Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti mayın 16-da Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Özbəkistan nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AZƏRTAC