Oyunlarına hər dəfə daha çox sayda idmançı ilə qatılmasında və qazanılan uğurlarda özünü göstərir. Belə ki, Azərbaycan Paralimpiya Oyunlarında debüt etdiyi “Atlanta-1996”y yarışa cəmi 2 idmançı ilə qatılmışdısa, ölkəmiz “Sidney-2000”də 7, “Afina-2004”də 11, “Pekin-2008”də 18, “London-2012”də 21, “Rio-2016”da 24 atletlə təmsil olunub. Paralimpiyaçılarımız Atlantadakı Oyunlar istisna olmaqla bütün Paralimpiadalarda uğurla çıxış ediblər. Belə ki, Sidney Paralimpiadasında cəmi 1 gümüş medal qazanan milli Paralimpiya komandamız “Tokio-2020”yə qədər ən böyük uğurunu 2012-ci ildə Londonda əldə edib. Həmin il paralimpiyaçılarımız 4 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Paralimpiyaçılarımızın iştirak etdikləri əvvəlki altı Paralimpiadada 9 qızıl, 18 gümüş və 11 bürünc medal qazandıqlarını nəzərə alsaq, Tokiodakı qələbə Azərbaycanın milli Paralimpiya komandasının triumfu olduğunu tam əminliklə demək mümkündür. Beləliklə, indiyədək iştirak etdiyi 7 Paralimpiya Oyunlarında Azərbaycan komandası ümumilikdə 57 medal qazanıb. Bunlardan 23-ü qızıl, 19-u gümüş, 15-i bürüncdür.

Azərbaycan XVI Yay Paralimpiya Oyunlarına ölkəmizin 10-a yaxın şəhər və rayonundan 24-ü kişi və 12-si qadın olmaqla ümumilikdə 36 idmançı (7 nəfər əlil arabası istifadəçisi) ilə qatılıb. Bu, Azərbaycan Paralimpiya tarixində rekord göstəricidir. Eyni zamanda, mötəbər yarışlarda uşaq Paralimpiya hərəkatının üzvləri də ölkəmizi təmsil ediblər. 

Qeyd edək ki, avqustun 24-də start götürən XVI Yay Paralimpiya Oyunlarında 160 milli komandadan, o cümlədən qaçqınlar yığmasından təqribən 4400 idmançı 539 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan komandasının heyətində paracüdoçu, “Rio-2016”nın qalibi Ramil Qasımovun və parataekvondoçu Aynur Məmmədovanın koronavirus testləri pozitiv çıxdıqlarından onların yarışları buraxmalı olması komandada bir qədər məyusluq doğursa da, idmançılarımızın mübarizə əzmini qıra bilmədi. Yarışa komandamızdan ilk olaraq avqustun 26-da pauerliftinq üzrə milli komandamızın üzvü Pərvin Məmmədov qoşulub. Qırx doqquz kiloqram çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 156 kiloqram nəticə ilə bürünc medala sahib olaraq komandamızın medal hesabını açdı və Paralimpiadada Azərbaycanın bayrağını ilk dalğalandırdı.

Bu uğuru paracüdoçularımız möhtəşəm çıxışları ilə davam etdirdilər. Onların inamlı çıxışları dünyanın bütün idman ictimaiyyətinin diqqət mərkəzində oldu. Belə ki, yarışa 10 idmançı ilə qatılan paracüdo üzrə yığmamızın 8 üzvü mükafatçılar sırasında yer almağı bacardı. Millimizin üzvlərindən Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib oldular. Cüdoçularımız medalların həm əyarına, həm də sayına görə digər komandaları böyük fərqlə qabaqladılar.

Para-atletimiz Hamed Heydari nizəatma yarışlarında Paralimpiya çempionu olmaqla yanaşı, dünya rekorduna da imza atdı. Təmsilçimiz 51,42 metrlik nəticə ilə 11 rəqibini qabaqlamağı bacardı.

Tokio Paralimpiadasında uğurlu çıxışı ilə yadda qalan idmançılardan biri də üzgüçümüz Raman Salei olub. Təmsilçimiz Tokio Paralimpiadasında üç qızıl medal qazandı. O, 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu oldu. Digər üzgüçümüz Vəli İsrafilov isə ölkəmizin ən gənc Paralimpiya çempionu kimi Azərbaycanın idman tarixinə düşüb. Yüz metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında qızıl medal qazanan Vəli İsrafilov bu uğura 18 yaş 325 günlüyündə nail oldu. Təmsilçimiz həmin yarışda Paralimpiya rekordu da müəyyənləşdirdi.

Xüsusi vurğulamaq lazımdır ki, Vəli İsrafilov beynəlxalq təcrübədə ilk dəfə 2013-cü ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində yaradılan Uşaq Paralimpiya Komitəsinin yetirməsidir.

Növbəti rekord para-atletimiz Elvin Astanovdan gəldi. İdmançımız nüvəitələmə yarışında bütün rəqiblərini qabaqlamaqla (8,77) Paralimpiya rekordunu yenilədi.

Paralimpiadada təmsilçimiz Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görüldü. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşdı.

Xüsusi vurğulamaq lazımdır ki, paralimpiyaçılarımıza daim ali diqqət və qayğı göstərən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva komandamızın hər bir üzvünün çıxışını diqqətlə izləyir, onların uğurlarına böyük həssaslıq göstərirdilər. Dövlətimizin başçısının və birinci xanımın idmançılarımızın uğurlarından dərhal sonra paralimpiyaçılarımızı təbrik edərək, atletlərimizin sevincini bölüşmələri onlara böyük dəstək olmaqla yanaşı, böyük qələbənin əsasını təşkil edən həlledici amil oldu. Məhz bu ali diqqətdə ruhlanan idmançılarımız bir-birinin ardınca xalqımıza parlaq qələbə sevinci yaşatdılar.

Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazılan milli Paralimpiya komandamızın uğuru Prezident İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildi. Sentyabrın 6-da dövlətimizin başçısı XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi, eləcə də milli Paralimpiya komandamızın üzvlərinin təltif olunmasına dair sərəncamlar imzaladı.

Həmin sərəncamlara əsasən, XVI Yay Paralimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançı üçün 200 min, onun məşqçisi üçün isə 100 min manat məbləğində mükafat müəyyən edilib. İkinci yeri tutan hər bir idmançı 100 min, məşqçisi 50 min, üçüncü yeri tutan hər bir idmançı 50 min, məşqçisi isə 25 min manat məbləğində mükafatlandırılıb.

Həmçinin Azərbaycan Milli Paralimpiya komandasının üzvləri orden və medallarla da təltif olundular. Belə ki, Paralimpiya çempionları Elvin Astanov, Hamed Heydari və Raman Salei “Şöhrət”, Orxan Aslanov, Şəhanə Hacıyeva, Xanım Hüseynova, Vəli İsrafilov, Dürsədəf Kərimova, Hüseyn Rəhimli, Vüqar Şirinli, Lamiyə Vəliyeva, Sevda Vəliyeva və İlham Zəkiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olundular. Bundan başqa, 3 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 3 nəfər 3-cü dərəcəli “Əmək” ordenləri, 11 nəfər isə “Tərəqqi” medalına layiq görüldülər.

Bundan başqa, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə məşqçilərdən 3 nəfər - İlqar İbişov, Ramin İbrahimov və Fyodor Kirillov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olundu.

Habelə XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov “Şöhrət”, Komitənin baş katibi Kamal Məmmədov isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edildilər.

AZƏRTAC