Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynovdan
Məktublar

Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi Özbəkistanda yaşayan azərbaycanlılar, bu ölkədə fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi adından tarixi Zəfərin birinci ildönümü münasibətilə qürur hissi ilə təbrik edirik. Torpaqlarımızı 30 illik işğaldan azad etdiyinizə, Azərbaycan xalqına böyük Qələbə bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikası yaşadıqları ölkələrdən asılı olmayaraq bütün azərbaycanlıların əbədi Vətəni olaraq qalacaq. Biz Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti hər zaman dəstəkləyəcəyik.

Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın siyasi səhnəsində öz yerini möhkəmləndirdi, beynəlxalq miqyasda nüfuzunu daha da artırdı. Bununla yanaşı, Siz tarixi Qələbə ilə Azərbaycan xalqının özünə inamını qaytardınız, ona yenidən ruh verdiniz. Əminik ki, işğal dövründə dağıdılmış şəhərlər, kəndlər, qəsəbələr xalqın Sizə olan dəstəyi ilə yenidən qurulacaq və bərpa olunacaq. Artıq bu istiqamətdə görülən işlər göz qabağındadır.

Hörmətli cənab Prezident, Özbəkistanda yaşayan diaspor üzvləri həmişə olduğu kimi, Azərbaycan və Özbəkistan arasında əlaqələrin genişləndirilməsi üçün öz töhfələrini verirlər. Həmvətənliləriniz Sizin Özbəkistana gəlməyinizi səbirsizliklə gözləyirlər.

Möhtərəm Prezident, Sizi Zəfər Günü münasibətilə bir daha təbrik edirik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

 

Firdovsi HÜSEYNOV,

Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri.