ÖZBƏKİSTAN
Türk dünyası

ÖZBƏKİSTAN

Mərkəzi Asiyanın qədim xalqlarından biri hesab edilən, öz adını Qızıl Orda hökmdarı Özbək xanın adından götürən özbəklər monqol istilasına məruz qalsalar da, bir xalq kimi öz kökənlərini qoruyub saxlamağı bacarmışlar. Bütün dövrlərdə milli kimliyini, adət-ənənələrini mühafizə edən bu xalq Orta Asiyanın şimal-qərb və mərkəzi hissəsində yaşamışdır.

Əhalisinin sayına görə Mərkəzi Asiyada birinci yerdə olan ölkənin ərazisi 448.978 kvadratkilometrdir. Özbəkistan Respublikası Orta Asiyada, Əfqanıstanın şimalında yerləşən müstəqil Türk dövlətidir. Altay dil qrupuna daxil olan müxtəlif Türk tayfalarının bu ərazidə məskunlaşması prosesi hələ qədim dövrlərdən başlanmışdır. Özbəkistanın dənizə birbaşa çıxışı yoxdur və dənizə çıxışı olmayan ölkələrlə əhatə olunmuş nadir dövlətlərdəndir. Özbəkistanda həm də Asiyanın ən böyük qızıl mədəni yerləşir. Ölkənin iqtisadi potensialını genişləndirən və regional liderliyini təmin edən amillər neft, qızıl, kömür ehtiyatları və əsas enerji ehtiyatı olan təbii qazdır.

1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra mədəni inkişaf respublikanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Müxtəlif tarixi abidə, məscid və muzeylərlə zəngin olan ölkənin kənd təsərrüfatı onun iqtisadiyyatının əsasını təşkil edir.

Elmi, dini, ideoloji, mənəvi və estetik komponentləri ilə yanaşı, dil, mədəniyyət, məişət və digər cəhətlər hər bir xalqın mədəni sərvətidir. Özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal nümunələrindən biridir. Türk xalqları arasında özünəməxsusluğu ilə seçilən özbəklərin könül oxşayan xalq mahnıları, təsviri sənəti, zəngin mətbəxi, geyim mədəniyyəti və memarlıq nümunələri vardır.

Özbək musiqisi müxtəlif janr və mövzularla xarakterizə olunur. Özbəklərin klassik musiqisi "Şaşməqam" (altı muğam) XVI əsrin sonlarında Buxarada formalaşıb. Xalqın ədəbiyyat tarixi isə folklordan - əfsanələrdən, dastanlardan və nağıllardan qaynaqlanır. Qəhrəman Alpamış və hazırcavab Nəsirəddin Əfəndi haqqında rəvayətlər Özbəkistan mədəniyyətinin əsas tərkib hissəsidir.

Klassik və müasir musiqi özbək xalqının qədim mədəniyyətinin unikal təzahürüdür. Özünəməxsus janrı ilə seçilən özbək milli musiqiləri daha çox "karnay", "surnay", "dütar" kimi alətlərdə ifa olunur. "Makom" (muğam) isə özbək musiqisinin klassik fondunu təşkil edir.

Rəqs mədəniyyəti də bu ölkənin ən vacib adətlərindəndir. Milli rəqsləri ilə fərqlənən özbəklər rəqs zamanı əl hərəkətlərinə və üz ifadələrinə çox böyük önəm verirlər.

Cəmiyyətin mənəvi mədəniyyəti nə qədər zəngin olursa, fərdin mənəvi mədəniyyətinin kamilləşməsi üçün bir o qədər çox imkan yaranır. Davranış normaları insanların cəmiyyətə, ictimai quruluşa, əməyə və bir-birinə olan münasibətlərində özünü göstərir. Özbəkistanda xalq arasında belə bir deyim var: "Öz keçmişinə hörmət etmədən, gələcəyin ağacını becərə bilməzsən". Bu baxımdan, ölkədə adət-ənənələrin, milli dəyərlərin təbliğatı istiqamətində mühüm addımlar atılır. Müasir Özbəkistan mədəniyyətinin parlaq ifadələrindən biri çoxçeşidli janrlara malik ənənəvi xalq yaradıcılığıdır. Keramika və dekorativ əl işi, ipək parça emalı, xalçaçılıq və qızıl tikmə naxışlar, zərgərlik sənəti və bədii metal, lak miniatürlər, ağacyonma, musiqi alətlərinin dekorativ işlənməsi və başqa sənət növləri yeni dövrünü yaşayır. Özbəkistanın hər bir bölgəsinin özünəməxsus xüsusiyyətləri var ki, bu da milli geyimlərdə və yerli dialektlərdə ən aydın şəkildə özünü göstərir.

