ORDUMUZUN ERMƏNİSTANIN TƏXRİBATLARINA SARSIDICI CAVABI
Digər xəbərlər

ORDUMUZUN ERMƏNİSTANIN TƏXRİBATLARINA SARSIDICI CAVABI

Ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələr nəzarətə götürülüb

Bədnam qonşumuzun ordu qüvvələrinin sentyabrın 12-si gecə və 13-ü gündüz saatlarında törətdikləri təxribatlardan sonra Azərbaycan Silahlı Qüvvələri sürətli və təxirəsalınmaz cavab tədbirləri həyata keçirmiş, nəticədə Daşkəsən, Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi, texnikası və s. zərərsizləşdirilmişdir. Sərhədin müəyyən olunmuş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələri və hava hücumundan müdafiə sistemləri yararsız hala gətirilmişdir.

Ermənistanın təxribatı birmənalı şəkildə beynəlxalq hüququn hamı tərəfindən tanınmış prinsip və normalarının, Azərbaycan və Rusiya Federasiyasının prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinin artıq neçənci dəfədir ki, bilərəkdən və kobud surətdə pozulması deməkdir. Azərbaycan-Ermənistan dövlət sərhədinin sözügedən istiqamətlərdə ermənilər tərəfindən belə bir genişmiqyaslı təxribatın törədilməsi hərbi qulluqçular arasında itkilərin olması ilə yanaşı, xidməti vəzifələrini yerinə yetirən mülki şəxslərin və hərbi qulluqçuların təhlükəsizliyinə, sağlamlıqlarına açıq-aşkar təhdid və müdaxilə kimi dəyərləndirilir. Xüsusilə də qaranlıq hava şəraitində ərazinin relyefindən istifadə etməklə müxtəlif istiqamətlərdə suveren torpaqlarımızın, o cümlədən genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı yerlərin, təminat yollarının minalanması heç nə ilə izah oluna bilməz. Şübhə yoxdur ki, Ermənistan bu addımı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan mühüm işləri ləngitməyə, keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıdışını yubatmağa cəhd göstərir.

Təsadüfi deyil ki, şanlı Azərbaycan Ordusunun cavabı qətiyyətli və ildırımsürətli olmuşdur. Görəsən, Silahlı Qüvvələrimizin mövqelərini hədəfə alan erməni ordusu nə düşünürdü? Ola bilsin, onlar Paşinyanın Vladivostokdakı çıxışında həmin bu avantüranın anonsunu eşidib ruhlandılar. Belə ağılsızlığın nəticəsi isə özünü çox gözlətmədi - Ermənistanın hərbi nöqtələri, şəxsi heyəti ilə birlikdə məhv edildi. Eyni zamanda, Silahlı Qüvvələrimiz respublikamızın sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarət altına aldı. Miqyas baxımından kiçik, lokal səciyyəvi cavab tədbirləri ilə Azərbaycan istədiyi hədəflərə nail olmaqla düşmənin hərbi qüvvələrinə növbəti dəfə sarsıdıcı zərbə endirdi. Hər şeydən əvvəl, ermənilərin Azərbaycanla sərhəddə - Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və Azərbaycana təhdid yarada biləcək bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Bu infrastrukturun bərpa olunması üçün isə minimum 4-5 il lazım gələcək.

Rəşadətli Ordumuzun yüksək peşəkarlıqla həyata keçirdiyi bu əməliyyat nəticəsində Ermənistan 150-200 hərbi qulluqçusunu itirib, yaralanan əsgər və zabitlərin sayı isə bundan bir neçə dəfə artıqdır. Ordumuz şəhid versə də, tökülən qanların qisası artıqlaması ilə alınıb.

Göründüyü kimi, Ermənistan, onun hərbi qüvvələri və rəhbərliyi tarixin dərslərindən nəticə çıxarmaq niyyətində deyil. Hər dəfə başı əzilən nankor qonşularımız təxribatlarına son qoymaq haqqında ciddi-ciddi düşünməlidir. Çünki göründüyü kimi, cavablar kəskin olur və düşmən tərəfindən daha böyük itkilərə gətirib çıxarır.

Ara-sıra ermənilər revanş, hərbi əməliyyatlar, hücumlar haqqında anormal xəyallarla 44 günlük Vətən müharibəsində acı, biabırçı məğlubiyyətlərini öz aləmlərində kompensasiya etməyə çalışır, təxribatlarını reallaşdırmaq üçün məqam axtarırdılar. İstər Qarabağ bölgəsində, istərsə də sərhəd boyunca belə təxribatların sayı artmışdı. Azərbaycan Silahlı Qüvvələri cəmi yeddi saat ərzində davam etmiş unikal əməliyyat həyata keçirməklə, ermənilərin bütün bu istək və niyyətlərinin üstündən xətt çəkdi.

Ermənistan nəhayət dərk etməlidir ki, Azərbaycanın səbrini belə təxribatlar vasitəsilə sınağa çəkmək olmaz, bu, onlar üçün faciəli sonluqla nəticələnə bilər, necə ki, oldu. Hansısa qüvvələrə, nəyəsə arxalanıb Azərbaycanı fakt qarşısında qoymaq mümkünsüzdür.

Emin QASIMOV,

"Respublika".