Ombudsman təsisatı konstitusion hüquqların müdafiəsinə xidmət edir
Siyasət

Ombudsman təsisatı konstitusion hüquqların müdafiəsinə xidmət edir

Bu gün demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda müstəsna yeri və rolu olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il keçir.

Hər bir ölkənin həyatında mühüm ictimai-siyasi hadisələrdən biri də dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını və dövlət həyatının digər bu kimi məsələlərini müəyyənləşdirən Konstitusiyanın qəbul edilməsidir.

Səbinə Əliyeva,Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman), hüquq üzrə fəlsəfə doktoru

 

Bu baxımdan ən yüksək və birbaşa hüquqi qüvvəyə malik ali qanunvericilik aktı olan ilk milli Konstitusiyanın qəbulu ölkəmizin müstəqillik tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edən hadisələrdən biridir.

Çox sevindirici haldır ki, artıq müstəqil Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş əzəli torpaqlarımızda üçrəngli, ayulduzlu bayrağımız dalğalanır və biz 12 noyabr - Konstitusiya Gününü böyük qürur hissi ilə qeyd edirik.

Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanaraq 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası xalqımızn dövlətçilik iradəsinin, suverenliyinin təcəssümünə çevrilən, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin idarəçilik sistemini tənzimləyən əsas qanundur.

Müstəqil Azərbaycanın ilk, ümumilikdə isə, ölkəmizin beşinci Konstitusiyası olan bu ali hüquqi sənəddə Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyəti ifadə olunmuşdur.

Bu ali sənəd dünyanın inkişaf etmiş sivil dövlətlərinin və beynəlxalq təşkilatlarının adından qəbul olunan sənədlərdən mükəmməlliyi, bəşəri dəyərlərə sadiqliyi ilə seçilir. Azərbaycan Respublikasının Konstitusiyasında ümumbəşəri normalar özünün əhatəli təsbitini tapmışdır.

Günümüzdə insan hüquqlarının effektiv müdafiəsi məhz ən öndə dayanan qlobal çağırışlardan biri kimi çıxış edir. Buna görə də heç də təsadüfi deyildir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi özündə təsbit edən Konstitusiyanın üçüncü fəslinin bütün müddəaları insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, hüquq bərabərliyinə hörmət ruhunda yazılmışdır. Bu isə bir daha təsdiq edir ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi yüksək dəyər kimi qəbul edilir.

Müasir dövrdə hüquqi dövlətin əsas xüsusiyyətindən biri də qanunun aliliyinin təmin olunması və cəmiyyətin bu prinsip əsasında inkişafıdır. Cəmiyyətdə formalaşan ictimai münasibətlər insan həyatının bütün aspektlərini əhatə etdiyindən onların hüquqi cəhətdən nizama salınması ilə bağlı müvafiq islahatların həyata keçirilməsi daim aktuallıq kəsb edir.

Hüquqi islahatların əsas normativ hüquqi bazasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra ölkəmizdə genişmiqyaslı demokratik, hüquqi islahatların həyata keçirilməsinə başlanılmış və həmin ali sənəddə təsbit olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha effektiv təmin edilməsi məqsədi ilə bu sahədə mühüm əhəmiyyət kəsb edən normativ-hüquqi aktlar qəbul edilmiş, dövlət proqramları təsdiq edilərək uğurla icra olunmuş və demokratik təsisatlar formalaşdırılmışdır.

Müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi onun insan hüquqlarına münasibəti ilə müəyyən olunur. Bu mənada müstəqil dövlətimizin ən çox diqqət yetirdiyi sahələrdən biri də insan hüquq və azadlıqlarının qorunması məsələsidir.

Bununla əlaqədar insan hüquq və azadlıqlarının təmini məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, müvafiq qanunvericilik aktları qəbul olunmuş, fərman və sərəncamlar imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti olaraq Heydər Əliyev tərəfindən "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərman imzalanmış və daha sonra həmin ilin 18 iyun tarixində ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilmişdir. İnsan hüquq və azadlıqlarının təmin olunmasında ən mühüm məsələləri özündə birləşdirən bu iki sənəd məhz insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasını nəzərdə tuturdu.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra ölkədə həyata keçirilmiş hüquqi islahatlar nəticəsində insan hüquqlarının səmərəli təmini məqsədilə institusional mexanizmlər sistemi yenidən qurulmuşdur.

Bu sahədə atılan ən mühüm addımlardan biri də bu il qəbul edilməsinin 20 ili tamam olan Ombudsman haqqında Konstitusiya Qanununun qəbul edilməsi və həmin təsisatın yaradılması olmuşdur.

2001-ci il 28 dekabr tarixində ölkəmizdə insan hüquqlarının müdafiəsi və təşviqi məqsədilə məhkəmədənkənar hüquq müdafiə mexanizmi və milli insan hüquqları institutu kimi səmərəli fəaliyyət göstərən Ombudsman təsisatının hüquqi statusunu və müstəqilliyinin təminatlarını müəyyən edən "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında öz fəaliyyətini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında quran müstəqil bir qurumun - Ombudsman təsisatının təməli qoyulmuşdur.

