Ömrün şərəf və qürur səhifəsi
Region

 Ömrün şərəf və qürur səhifəsi

Vətən müharibəsində düşməni diz çökdürən oğullar öz qanı bahasına  xalqımıza Zəfər bayramı yaşatdılar. Sərkərdə, xalq və ordu birliyi çox qısa bir vaxtda Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Qarabağı azad edən oğullarla fəxr edirik, Qarabağ azaddır, doğma yurd yerləri indi yolumuzu gözləyir. Öz dədə- baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən Birinci Qarabağ müharibəsində 146 nəfər şəhid və 300 nəfərdən çox insan əlil olub. Ermənilər tərəfindən girov götürülən 110 nəfər dinc sakindən 49-u əsir və girovluqda məhv edilib. Ağır faciə xocavəndliləri heç zaman ruhdan salmayıb. Vətən müharibəsinin ilk günlərindən  xocavəndlilər döyüşlərə atılıb. 200 nəfər xocavəndli gənc döyüşlərdə iştirak edib. Onlardan 41 nəfəri yaralanıb, 8 nəfər isə şəhid olub. Onlardan biri də Tuğ kənd sakini Tural Abdullayevdir. Tural müharibənin ilk günlərindən döyüşlərə qatılıb, düşmənə qarşı igidliklə savaşıb. 2020-ci il oktyabrın 24-də Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmanlıqla həlak olub.

Bu günlərdə şəhidin doğum günü münasibətilə Xocavənd qəsəbəsindəki Şəhidlər məzarlığında anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, bu müqəddəs guşəyə tər qərənfillər düzülüb. Anım mərasimində Xocavənd Rayon İcra  Hakimiyyətinin  başçısı Eyvaz Hüseynov bildirib ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident  İlham Əliyevin əmri ilə silahlı qüvvələrimiz əks-hücum əməliyyatlarına başlamış  və  44 gün davam edən Vətən müharibəsi  rəşadətli  Ordumuzun qələbəsi ilə başa çatmışdır.

Vətən müharibəsində Xocavənd  rayon  sakinləri  də fəal iştirak edib və 8 nəfər xocavəndli döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək   şəhidlik  zirvəsinə ucalıb. Vətən müharibəsində iştirak edərək qəhrəmancasına  şəhid  olmuş Abdullayev Tural Bəylər oğlunun döyüş yolu gələcək nəsillər üçün əsl örnəkdir. Rayon rəhbəri şəhidin valideynlərinə  və  ailə  üzvlərinə belə qəhrəman övlad böyütdükləri üçün  minnətdarlığını  bildirib. Səhid ailələri və qazilər dövlətimiz tərəfindən himayəyə götürülüb, onlara yüksək səviyyədə diqqət və qayğı göstərilir. Tural Abdullayev kimi qəhrəman oğulların igidliyi,  şücaəti  nəticəsində 30 illik vətən həsrətinə son qoyuldu.

Tədbirdə şəhidin müəllimi Telli Alıyeva Turalla bağlı təəssüratlarını bölüşüb, qəhrəmanın adını  daşıyan sinfin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə əsgər Tural Abdullayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xocavəndlilər torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini həmişə əziz tutur, adlarını ehtiramla anırlar. Qəhrəmanlıqları dastana çevrilən şəhidlərin adı əbədi yaşayacaq, ruhları ən uca zirvədə dolaşacaq!

Salman ALIOĞLU,

“Respublika”.