XIX əsrin sonlarına aid özbək milli geyimləri bu günə qədər dəyişməz olaraq qalır. Naxış sənəti önəmli xalq sənəti olduğundan geyimlərdə özünü büruzə verir. Qədim tarixi olan milli geyimlərin ən vacib aksesuarı hesab edilən papaq özbəklərin geyim tərzində vacib rol oynayır. Burada yaşlılar, gənclər, hətta yeni doğulan uşaqlar da papaq taxırlar. Özbəklərdə igidliyin rəmzi olan papaq haqqında "İgidə papaq yaraşır", məşhur atalar sözü də əbəs yerə deyilməyib. Kişilərin papaqları qara atlas və ya məxmər, qadın papaqları isə ipəkdən və məxmərdən hazırlanır. Üzəri muncuqla bəzədilmiş papaqların hər bir naxışının öz anlamı var. Belə ki, əfsanəyə görə papağın yuxarı hissəsindəki dörd gül insanın sağlamlığını dörd tərəfdən qoruyur, kənarı boyunca cərgə ilə düzülmüş on altı naxışlı tağ isə böyük və mehriban ailə sahibi olmaq arzusunu ifadə edir. Fərqli fon və bəzəklərlə örtülmüş papaqlarda quş qanadı motivlərindən də istifadə edilir. Şərq rəvayətlərinə görə insanın başına qoyulan quş xoşbəxtlik gətirir. Ona görə də, uşaq papaqlarının çoxu hələ də quş tükləri ilə bəzədilir. Uşağı pis gözdən qorumaq üçün gümüşü parçadan hazırlanmış papağa amulet yapışdırılır.

 Özbəklərə xas əsas xüsusiyyətlərdən biri qonaqpərvərlikdir. Hörmətli qonaqları ev sahibləri həyətdə qarşılayıb salamladıqdan sonra evə dəvət edirlər. Nahar və ya şam yeməyinə dəvətdən imtina etmək düzgün sayılmır. Süfrəyə ilk öncə şirniyyat, sonra isə ağır yeməklər verilir. Ümumiyyətlə, özbəklərdə çay içmək xüsusi mərasim hesab olunur. Onu kişilər dəmləyib piyalələrdə süfrəyə verirlər.

Özbək mətbəxi Şərq ölkələri mətbəxi arasında öz rəngarəngliyi ilə seçilir. Özbək yeməkləri deyərkən şübhəsiz ki, ağlımıza ilk növbədə özbək plovu gəlir. Hələ Makedoniyalı İsgəndər dönəmindən hər bir aşpazın öz töhfəsini verdiyi plovun hazırlanması Özbəkistanın hər yerində fərqli üsulla bişirilir. Evə qonaq gələrkən mütləq bu plovu evin kişisi bişirir. Plovun yanında adətən yaşıl çay verilir.

Özbəklərdə süfrə mədəniyyəti də olduqca vacib hesab edilir. Ailə başçısı masaya əyləşmədən yemək başlanmır. Yemək bitdiyində isə ailə başçısı tərəfindən dua oxunur. Olduqca qonaqpərvər olan bu xalq masa ətrafında qonaqlarla saatlarla söhbət edər və qonaq evdən ayrılarkən ev sahibi qonağa bişirilən yeməkdən çox kiçik bir bağlama verər. Bu, qonşuluq münasibətlərində də keçərlidir. Evdə bişən yeməkdən mütləq qonşuya verilər. Ölkənin şimalında plov, qızardılmış ət və xəmir məmulatlarına üstünlük verilirsə, cənubunda düyü və tərəvəzdən müxtəlif çeşiddə olan xörəklər hazırlanır.