Artıq 20 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərən Ombudsman təsisatı cəmiyyətdə hüquqi şüurun, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, idarəetmənin daha da demokratikləşdirilməsi prosesinin sürətləndirilməsinə öz töhfəsini verməkdə davam edir.

Azərbaycan Ombudsmanı Konstitusiya Qanununa uyğun olaraq, ölkə yurisdiksiyasında olan hər bir kəsin dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması istiqamətində tədbirlər görür.

Mühüm əhəmiyyətli strateji sənədlərin əsas qayəsini təşkil edən hamı üçün bərabər hüquqların təmin olunması, heç bir halda ayrı-seçkiliyə yol verilməməsi, əhalinin bütün qruplarının hüquq və azadlıqlarına hörmət edilməsi və onların təmin olunması məsələsi Ombudsmanın fəaliyyətində əsas meyar kimi rəhbər tutulur.

Ombudsman fəaliyyəti dövründə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların, qaçqınların, məcburi köçkünlərin və miqrantların, həbs edilmiş şəxslərin və məhkumların, hərbi qulluqçuların hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlamışdır.

Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq, polis bölmələri, müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları, cəzaçəkmə müəssisələri, qarnizon hauptvaxtları ilə yanaşı, psixiatriya və sosial xidmət müəssisələrində, habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdəki şəxslərin hüquq və azadlıqlarının qorunmasına, qanuni mənafelərinin təmin olunmasına xüsusi önəm verir, mütəmadi olaraq həmin müəssisələrin monitorinqi aparılır, saxlanılan şəxslərlə görüş keçirilərək onların saxlanma şəraiti, habelə şikayətləri yerində araşdırılır, müraciətlərin təmini məsələləri aidiyyəti qurumlar qarşısında qaldırılır.

Həyata keçirdiyi fəaliyyət çərçivəsində istər Bakı şəhərində, istərsə də regionlarda daim insan hüquqlarının təmin edilməsinin monitorinqi aparılmış, vətəndaşların üzləşdikləri problem və çətinliklər, onların yaranma səbəbləri araşdırılmış, həlli istiqamətində zəruri tədbirlər görülmüş, müvafiq təkliflər irəli sürülmüş və bir çox hallarda birgə səylər nəticəsində pozulmuş hüquqların bərpasına nail olunmuşdur.

Təqdirəlayiq haldır ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün prioritet çağırışlarına uyğun şəkildə uğurla davam etdirməsi nəticəsində ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində islahatlar, yeniliklər həyata keçirilmiş və mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycan bir çox parametrlər üzrə inkişaf edən ölkəyə çevrilmişdir.

Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə sosial əhəmiyyətli bir sıra mühüm layihələrin həyata keçirilməsi ölkəmizdə insan hüquqlarının səmərəli müdafiəsinə, sosial cəhətdən həssas əhali qruplarının rifah halının daha da yaxşılaşdırılmasına xidmət etməklə əhali arasında böyük sevinc və razılıq hissi ilə qarşılanır.

Ötən dövr ərzində Azərbaycanda yeni-yeni proqramlar, strateji yol xəritələri, ölkəmizin hərtərəfli, daha dinamik inkişafı naminə islahatlar həyata keçirilmiş və bu proses sürətlə davam etməkdədir.

Hazırda insan hüquqlarının müdafiəsinin daha səmərəli təşkilinə nail olmaq məqsədilə beynəlxalq təcrübə və mövcud reallıqlar nəzərə alınmaqla Ombudsmanın Aparatının və regional mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tərəfimizdən ardıcıl islahatlar həyata keçirilir.

"Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamının 4-cü bəndində İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) həmin sənəddə icrası tövsiyə olunan fəaliyyət istiqaməti yer almışdır.

"Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.8-ci bəndində təsbit olunmuş və icrası nəzərdə tutulan fəaliyyət "Vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılma işinin operativliyinin artırılması məqsədilə İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) müraciətlər üçün vahid qaynar xəttin yaradılması ilə bağlıdır.

Məlumdur ki, bu fəaliyyət istiqamətinin icrası və vahid Çağrı Mərkəzinin yaradılması insan hüquqlarının etibarlı müdafiəsi və ölkənin beynəlxalq nüfuzu baxımından həyata keçirilməsi zəruri işlərdəndir. Məhz bu fəaliyyətin icrası məqsədilə 2020-ci ildə Ombudsman Aparatında "Çağrı Mərkəzi" adlı ayrıca sektor yaradılmışdır.

Ombudsman haqqında Konstitusiya Qanununa əsasən "İnformasiya əldə etmək haqqında" 2005-ci il 30 sentyabr tarixli Qanunun icrasına nəzarəti də Ombudsman həyata keçirir.

