ORDEN VƏ MEDALLAR ŞƏHİDLƏRİN AİLƏLƏRİNƏ TƏQDİM EDİLİB
Digər xəbərlər

ORDEN VƏ MEDALLAR ŞƏHİDLƏRİN AİLƏLƏRİNƏ TƏQDİM EDİLİB

DAŞKƏSƏN

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirərək Vətən müharibəsi və Ermənistanın sentyabr təxribatı zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunan orden və medalları ailələrinə təqdim edib.

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsi, şəhidlərin ailə üzvləri və qazilər iştirak ediblər. Bildirilib ki, şanlı qələbənin qazanılmasında Ermənistanla həmsərhəd və cəbhə rayonu olan Daşkəsəndən də yüzlərlə gənc iştirak etmiş və onlardan 34 nəfər müqəddəs şəhidlik zirvəsinə yüksələrək ölkə Prezidenti İlham Əliyev tərəfindən çoxsaylı orden və medallarla təltif olunmuşlar.

Şəhid ailələri və qazilər onlara göstərilən həssas münasibətə və hərtərəfli dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".

 

KÜRDƏMIR

44 günlük Vətən müharibəsinə uzanan yolun bir başlanğıcı da Kürdəmir rayonundan oldu. Bu yurddan döyüşlərə yollanan oğullardan bir neçəsi düşmən üzərində qazanılan tarixi Zəfərdə əsl qəhrəmanlıq nümunəsi göstərib şəhidlik zirvəsinə yüksəldilər.

Kürdəmirlilər igid oğullarının xatirəsini daim əziz tuturlar. Ölkə Prezidenti İlham Əliyev 2022-ci ilin 5 noyabr tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında igidlik və mərdlik göstərmiş Kürdəmir rayon şəhidlərini "3-cü dərəcəli Vətənə xidmətə görə" ordenləri ilə təltif etmişdir. Bu günlərdə həmin ordenlər şəhidlərin ailə üzvlərinə təqdim edildi.

Baş leytenant Fərrux Hüseynov, baş gizir Ramil Quliyev, gizir Cəmil Həşimli, kiçik çavuş Əli Məmmədov, əsgərlər Adəm Əliyev, Səid Bayramov, İlqar Əhmədov və Şiralı Səlimovun valideynləri övladlarının döyüş şücaətini yüksək qiymətləndirdiyinə görə dövlət başçımıza minnətdarlıqlarını bildirdilər.

Tofiq HÜSEYN,

"Respublika".