“OPEC+”un qərarı neftin qiymətinin artımı ilə nəticələnəcək
Digər xəbərlər

“OPEC+”un qərarı neftin qiymətinin artımı ilə nəticələnəcək

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra “OPEC+” ölkələri 2023-cü ilin mayından etibarənneft hasilatını azaltmaqla bağlı qərar qəbul edib. Rusiyanın ixtisarı da daxil olmaqla potensial 1,6 milyon barel neft "OPEC+" üzvləri tərəfindən hasil edilməyəcək. Artıq Qazaxıstan gündəlik neft hasilatını 78 min barel azaldacağını açıqlayıb. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi də hasilatını gündəlik 500 min barel azaltmaq qərarına gəlib. İqtisadçı Xalid Kərimli deyir ki, hasilatın könüllü şəkildə azaldılması qərarı bir sıra “OPEC+” ölkələri ilə razılaşdırılaraq qəbul edilib və bu, neft bazarında sabitliyin qorunmasına yönəlmiş qabaqlayıcı tədbirdir. Onun sözlərinə görə, ötən ilin fevral ayında dünya bazarlarında xam neftin qiymətində kəskin bahalaşma baş versə də, yay və payız aylarında qiymətlər aşağı düşməyə başladı. Bu ilin mart ayında dünya bazarlarında ucuzlaşmanı nəzərə alaraq “OPEC+” qiymətlərin sabitləşməsinə nail olmağa çalışır. İqtisadçının sözlərinə görə, mart ayında bank böhranı zəminində dünya iqtisadiyyatının resessiyaya girəcəyinə dair gözləntilərin artması da “OPEC+” ölkələrini  narahat edir. Hasilatın qismən azaldılması isə bazarlarda neftin bir barelinin qiymətinin 10 ABŞ dollarınadək artması ilə nəticələnə bilər ki, bu da Moskvaya sərf edir. Həm bu ehtimal, həm də maraqlarına uyğun olmayan bir sıra məqamlar birbaşa olaraq Birləşmiş Ştatları təşvişə salır. Bu səbəbdən də rəsmi Vaşinqton “OPEC+”un qərarını qlobal iqtisadiyyat üçün faydasız adlandırıb.

Amma Birləşmiş Ştatların bu reaksiyası heç də sadəcə iqtisadi səbəblərdən qaynaqlanmır. Belə ki, təşkilatın öz maraqlarına uyğun davrandığı bildirilsə də, bir növ anti-Amerika mövqeyindən çıxış etməsi də gözdən qaçmır. Bu onunla əsaslandırılır ki, Birləşmiş Ştatların arxa bağçası kimi görülən Səudiyyə Ərəbistanı son dövrdə Rusiya və Çinlə əlaqələr quraraq bu mövqeyindən uzaqlaşmağa çalışır. Hadisələrin bu istiqamətdə inkişafı isə qərbin bazara nəzarətini itirməsi deməkdir.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, son dövrlərdə tez-tez Çin və Rusiya arasında əməkdaşlığın genişləndiriləcəyinə dair xəbərlərlə rastlaşırıq. Moskvanın Tehranla da sıx əlaqələr qurduğu, bu münasibətlərin gələn ay strateji tərəfdaşlıq səviyyəsinə çatdırılacağı məlumdur. Hazırda belə bir mənzərə formalaşıb ki, Pekin mərkəzi Çin olan yeni güc mərkəzi  qurur və bu prosesdə Rusiya və Çin Administrasiyaları ilə birgə hərəkət edir. 3-lər ittifaqının formalaşması isə onların Birləşmiş Ştatlara meydan oxuması ilə paralel şəkildə baş verir. Ağ Ev indiyə qədər bu prosesə necə cavab verəcəyini müəyyənləşdirməyib. Yəni ən azından hansısa real addım atdığını görmürük. Bununla belə, indi Bayden hökuməti özünü hədəf alan ittifaqın genişlənməsi riski ilə qarşı-qarşıyadır. Belə ki, Səudiyyə Ərəbistanı əvvəlcə Pekinin vasitəçiliyi ilə İranla münasibətlərini normallaşdırdı, indi isə neft hasilatını azaltmaqla bağlı Rusiya ilə birgə addımlar atır. Bu da Ər-Riyadın yavaş-yavaş 3-lər ittifaqına daxil olduğunu deməyə əsas verir.

Birləşmiş Ştatların bu proseslərə verəcəyi cavaba gəlincə, Ağ Ev hələlik ona qarşı edilən demarşlara susur. Amma bunu nəzərə almalıdır ki, elə Səudiyyə Ərəbistanının aktivləşməsi məhz Birləşmiş Ştatların Rusiya, Çin və İran müttəfiqliyinə təcili cavab verməməsindən qaynaqlanır. Bu isə onu göstərir ki, növbəti mərhələdə Vaşinqtona açıq şəkildə meydan oxuyan 3-lər ittifaqına ABŞ-ın hegemoniyasından narahat olan digər Körfəz ölkələri də qoşula bilər.

Jalə QASIMZADƏ,

“Respublika”.