Onlar bizim fəxrlərimizdir
Region

Onlar bizim fəxrlərimizdir

Doğma  vətənimizin  bütövlüyü  uğrunda   44  gün  davam  edən  bu  savaş  milli  həmrəyliyimizin  rəmzinə  çevrildi,  qürur  mənbəyimiz  kimi  şanlı  tariximizə  əbədi  həkk  olundu.   Bu  müharibədə  rəşadətlə  döyüşən,  düşmənə  göz  acmağa  imkan  verməyən   Azərbaycan  Silahlı  Qüvvələrinin  şəxsi  heyəti  öz  mübarizliyi  ilə  yenilməzlik  simvoluna  çevrildi. Müharibə  heç  vaxt  itkisiz  olmur,  həm  də  torpaq  uğrunda  ölən  varsa,  Vətəndir.   44  günlük  Vətən  müharibəsində  oğullarımız  ölümün  gözünə  dik  baxdılar,  şahadət  zirvəsinə  ucaldılar.   İşğaldan  azad  olunmuş    vətən  torpaqlarımız  şəhidlərimizin  qanı  ilə  daha  da  müqəddəsləşdi.  Şəhidlərimizin  qanı  yerdə  qalmadı,  hər  birinin  qisası  döyüş  meydanlarında  alındı.  Bu  gün  şəhid  ailələri,  övladları  qazilərimiz,  dövlət  tərəfindən  diqqət  və  qayğı  ilə  əhatə  olunub.    Cəlilabad  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Rafiq  Cəlilov   və  Aparatın  məsul  əməkdaşları   Türkiyə Respublikasından   müalicədən  qayıdan   Vətən  müharibəsi  qazisi  Xəlilov  Saleh  Aydınəli  oğlunu evində  ziyarət  edib  ailəsi  ilə  görüşdü.

Rafiq   Cəlilov  görüşdə Prezident,  Müzəffər  Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə Vətən  müharibəsində  qazanılan  qələbənin  tarixi  əhəmiyyətindən,  bu  qələbədə  Silahlı Qüvvələrimizin,  onun  sıralarında  döyüşən  cəlilabadlı  əsgər  və  zabitlərin  şücaətindən,  ölkəmizdə  şəhidlərimizin  ailələrinə  və  qazilərə,  eləcə  də  döyüşçülərə  göstərilən  dövlət  qayğısından danışdı. 

Görüşdə  qazi  Saleh  Xəlilov  cəbhə  xatirələrindən,  keçdikləri   şərəfli   döyüş  yolundan  danışdı.    Azərbaycan   Respublikasının  Silahlı  Qüvvələrində  MAHHXHQ  kimi xidmət  edən   Saleh  Xəlilov  Vətən müharibəsində  Daşaltı  döyüşlərində  ağır  yaralanmışdır.  S.Xəlilov  “YAŞAT”  Fondu  tərəfindən  2021-ci ilin dekabr  ayından  Türkiyə  Respublikasına  müalicəyə  göndərilmiş,  2022-ci ilin yanvar  ayının  22-də müalicədən  qayıdıb.

Azərbaycanın  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarına  qatılan  və  hərbi hissə    qarşısında  qoyulmuş   tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə   Azərbaycan  Prezidenti   İlham  Əliyevin  müvafiq  sərəncamlarına  əsasən  Xəlilov Saleh  Aydınəli  oğlu  “Cəsur döyüşçü”  və  “Füzulinin  azad  olunmasına  görə”  medalları  ilə təltif  edilib.

Məlumat  üçün bildiririk ki, Saleh  Xəlilov  qardaşları  Taleh  Xəlilov,  Əli  Xəlilov  və  Anar  Xəlilov  Vətən müharibəsi  iştirakçılarıdır.

Rafiq  Cəlilov   vətənimizə,   ordumuza   qəhrəman  övladlar  böyütdüyü  üçün  Aydınəli  Xəlilova  təşəkkürünü   bildirdi. Aydınəli  Xəlilov  və  qazi  övladı Saleh  Xəlilov  göstərilən  diqqət  və qayğıya  görə  dövlətimizin başçısı  İlham  Əliyevə və   Birinci  vitse- prezident  Mehriban  xanım  Əliyevaya   minnətdarlıqlarını bildirdilər.

                       Ərəstun   ABDULOV,

                      “Respublika”.