Onlar hər bir evin gülü, çiçəyi, dünyanın sevincidir
Sosial həyat

Onlar hər bir evin gülü, çiçəyi, dünyanın sevincidir

BMT tərəfindən hər il dekabrın 11-i Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd olunur

Hər bir ailənin sevinci, xoşbəxtliyi, gələcəyə olan inamıdır uşaqlar. Uşaq səsi ilə açılan sabahlar, bitib-tükənməyən uşaq qayğıları ilə keçən günlər bəlkə də həyatın ən mənalı anlarıdır. Uşaq böyütmək, onu sağlam düşüncəli, saf əqidəli, bilikli, dünyagörüşlü, vətənpərvər bir insan olaraq cəmiyyətə təqdim etmək isə sözün həqiqi mənasında əsl qəhrəmanlıqdır. Çünki körpə ikən əzizlədiyimiz, məktəbli çağında biliklərə yiyələndirdiyimiz övladlarımız xalqımızın, millətimizin sabahı, gələcəyidir. Sabaha atılan əmin addımlar, möhkəm təməllər isə birmənalı olaraq qüdrətli, güclü dövlətin qarantıdır.

Bu mənada uşaqlara qayğı göstərmək, onların sağlam böyümələrinə, keyfiyyətli təhsil almalarına, hərtərəfli inkişafına diqqətlə yanaşmaq dövlətimizin həyata keçirdiyi daxili siyasətin əsas istiqamətlərindəndir. Uşaqlara olan qayğını, diqqətini özünün ali vəzifələrindən hesab edən Azərbaycan dövləti bu istiqamətdə bütün dövrlərdə əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Bu bir həqiqətdir ki, hər bir uşağın gələcək inkişafının əsas təməli onun kiçik yaşlarında aldığı təhsili zamanı qoyulur. Bu baxımdan, ölkəmizdə təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını təmin etməklə uşaqların hərtərəfli biliklərə yiyələnməsi üçün hər cür şərait yaradılmış, onların sağlam böyümələri üçün səhiyyə sahəsində genişmiqyaslı islahatlar aparılmışdır. Eyni zamanda, xüsusi istedada sahib olan uşaqların inkişaf etdirilməsi istiqamətində də zəruri addımlar atılmışdır. Uşaqlara həssaslıqla yanaşan ulu öndər Heydər Əliyev onların yaşayış tərzini, təhsilini, inkişafını hər zaman diqqət mərkəzində saxlamış və bunun üçün geniş imkanlar yaratmışdır. Ulu öndərin ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində atdığı mühüm addımlardan biri də 1998-ci il may ayının 19-da imzaladığı "Uşaq hüquqları haqqında" Qanundur. Qanunun 8-ci maddəsində deyilir: "Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür".

1994-cü ildə ulu öndərin şəxsi təşəbbüsü ilə Azərbaycanın BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulması ölkəmizdə uşaqlara olan qayğının daha da artırılması, hüquqlarının qorunması və cəmiyyətdə uşaqlara olan münasibətin qanun əsasında qurulması üçün zəmin yaratmışdır. Beynəlxalq təşkilat olan UNİCEF-lə əməkdaşlıq bu istiqamətdə həyata keçirilən mühüm işlərdəndir. Belə ki, BMT tərəfindən hər il dekabr ayının 11-i Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd edilir və həmin gün dünyanın 100-dən çox ölkəsinin minlərlə televiziya ekranlarında, radio dalğalarında uşaqlar beynəlxalq televiziya və radio gününü UNİCEF-lə birlikdə sevinirlər, dünyanın bütün aparıcı teleradio şirkətləri efiri uşaqların və uşaq verilişlərinin ixtiyarına verir. İl ərzində daim uşaqlara aid verilişlər verilməsinə, istedadlarının televiziya və radio vasitəsilə təbliğ olunmasına və bu istedadın inkişaf etdirilməsi yollarının müəyyən edilməsinə yönəlmiş verilişlərin yayımlanmasına baxmayaraq, hər il dekabr ayının 11-də Azərbaycanın televiziyası və radiosunda da uşaqlar öz günlərini qeyd edirlər. Bu günün qeyd edilməsinin əsası uşaqları həddindən çox sevən və onlara olan qayğısını heç bir zaman əsirgəməyən ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də bu ənənənə davam etdirilir.

Hələ 1998-ci ildə Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir: "...Ancaq mən öz təəssüratımı deyirəm, - hansı mərasimdə, hansı konsertdə uşaqlar çıxış edirsə, öz istedadlarını göstərirsə, onların çıxışları tamaşaçılara, dinləyicilərə bütün tanınmış sənət ustalarının çıxışlarından daha da çox təsir bağışlayır. Eləcə də televiziya ilə. Bu, təbiidir. Çünki böyük sənət ustası, peşəkar incəsənət xadimi öz istedadını, öz sənətini nümayiş etdirmək üçün böyük bir yol keçibdir. Ancaq 5-6 yaşında, yaxud da 10-12 yaşında uşaq bir mahnı oxuyursa, rəqs edirsə, gözəl bir şeiri istedadla, həvəslə oxuyursa, bu, daha da çox sevindirir. Çünki burada nə hazırlıq var, nə uşaq böyük bir məktəb keçibdir. Sadəcə olaraq, uşaq öz istedadını ifadə edir. İstedadlar da Azarbaycanda coxdur. Elə bu gün biz burada nə qədər istedadlı uşaqlar görürük".

Bu gün müstəqil, qalib Azərbaycan ən qiymətli sərvəti olan uşaqların xoşbəxt yaşamaları, eyni hüquqa, eyni imkanlara və həyat şəraitinə, mümkün ola biləcək ən yaxşı gələcəyə sahib olmaları üçün daha ciddi addımlar atır. Artıq iki ildir ki, qalib ölkəmizin övladları 11 dekabr - Uşaqların Beynəlxalq Televiziya və Radio Günündə televiziya verilişlərində, radio kanallarında Azərbaycanın möhtəşəm zəfər marşını oxuyurlar.

Mehparə ƏLİYEVA,

"Respublika".