Pakistan səfirinin müavini: İşğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərinin sürəti bizi heyrətləndirdi
MÜSAHİBƏLƏR

Pakistan səfirinin müavini: İşğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərinin sürəti bizi heyrətləndirdi

İşğaldan azad olunmuş ərazilərdə, xüsusilə də Suqovuşan qəsəbəsi və Talış kəndində aparılan tikinti-quruculuq işlərinin hazırkı miqyası və sürəti bizi həm sevindirir, həm də təəccübləndirir. Bu ərazilərə internet və rabitə xətlərinin çəkilişi, buranın elektrik enerjisi ilə təmin olunması istiqamətində görülən işlər təqdirəlayiqdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistanın Azərbaycandakı səfirinin müavini Muazam Əli diplomatik korpus nümayəndələrinin Tərtərin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri zamanı jurnalistlərə açıqlamasında söyləyib.

Postmünaqişə dövründə Cənubi Qafqazın gələcək inkişafı ilə bağlı jurnalistin sualına cavab verən M.Əli deyib: "Regionda vəziyyətin daha sabit olacağına inanıram. Bölgədə iqtisadi əlaqələrin və dəhlizlərin açılması, yenidən inkişaf etdirilməsi üçün bütün Qafqazda ölkələri əməkdaşlıq etməlidirlər".

Muazam Əli vurğulayıb ki, Pakistan regionda dəhlizlərin açılması istiqamətində görülən işləri, xüsusilə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizin açılması ilə bağlı təşəbbüsü dəstəkləyir.

AZƏRTAC