Pambıq istehsalında rekord - 300 min ton
İQTİSADİYYAT

Pambıq istehsalında rekord - 300 min ton

Pambıq strateji bitki, ölkənin kənd əhalisinin məşğulluğunu təmin etməyə və rifah səviyyəsini yüksəltməyə xidmət edən ən vacib, lazımlı kənd təsərrüfatı məhsullarındandır. Odur ki, dövlət sahənin inkişafına həmişə ciddi qayğı göstərir.

Pambıqçılığın inkişafının əsası ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinə söykənir. Məhz ulu öndərin dövründə pambıqçılıq inkişaf edərək özünün yüksək mərhələsinə qədəm qoymuş, respublikamızda 1 milyon tona yaxın məhsul istehsal olunmuşdur.

Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü, qayğı və dəstəyi ilə 2016-cı ildən etibarən isə dövlət yenidən sahənin inkişafına önəm verməyə başlamışdır. Dövlət başçısının qətiyyətli mövqeyi göstərdi ki, onun pambıqçılığı inkişaf etdirmək siyasəti davamlıdır. Bu mövzuda Sabirabadda, Saatlıda Bərdədə kecirilən pambıqçılıq müşavirələri "ağ qızıl" ın bərpası və keçmiş şöhrətinin özünə qaytarılmasında müstəsna rol oynamışdır. Beləliklə, cəmi 5-6 ilin içərisində dövlətimizin uğurlu iqtisadi siyasəti nəticəsində pambıqçılıq yenidən aqrar sahənin ən önəmli sahələrindən birinə çevrilmişdir.

Hazırda isə respublikamızda da pambıq yığımı artıq başa çatmaq üzrədir. Son məlumata əsasən, fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Respublika üzrə pambığın orta məhsuldarlığı hər hektardan 28,35 sentner təşkil edir.

Əsasən ölkənin 20-yə yaxın rayonunda "ağ qızıl" becərilir. Sevindirici haldır ki, bu rayonlardan 7-sində - Ağcabədi, Beyləqan, Bərdə, Saatlı, Tərtər, Yevlax və Zərdabda orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən xeyli yüksəkdir.

Son illər ölkədə pambığın əkin sahələri ümumiyyətlə artırılmır, yalnız həmin sahələrdə hər hektardan məhsuldarlıq yüksəldilir. Elə əslində məqsəd də budur. Bu il 16 rayonda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonlarının ərazisində əkilib. Bu rayonların hər birinin ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin təxminən yarısı məhz bu 4 rayonun payına düşür.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, çox məhsul istehsal edərək yüksək gəlir əldə etməyə sövq edir.

Respublikada pambıq yığımı artıq yekunlaşır, sahələrdən son məhsullar yığılır. Amma sevinirik ki, 300 min ton məhsul toplamışıq. Bu, müstəqillik dövründə pambıqçılıq sahəsində qazandığımız ən yüksək rəqəmlərdən biridir.

Nəriman CAVADOV,

"Respublika".