Pakistanın xəbər agentliyi: Azərbaycan xalqı Vətən müharibəsində qazandığı tarixi Qələbənin ildönümünü qeyd edir
Digər xəbərlər

Pakistanın xəbər agentliyi: Azərbaycan xalqı Vətən müharibəsində qazandığı tarixi Qələbənin ildönümünü qeyd edir

Pakistanın DND (Dispatch News Desk) xəbər agentliyi "Ermənistan ordusunun qəbiristanlığı" sərlövhəli məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Bakıda dəniz sahilində 44 günlük müharibədə Ermənistan ordusundan qənimət götürülmüş tankların, zirehli maşınların və digər silahların nümayiş olunduğu muzeyin yaradıldığı bildirilir. Müəllif qeyd edir ki, onun "Ermənistan ordusunun qəbiristanlığı" adlandırdığı bu məkan hər gün çoxsaylı insanlar tərəfindən ziyarət olunur. Bildirir ki, Azərbaycan münaqişənin həlli istiqamətində heç bir iş görməyən BMT və digər beynəlxalq qurumların əvəzinə, öz torpaqlarını özü azad etdi. Həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal edilmiş torpaqlarla bağlı qətnamələrini özü yerinə yetirdi. Bütün bunlar isə Ermənistanın bir il əvvəl törətdiyi növbəti hərbi təxribatın qarşısını almaq və özünü müdafiə etmək üçün addımların atılması ilə başladı.

Yazıda qeyd olunur ki, Azərbaycan Vətən müharibəsi nəticəsində Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoydu. Bu ölkə öz ərazi bütövlüyünü və bir milyona yaxın məcburi köçkünün fundamental insan hüquqlarını təmin etdi.

Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə Ermənistanın həmin torpaqlarda on illərdir davam edən qeyri-qanuni fəaliyyətinin də qarşısı alındı. Bu fəaliyyətlərə ərazilərin genişmiqyaslı minalanması, Azərbaycanın tarixi, mədəni və dini abidələrinin dağıdılması, təbii sərvətlərin talanması, infrastrukturun məhv edilməsi və digər qanun pozuntuları aiddir. Eyni zamanda, Ermənistanın çoxsaylı müharibə cinayətləri törətməsinə dair kifayət qədər dəlillər tapılıb.

Müəllif xüsusi qeyd edir ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə davamlı quruculuq işləri görür. Həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına sadiq qalaraq davamlı sülhü və təhlükəsizliyi təmin edir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində yeni dövrün təməli qoyulub. Milli birlik siyasi harmoniya, siyasi liderlik, müdrik və uzaqgörən siyasət tələb edir. Prezident İlham Əliyev Azərbaycanın qəhrəmanlıq salnaməsini yazdı.

AZƏRTAC