Ömrünə bal dadı qatanlar
Region

Ömrünə bal dadı qatanlar

Kəlbəcərə gedən köçkünlər sırasında mal-qara, davarlarla yanaşı, arı ailələri də var. Fermerlər səfalı yerlərə binə olduqları qısa müddət ərzində arı ailələrinin yaxşı “işlədiyini”, şanlardan tezliklə keyfiyyətli bal götürəcəklərini, balı dünya bazarlarına çıxara biləcəklərini deyirlər. Çox yaxşı. Kəlbəcərin min bir dərdin dərmanı olan gülündən-çiçəyindən qidalanan arıların  balı heç şübhəsiz ki, bazarlara brend məhsul kimi yol tapacaqdır. Ölkədə arıçılıq peşəsinə könül verənlər isə təkcə kəlbəcərlilərdən ibarət deyil. Kənd təsərrüfatının əsas sahələrindən olan arıçılıq-bal arılarının yetişdirilməsini,  çoxalmasını,  saxlanmasını,  bitkilərin tozlanmasında onlardan istifadə edilməsini,  arıçılıq məhsullarının istehsalını və emalını əhatə edir.  Statistikadan alınan məlumata görə,  keçən il 32. 340 təsərrüfatda bəslənən 596, 7 min arı ailəsindən 6. 647, 2 ton bal istehsal edilmişdir.

Respublikada  arıçılığın inkişafına dövlət səviyyəsində qayğı və diqqət göstərilir. Dövlət başçısının 2018-ci ildə  “Arıçılığın inkişafının stimullaşdırılması haqqında” imzaladığı sərəncama əsasən hər arı ailəsinə görə 10 manat həcmində subsidiya ödənilir. Bu isə arıçılığın inkişafına köməklik  etməklə yanaşı,  regionlarda məşğulluğun yaranmasına müsbət təsir göstərir.  Başqa bir statistik rəqəm arıçılığın inkişafında hələ bundan sonra daha çox işlərin görülməli olduğuna dəlalət edir. Belə ki,  ölkədə adambaşına il ərzində 500 qram bal düşür ki,  bu da Türkiyə,  İsveçrə,  Ukrayna kimi ölkələrlə müqayisədə azdır.

İnkişaf yollarını axtarıb tapmaq,  əlbəttə,  mütəxəssislərin işidir və iqtisadiyyatımızın bütün sahələrində  olduğu kimi,  bu işdə də səmərəli nəticələr əldə edəcəyik. Amma yerlərdə öz ömrünü bu gözəl peşəyə həsr edən arıçıların da fikrini öyrənmək istədik. Aydın məsələdir ki,  arıçılıq iri şəhərlərdə deyil,  əyalətlərdə özünə ünvan tapır,  arı öz qidasını da yerlərdəki bağ-bağatdan götürür. Yeri gəlmişkən deyək ki,  saatda 65 kilometr sürətlə hərəkət edən arılar 15 kilometr məsafə qət edirlər. Son dərəcə təmiz xislətli unikal varlıq yaxşı qida yeri tapa bildiyi halda,  növbəti gün öz ailəsini də tapdığı ünvana aparır. Arı uçduğu istiqamətdə,   yolu azmadan  geri qayıdır,  tanıdığı isə iki şey var: öz yeşiyi və xidmətçisi...

Əyalətdə çalışıb uzun illər boyu bal istehsal edən,  öz ömrünü arı ömrünə qatan arıçılarla bu gəlirli,  maraqlı,  həm də xeyli çətin peşənin qayğıları barədə  söhbətlər etdik. Onlardan biri--Kürdəmir rayon sakini Tərlan Məmmədov Kəlbəcərə arı ailələrinin köç etdiyini eşidəndə mənə telefon açdı:

- İnşallah tezliklə biz də öz yeşiklərimizi Kəlbəcərə daşıyarıq. Oranın balı ələ düşən deyil.  

Tərlan Məmmədov 20 il bundan əvvəl rayonda rəhbər vəzifədə çalışırdı. Vəzifədən öz ərizəsi ilə ayrılıb arıçılıqla məşğul olmağa başladı. Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyatdan keçdi. Bütün prosedurları mövcud qanunlar çərçivəsində həll etdi. Arı ailələrinin sayını artırdı. Uzun illərdir ki,  dolanışığı əldə etdiyi məhsuldan çıxır. Yarmarkalara getmir,  yaxşı ad çıxardığına görə öz müştəriləri balı gəlib qapısından alırlar. Öz təbii şəraitinə və iqliminə görə Kəlbəcərlə Kürdəmir arasında xeyli fərq olsa da,  peşənin sirlərinə bələd olan Tərlan Məmmədov  işin çəmini tapıb. Onun fikrincə, arılara xidmətin özü böyük elmdir, gərək o elmin dərinliklərini fəth etməyi bacarasan.

Tərlan deyir:

-Azərbaycan balı dünyanın bütün ölkələrində istehsal olunan məhsullarla rəqabətə girə bilər. Təəssüf ki, “xarici bal” adı ilə ölkəyə gətirilən məhsullar bəzən aşağı keyfiyyətdə olur, buna baxmayaraq, bazarı zəbt edir. Arıçı tanışlarım var ki, illərlə öz məhsullarını sata bilmirlər. Ayrı-ayrı şirkətlər isə, onların məhsulunu ya ucuz qiymətə istəyir, ya da ümumiyyətlə, imtina edirlər. Mən çox istərdim ki, respublikanın  şimal, cənub, şərq, qərb-4 istiqamətində Bal məhsulu qəbul edən məntəqələr yaradılsın. Necə ki, barama, fındıq, digər məhsulların qəbulu məntəqələri var. Xüsusi laboratoriyalarda balın  keyfiyyəti yoxlanılsın,  qiymət qoyulandan sonra məhsulun haqqı ödənilib  təhvil götürülsün. Biz hazırda vergi ödəyicisi deyilik, qanun çərçivəsində belə bir təşkilati iş baş versə, biz həm də vergi ödəyicisi olarıq.  

Bu, arıçı Tərlan Məmmədovun fikridir. Çox güman ki, arıçılıq təsərrüfatını inkişaf etdirməkdə daha səmərəli təkliflər ola bilər.

Amma digər bir hadisə Tərlanın fikrinə haqq qazandırır. O, deyir:

- Bir dəfə Bakıda bir şirkətə müraciət etdim. Dedilər,  nümunə göndər,  yoxlayaq,  əgər yaxşı olsa,  məhsulu qəbul edərik. Göndərdim, cavab gəlmədi, aradan bir müddət keçəndən sonra şirkətə yollandım və qəribə cavab eşitdim; “sizin bal dediyiniz qiymətə  bizə sərf eləmir,  ucuz mal alıb yaraşıqlı qablarda qablaşdırır,  keyfiyyətli məhsul adına baha qiymətə satırıq”...

Bu da həqiqətdir və hər birimiz bu,  ya da buna bənzər olayla rastlaşmışıq.  Təkcə qidalanmaya  deyil,  həm də sağlamlığa kömək edən  bu əvəzsiz nemətin ticarətində  ən yaxşı,  ən mütərəqqi  üsullar tətbiq olunmalıdır.

Tofiq HÜSEYN,

   “Respublika”.