Orxan Alptekin: Azərbaycan və Türkiyə qardaşlığı əbədi yaşayacaq
MÜSAHİBƏLƏR

Orxan Alptekin: Azərbaycan və Türkiyə qardaşlığı əbədi yaşayacaq

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız arasındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının iştirakçısı Ankara Türk Dünyası Musiqisi və Xalq Rəqsləri Ansamblının bədii rəhbər köməkçisi Orxan Alptekin deyib.

Müqəddəs Qarabağ torpaqlarında 30 ilin həyəcanını, həsrətini və xoşbəxtliyini yaşadığını söyləyən O.Alptekin Şuşada olmasından qürur hissi keçirdiyini söyləyib: "Şuşada Azərbaycan bayrağının dalğalandırılması, 30 il əvvəl olduğu kimi yaşamaq həqiqətən də insana böyük xoşbəxtlik verir. Şuşa Azərbaycandır, Qarabağ Azərbaycandır! Azərbaycan hər zaman yaşayacaq. Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə qardaşlığı əbədi yaşayacaq".

AZƏRTAC