Ordumuz modernləşir
Siyasət

Ordumuz modernləşir

"Bizim ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. Hərbçilərimiz böyük fədakarlıq göstərmişlər, sözün əsl mənasında ölümə gedirdilər və 3 minə yaxın övladımız şəhid olmuşdur. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyil".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib. Dövlət başçısı ölkədə həyata keçirilən sosial islahatlardan danışarkən deyib: "Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm ki, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq".

Ordu quruculuğu... Cəmiyyətin digər sahələrində olduğu kimi, ordu quruculuğunun da özünəməxsus obyektiv qanunauyğunluqları var. Doğrudur, bütün ölkələrdə ordu quruculuğu üçün ümumi cəhətlər çoxluq təşkil edir, lakin bu proses hər bir ölkəyə xas olan xarakterik xüsusiyyətlərlə müşayiət olunur.

Azərbaycanın Ordu quruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyğusu əsas prinsiplərdən biri olub. Belə ki, hər bir zabit və əsgər özünün tarixini, keçmişini, kökünü, soyunu bilməli, onlara qırılmaz tellərlə bağlı olmalıdır. Azərbaycan Demokratik Respublikasının 23 aylıq hakimiyyəti dövründə silahlı qüvvələr yaradılarkən də məhz bu milli xüsusiyyətlər nəzərə alınıb. Yenidən müstəqilliyə qovuşduqdan, ulu öndər 1993-cü ildən hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan Ordusu bu ruhda formalaşdırıldı. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizamlı müasir səviyyəli ordunun qurulması prosesinə start verildi, Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə tamamilə yeni mərhələyə qədəm qoydu.

Hazırda Azərbaycan dövləti yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.

Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır. Ölkəmiz qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və s. ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir. Türkiyə, Rusiya, Pakistan, İsrail dövlətləri, NATO bloku ilə əməkdaşlıq xüsusi çəkiyə malikdir. Təbii ki, hərbi sahədə də ən mühüm tərəfdaşımız qardaş Türkiyə Respublikasıdır.

2010-cu il sentyabrın 15-də imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilə Azərbaycan-Türkiyə hərbi əlaqələrinin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu müqavilə ilə Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradıldı. Müqavilənin 2-ci maddəsinə görə, tərəflərdən biri hərbi təcavüzə məruz qaldıqda tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və güclərindən istifadə etmək də daxil olmaqla, bütün zəruri tədbirlərin görülməsi məqsədilə bir-birinə qarşılıqlı yardım göstərməlidirlər. Bu sənəd iki qardaş ölkənin hərbi ittifaq müqaviləsi kimi də dəyərləndirilə bilər.

2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə tarixi səfərləri və burada imzaladıqları Şuşa Bəyannaməsi Azərbaycanın hərbi qüdrətinin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və çoxsaylı birgə təlimlər də bu əməkdaşlığın əsas istiqamətlərindəndir.

Azərbaycan qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzaladıqdan sonra orduda müəyyən islahatların aparılması, birgə təlimlərin keçirilməsi istiqamətində mühüm işlər görüldü. 2021-ci il ərzində hərbçilərimizin daha müasir döyüş taktikalarına yiyənlənməsi və bacarıqlarının daha da inkişaf etdirilməsi üçün Azərbaycan-Türkiyə-Pakistan "Üç qardaş-2021" adlı beynəlxalq təlimi, çoxsaylı Azərbaycan-Türkiyə təlimləri keçirildi.

2021-ci ildə komando birliklərinin yaradılması da mühüm hadisələrdən biri oldu. Azərbaycan Ordusu 2021-ci ili postmüharibə dövründə böyük işlər apararaq Ali Baş Komandan tərəfindən qarşısına qoyulan bütün vəzifələri uğurla yerinə yetirməklə başa vurdu. Təbii ki, əvvəlki ilin uğurları gələcəkdə yenilərinə zəmin yaradır. Bu mənada, 2021-ci il həm də hərbi baxımdan tədqiqatlar ili oldu. Azərbaycan Ordusu 2022-ci ilə də uğurla qədəm qoydu, ölkəmizin müdafiə qüdrətinin güclənməsini təmin etdi.

Yola saldığımız 2022-ci ildə Azə

rbaycan dost ölkələrlə hərbi sahədə əməkdaşlığa böyük üstünlük verib. Belə ki, ötən ilin oktyabrında Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə "Etenity-2022" kompüter dəstəkli komando-qərargah təlimi baş tutub. Hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib.

Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən ötən ilin dekabrında Azərbaycan-Türkiyə birgə təlimləri davam etdirilib. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə etmişdir.

"Qardaş yumruğu" adlanan birgə təlimdə Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetirdilər.

2023-cü ilin əvvəllərində isə Qarsda Azərbaycan və Türkiyə hərbçilərinin növbəti birgə hərbi təlimləri baş tutacaq. "Qış-2023" hərbi təlimində iştirak edəcək Azərbaycan Silahlı Qüvvvələrinin qəhrəman hərbçiləri artıq Qarsdadır.

Əlbəttə, bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu modernləşir. 2020-ci il Vətən müharibəsi qalibiyyətlə başa çatandan sonra orduda müxtəlif təyinatlı hərbi hissələrin yaradılması, sursat arsenalının qısa zamanda gücləndirilməsi istiqamətində görülən işlər, üstəlik texnologiyanın Silahlı Qüvvələrə sintezi ordumuzun gücünü tamamilə dəyişib. "Global Firepower" portalında Azərbaycan ordusu 157 ölkənin ordusu arasında 57-ci pillədə göstərilir. 5-ci nəsil silahlarla zənginləşdirilən Azərbaycan Ordusu gündən-günə güclənir.

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib: "Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır".

Zümrüd QURBANQIZI,

"Respublika".