Çörək özbəklər üçün müqəddəs sayılır. Onların çox dəyər verdiyi və süfrələrinin bəzəyi olan çörək istehsalında müxtəlif qəliblərdən istifadə olunur, üzəri isə küncütlə bəzədilir. İnsanlara kiçik yaşlarından çörəyə hörmət öyrədilir. Adətə görə, mütləq şəkildə yeniyetməlik çağında olan gənc qızlara naxışlı təndir çörəyinin hazırlanma qaydası öyrədilir. Onlar kökəni təndirdə bişirirlər. Kökələrin isə "obi-non", "patır", "şirma", "loçire", "çevat", "katlama" kimi növləri mövcuddur. Hətta, böyük alim İbn Sina bir çox xəstəlikləri müalicə etməkdə özbək çörəyini yeməyi məsləhət görürdü.

Özbək mətbəxində şorbalar da özünəməxsus yer tutur. Özbəklərdə hər yemək çayla başlayır, çayla bitir. Çayı böyük və qulpsuz kasada - piyalədə təqdim edirlər. Süd məhsullarından "çökələk" və "qatı" adını verdikləri ayran isə süfrələrindən əskik olmur. Özbək milli yeməklərində Orta Asiyadakı digər xalqların mətbəxinə nisbətdə daha çox ədviyyat işlədilir. Sarıkök, çörəkotu, zəfəran, qırmızı bibər, qara bibər, cəfəri, şüyüd, Orta Asiya nanəsi, küncüt toxumu, ən çox da reyhan əvəzedilməz ədviyyatlardır. Özbək yeməkləri çox doyumlu və yüksək kalorilidir.

Öz adət və ənənələrini qoruyub saxlayan özbək türkləri haqqında danışanda bu xalqın qonşu dövlətlərlə münasibətinə də nəzər yetirmək lazımdır.

Azərbaycan və Özbəkistanın qədim köklərə malik tarixi əlaqələri çoxşaxəli xarakter daşıyır. Bu xalqların etnik köklərinin eyniliyi ilk növbədə, çoxsaylı tarixi faktların da sübut etdiyi din birliyini şərtləndirir. Din birliyi memarlıq, ədəbiyyat, miniatür sənətinin inkişafında, ən əsası isə hər iki xalqın mentalitet və dünyagörüşünün oxşarlığında özünü göstərir. Azərbaycan və özbək xalqlarının mənşə, dil, din və folklor baxımından eyniliyi mövcuddur. Qafqaz və Mərkəzi Asiya regionlarının mühüm mərkəzi olan Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi də iki dövləti yaxınlaşdıran amillərdəndir.

Eramızdan əvvəl II əsrdən etibarən Çindən başlayan Böyük İpək Yolunun marşrutlarından biri Orta Asiyada Özbəkistandan, Cənubi Qafqazda isə Azərbaycandan keçib. Bununla da, iki dövlət arasında yeni amil - regionlarda sabitliyin təmin edilməsində siyasi mövqelərin oxşarlığı ortaya çıxmışdır. Bu iki ölkə arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulmuşdur. Ümummilli lider Heydər Əliyevin Özbəkistanla münasibətləri bərpa etməsindən sonra ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr inkişaf etməyə başlamışdır. 1996-cı ilin mayında Özbəkistan Respublikasının keçmiş prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfərindən sonra iki ölkənin dövlət və hökumət rəhbərləri arasında aparılmış danışıqlar, imzalanmış sənədlər Azərbaycan-Özbəkistan əlaqələrini daha da möhkəmləndirmişdir. Bu səfər çərçivəsində 17 hökumətlərarası müqavilə və "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanmış, Əməkdaşlıq üzrə ikitərəfli Hökumətlərarası Birgə Komissiya yaradılmışdır. 1998-ci ilin əvvəllərində ümummilli lider Heydər Əliyev Böyük İpək Yolunun nəqliyyat dəhlizinin bərpası təşəbbüsü ilə çıxış etmiş, həmin ilin sentyabrında isə TRACECA proqramı çərçivəsində Bakıda keçirilən "Tarixi Böyük İpək Yolu" beynəlxalq konfransında Avropa-Qafqaz-Asiya nəqliyyat marşrutunun yaradılması ilə bağlı fikirlər gündəmə çıxmışdı.

Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir. Azərbaycan-Özbəkistan münasibətləri Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bərqərar olan sabitliyin və davamlı inkişafın təmin edilməsində də mühüm rol oynayır. Ticari-iqtisadi münasibətlər ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biridir. Bu sahədə əməkdaşlıq azad ticarət rejimində həyata keçirilir və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Özbəkistan və Azərbaycan investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsində müəyyən uğurlar əldə etmişdir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Bu mənada, Mərkəzi Asiyadan Xəzər dənizinə, daha sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına gedən nəqliyyat marşrutları xüsusi aktuallıq kəsb edir. Özbəkistan-Azərbaycan birgə biznes forumları, eləcə də iqtisadi sahədə həyata keçirilən digər tədbirlər sayəsində əməkdaşlığın yeni sahələri müəyyən edilmiş və bir sıra uğurlar qazanılmışdır.

Özbəkistan Respublikasının sabiq Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri 26-27 may 1996-cı il tarixdə olmuşdur. 21-22 oktyabr 1996-cı ildə Heydər Əliyev Daşkənddə Türkdilli Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində çıxışında bildirmişdi ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edəcəkdir. 1997-ci ilin 18-19 iyununda Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoymuşdur. Rəsmi səfər zamanı iki ölkə arasında 20 sənəd imzalanmış, iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental və hüquqi əsas yaratmışdır. Bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Sənədlərin imzalanması mərasimində çıxış edən Heydər Əliyev demişdir: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin". İki ölkə başçısının görüşündə tərəfləri maraqlandıran məsələlər müzakirə olunmuş, birgə əməkdaşlığın müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılmışdır.

Bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir. 23-24 mart 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına səfəri zamanı, dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetirmişlər.

11-12 sentyabr 2008-ci il tarixində Özbəkistan Respublikasının sabiq Prezidenti İslam Kərimov Azərbaycanda rəsmi səfərdə olmuşdur. İki ölkə prezidentinin təkbətək və geniş tərkibdə görüşündən sonra dövlətlər arasında sənədlərin imzalanma mərasimi keçirildiyi zaman, ətraf mühitin qorunması, informasiya və kommunikasiya texnologiyaları, dəmiryol nəqliyyatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə və kombinə olunmuş daşımaların inkişafına dair tədbirlər, vergi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi, məxfi informasiyanın qarşılıqlı surətdə qorunması, humanitar sahədə, ticari-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında sazişlər imzalanmışdır.

Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, EKO, MDB və Türkdilli Dövlət Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur.

Müasir dövrdə türk xalqları arasında mövcud olan mədəni əlaqələr bu xalqların tarixi keçmişinə əsaslanır. Bakıda böyük özbək şairi Ə.Nəvainin, Daşkənddə isə böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı da bu əlaqələrin bariz nümunəsidir.

Qlobal böhran nəticəsində dünya iqtisadiyyatını bürümüş mənfi tendensiyalar və proseslər fonunda Özbəkistan və Azərbaycan iqtisadiyyatı üçün müsbət göstəricilər səciyyəvidir. Bu isə öz növbəsində, hər iki ölkənin seçdiyi inkişaf modellərinin effektivliyini təsdiqləyir. Bu modellər yeni, sosial istiqamətli iqtisadiyyatının formalaşdırılması prinsiplərini özündə əks etdirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycanın dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində iki ölkə arasında inkişaf edən çoxşaxəli və uzunmüddətli əlaqələr gələcəkdə iki ölkənin strateji tərəfdaşlığının yeni səviyyəyə yüksələcəyindən xəbər verir.

Bu gün iki ölkənin ictimai-siyasi və iqtisadi həyatında baş verən dəyişikliklər, böyük uğurlar qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına şərait yaradır. Qədim tarixə və mədəni irsə malik olan Azərbaycan və Özbəkistan xalqlarının dostluq əlaqələri gələcək münasibətlərin daha da inkişaf etməsinə zəmin yaradır.

Arzu ASİFQIZI,

"Respublika".