“Öz yurdumuzun yerini heç nə vermir”
Region

 “Öz yurdumuzun yerini heç nə vermir”

Şirvan şəhərinin günçıxan hissəsində gözəl bir qəsəbə salınıb. Bu qəsəbə məcburi köçkünlər üçün yeni yaşayış kompleksidir. 

Bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 107-ci qəsəbədir.Qəsəbəyə bir neçə dəfə yolumuz düşüb. Sakinlər hər cür infrastruktura malik olan kompleksdə yaradılmış şəraitdən razılıq edirlər.

Yeni qəsəbəyə Şirvan şəhəri ərazisində 61 yataqxana, məktəb, kirayə və digər inzibati binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan, əsasən, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarından olan 606 məcburi köçkün ailəsi, (1985 nəfər ) köçürülmüşdür.

Ayrılmış 10 hektar torpaq sahəsində tikinti işlərinə 2018-ci ilin dekabr ayında başlanılıb. Yeni yaşayış kompleksində hər biri 9 mərtəbəli olmaqla 13 yaşayış binası inşa edilib. Qəsəbədəki mənzillərdən 64-ü birotaqlı, 298-i ikiotaqlı, 207-i üçotaqlı, 53-ü dördotaqlıdır. Bundan başqa, yaşayış kompleksində 540 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ATS binası tikilmiş, o cümlədən müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılmış, abadlıq və yaşıllaşdırma işləri görülüb. Qəsəbə fasiləsiz  elektrik enerjisi, qaz ilə təmin olunur.

İçməli su təchizatı şəbəkəsi yaradılıb 

Yaşıllaşdırma sahələrinin suvarılması üçün 1 ədəd su anbarı, nasosxana tikilib, sahədaxili suvarma şəbəkəsi çəkilib və 62 ədəd suvarma kranı quraşdırılıb.

Qəsəbəyə qaz xətti çəkilib, qazanxana üçün 1 ədəd qaztənzimləyici məntəqə quraşdırılıb, istilik təchizatı üçün yeraltı beton kanal quraşdırılıb.

“Burada hər cür şərait var,  amma öz yurdumuzun yerini heç nə vermir”. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz  tarixi Qələbədən sonra qəsəbə sakinləri tez-tez bu ifadəni işlədirlər. Cəbrayıl rayonundan məcburi köçkün Ədalət Məmmədov deyir:

-Doğma kəndim Dağ Tumasın işğaldan azad edildiyi xəbərini eşidəndə sanki sevincimdən qanad açıb uçmaq istədim. Müzəffər Ali Baş Komandana, şanlı Ordumuzun igid zabit və əsgərlərinə ailəmiz adından dərin təşəkkürümü bildirirəm. Vətən müharibəsində yaxın adamlarımız Şəhidlik zirvəsinə yüksəlib. Bu qəsəbədə neçə şəhid ata-anası yaşayır. Onların hamısı öz övladları ilə fəxr edir, azğın düşməni darmadağın etdiklərinə, ermənini diz üstə çökdürdüklərinə görə qürur hissi keçirirlər. Bu gün doğma Qarabağda aparılan abadlıq-quruculuq işlərini qürur           və sevinc hissi ilə izləyirik. Bir şeyə təəssüf edirik ki,bu gərgin işlərdə orada çalışan insanlara köməkçi ola bilmirik. Yurda qayıdacağımız günə verilən icazəni səbirsizliklə gözləyirik.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov Şirvan şəhərində məcburi köçkünlər üçün salınan qəsəbədə yaradılmış şəraitdən sakinlərin razılıq etdiyini bildirdi:

-Ünvanımıza gələn müraciətlərdə adamlar dövlət tərəfindən yaradılan şəraitdən razı qalsalar da, tezliklə doğma yerlərə qayıdışın başlanması vaxtını səbirsizliklə gözləyirlər. Qəsəbə sakinləri gözəl həyat şəraiti yaratdıqlarına, daimi qayğı və diqqətə görə ölkə başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirirlər.

Bu gün Azərbaycanın quruculuq eşqi ilə yaşayan mərd oğulları Qarabağda xarüqələr yaradırlar. Yollar çəkilir, yeni “Ağıllı kənd”lər salınır, təyyarə limanı tikilir, elektrik stansiyaları istifadəyə verilir. Tarixən gözəl olan Qarabağ daha da gözəlləşir. Şirvan şəhərində salınmış qəsəbədə yaşayanlar haqlıdırlar; “Doğma torpağın yerini həqiqətən heç nə verə bilməz”...                                              

                                                        Tofiq HÜSEYN,

                                                      “Respublika”.