ÖZLƏRİNİ SİYASƏTÇİ BİLƏN REVANŞİSTLƏRİN YENİ CƏHDLƏRİ
Siyasət

ÖZLƏRİNİ SİYASƏTÇİ BİLƏN REVANŞİSTLƏRİN YENİ CƏHDLƏRİ

 Qarabağda separatçılar yeni oyunlar oynamağa cəhd göstərir. Belə ki, qondarma rejimin saxta rəhbəri Araik Arutyunyan yatıb yuxusunda nə görübsə, birdən-birə özünün müqəvva olmadığını sübut etməyə çalışıb. Komplekslər girdabında olduğu qətiyyən şübhə doğurmayan Araik özünü təsdiqləmək və göstərmək üçün doqquz "naziri"ni dəyişmək istəyinə düşüb. Bu absurd tamaşanın həmin pərdəsini isə "islahatların həyata keçirilməsi" kimi qələmə verməyə çalışırlar. Milyarder Ruben Vardanyanın xüsusi missiya ilə Qarabağa gəlişindən və qondarma rejimin özü kimi qondarma "dövlət naziri" vəzifəsinə yerləşdirilməsindən sonra başlanılan oyunbazlıq xəstə təxəyyülün məhsulundan başqa bir şey deyil.

Göründüyü kimi, Azərbaycan ərazilərində yaşayan və onun-bunun sərsəmləmələri, intriqaları, oyunbazlığı, separatçılığı nəticəsində dəfələrlə ziyan görmüş zavallı ermənilər növbəti dəfə onların üzərində qurulmaqda olan oyunların qurbanlarına çevrilməkdədirlər. Belə düşünmək üçün əsaslar var ki, Qarabağ ermənilərinin xeyli hissəsi bir zamanlar Robert Köçəryan və Serjik Sarkisyanın da Azərbaycanın sadə erməni vətəndaşlarından istifadə edərək Ermənistanda hakimiyyəti ələ keçirdiklərini, nəinki özlərinin, bütün nəsillərindəki qohumlarının yatıb yuxularında görmədikləri pullar qazandıqlarını, həmin pullar hesabına yaşadıqları dəbdəbəli həyatı unutmayıblar.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə bildirib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır və ölkəmizin qanunları ilə təsbit olunan bütün hüquqlardan istifadə edə, respublikada yaşayan digər vətəndaşlar kimi rahat həyat sürə bilərlər. İstər Ermənistanda, istərsə də Azərbaycanda yaşayan bütün erməni mənşəli sıravi vətəndaşlar gözəl bilir ki, vaxtilə separatizm, şovinizm və faşizm ideyaları üzərində siyasətə gəlmiş, əslində isə küçə quldurlarından heç nə ilə fərqlənməyən fəalların bütün planları pərən-pərən oldu. Dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusu erməni faşizmini məğlub etdi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu. Bununla dövlətimiz bütün dünyaya haqqın və ədalətin necə bərpa edilməli olduğunu nümayiş etdirdi. Ermənilər unutmamalıdırlar ki, vaxtilə erməni şovinistləri tərəfindən ortaya atılmış "ikinci erməni dövləti" ideyasından həm erməni diaspor nümayəndələri, həm də separatizm ideyalarını yayanlar şəxsi mənfəətləri üçün hətta öz xalqının nümayəndələrini də qurban verməkdən çəkinmədilər. Köçəryanlar, sarkisyanlar zənginliyin dadını çıxaranda Qarabağdakı sıravi ermənilər aclıq və səfalət girdabına sürüklənməkdə idilər. İndi yenidən ortaya atılaraq özünü "xilaskar" kimi qələmə verməyə çalışan Vardanyanı qabağa verən erməni millətçiləri dinc insanları onların üzərlərindən qurulan yeni oyunlara sövq etməyə çalışırlar.

Ermənilər anlamalıdırlar ki, tədbirli olmasalar, cinayətkarlara inanmağa davam etsələr bunun acı nəticələrini bu və ya digər formada təkrar yaşamaq məcburiyyətində qalacaqlar. Yeni təyinatlarla erməni daşnakları öz aləmlərində hansısa ciddi prosesə hazırlıq gördüklərini nümayiş etdirməyə çalışırlar.

Qarabağa kimin gəlməsindən asılı olmayaraq heç nə dəyişməyəcək. İstər Ruben, istər Vardan, istərsə də digər marionetkalardan ibarət yeni "komandanın" formalaşdırılması situasiyanı dəyişmək iqtidarında deyil. İpləri böyük güclərin əlində olsa da, Azərbaycan dövləti həmin bağları kəsmək iqtidarındadır. Çünki Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadıqları bölgədəki prosesləri daim diqqət mərkəzində saxlayır. Orada baş verən bütün hadisələr və cərəyan edən proseslər barədə Azərbaycanın aidiyyəti orqanları tam dolğun məlumata malikdir. Odur ki, vəziyyət Azərbaycanın tələbləri daxilində inkişaf etməlidir və edəcək. Nə Ermənistan, nə onun havadarları, nə də hər hansı üçüncü bir qüvvə bu vəziyyəti dəyişə, başqa istiqamətə yönləndirə bilməz.

Daha mühüm bir məqam isə ondan ibarətdir ki, Vardanyan və Oskanyan Azərbaycan ərazisinə qeyri-qanuni gəliblər. Bu isə Azərbaycan qanunvericiliyinə əsasən cinayət hadisəsidir. Yəni hər iki şəxs cinayətkardır və Azərbaycan bu cinayətkarlarla hər hansı dialoqa getmək niyyətində deyil. Hər kəs bilməlidir ki, bütün bu qanunsuz addımların, Qarabağda qurulmasına çalışılan yeni oyunların heç bir perspektivi yoxdur. Hamı yaxşı bilir ki, Azərbaycan dövləti uzun müddət belə vəziyyətə dözmək niyyətində deyil, atılan qanunsuz addımların qarşısını almaq, cinayətkarların cəzalandırılmasını təmin etmək üçün qəti tədbir görmək hüququnu özündə saxlayır və hər an bu istiqamətdə qətiyyətli addımlar atmağa hazırdır.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev vurğulayıb ki, Azərbaycan müstəqil siyasət həyata keçirir və bu siyasət ölkəmizin milli maraqlarına xidmət edir. Odur ki, danışıqlar da kənardan gətirilib xüsusi qaydada saxta vəzifə verilən kimlərləsə deyil, məhz Qarabağdakı ermənilərin içindən çıxmış, sözün əsl mənasında onları təmsil edə biləcək şəxslərlə müəyyən edilmiş səviyyədə aparıla bilər. Bu, Azərbaycanın qəti və dəyişməz mövqeyidir. Əksini düşünənlər, fərqli nəticələrə nail olmaq istəyənlər isə qarşılarında Azərbaycanın sərt qanunlarını görəcəklər. Ruben Vardanyan və onun kimi digər erməni təlxəkləri anlamalıdırlar ki, siyasi və iqtisadi bonus qazanmaq üçün istifadə etdikləri Qarabağda yaşayan erməniləri qoruyacaq və hüquqlarını təmin edəcək yeganə qüvvə ancaq və ancaq Azərbaycan dövlətidir.

Emin QASIMOV,

"Respublika".