Konstitusiya Qanununun tələblərinə, "İnformasiya əldə etmək haqqında" Qanunun müddəalarına əsasən və bu Qanunun icrasına nəzarətin həyata keçirilməsi üçün Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsini, nəzarət imkanlarının gücləndirilməsini nəzərdə tutan "Açıq hökumətin təşviqinə dair" 2012-2015, 2016-2018 və 2020-2022-ci illər üçün milli fəaliyyət planlarına müvafiq olaraq, 2020-ci ildən Ombudsman Aparatının strukturunda İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi fəaliyyət göstərməkdədir.

İnformasiya əldə etmək haqqında qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı Ombudsmana ünvanlanmış şikayətlər səlahiyyətlər çərçivəsində operativ şəkildə araşdırılır, aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür, aparata daxil olan informasiya sorğularının cavablandırılması təmin edilir, bir sıra hallarda şikayətçilərə hüquqi məsləhətlər verilir.

Bununla yanaşı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) ünvanlanmış 14 may 2011-ci il tarixli məktubda BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası"nın 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyalarının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən həyata keçirilməsinin məqsədəuyğun hesab olunduğu bildirilmiş və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi tövsiyə edilmişdir.

Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş beynəlxalq müqavilə əsasında verilmiş, ölkənin də öhdəliklərindən olan bu fəaliyyətin icrası üçün ayrıca struktur və ştat vahidinin yaradılması zərurəti meydana gəldiyindən Ombudsman Aparatında bununla bağlı 2020-ci ildə Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektoru yaradılmışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş, itkin düşmüş və ya yaralanmış hərbi qulluqçularla bağlı onların ailə üzvlərinin, habelə müharibə veteranlarının müraciətlərinə və qaldırdıqları məsələlərə dərhal reaksiya verilməsi məqsədilə 2021-ci ildə Ombudsman Aparatında Şəhid ailələri və müharibə veteranları ilə iş sektoru yaradılmışdır.

Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun yaradılması bu istiqamətdə daxil olan müraciətlərin sistemləşdirilməsi baxımından əhəmiyyət daşımaqla yanaşı, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin təmin edilməsi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və digər hüquqlarının təmini ilə bağlı qaldırdıqları məsələlərin operativ həllinə öz töhfəsini verməkdədir. Eyni zamanda, Müvəkkilin təşəbbüsü ilə Vətən müharibəsinin ilk günlərindən zərərçəkmiş şəxslərə ünvanlanan psixoloji dəstək layihəsinin də icrasına başlanılmışdır ki, yeni formalaşdırılmış sektor tərəfindən bu istiqamətdə iş sistemli formada davam etdirilir.

B undan əlavə, Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsiplərini, həmçinin BMT-nin Uşaq Hüquqları Komitəsinin və digər müvafiq beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alaraq, 2021-ci ildə Ombudsman Aparatında Uşaq hüquqlarının müdafiəsi sektoru yaradılmışdır.

Uşaq hüquqları ilə bağlı ayrıca struktur bölmənin yaradılmasında məqsəd müvafiq sahədə fəaliyyətin və idarəetmənin təkmilləşdirilməsindən ibarətdir. Uşaq hüquqlarının müdafiəsi sektoru bu sahədə mövcud olan problemlərin sistemləşdirilməsinə, onların hüquqları ilə bağlı maarifləndirilməsinə, uşaqlarla bağlı məsələlərdə onların iştirakının və əlçatanlığının təmin edilməsinə, onların pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi ilə bağlı müraciətlərin operativ qaydada həllinə, uşaq hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları, habelə müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəkdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətinə dair məlumatların çevik və effektiv şəkildə əhaliyə, kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün "Facebook", "Twitter", "Instagram" və "Youtube", sosial şəbəkələrindən istifadə olunur. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətləri, habelə tarixi, dini, mədəni, təhsil, səhiyyə, sosial obyektlərin dağıdılması faktları ilə bağlı həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələrinə dair məlumatların operativ şəkildə beynəlxalq ictimaiyyətə və xarici mediaya çatdırılmasında Ombudsman Aparatının sosial şəbəkə hesabları önəmli vasitə olmuşdur.

Ombudsmanın Aparatının və regional mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində mütəmadi işlər görülmüş və bu işlər davam etdirilməkdədir. Belə ki, vətəndaşların qəbulu və şikayətlərə baxılması prosesinin mütəmati təkmilləşdirilməsi də prioritet istiqamətlərdəndir.

İnsan hüquqlarının müxtəlif sahələri üzrə peşəkar kadrlar yetişdirilmiş, onların beynəlxalq təcrübəyə yiyələnmələri üçün münbit şərait yaradılmışdır. Belə ki, Ombudsman bir sıra beynəlxalq qurumlar ilə əməkdaşlıq edərək təsisatın əməkdaşlarının bilik və bacarıqlarını artırmaq məqsədi ilə xarici ölkələrdə təlim kurslarında iştirakını təmin etmişdir. Ötən dövrlərdə təşkil edilmiş belə təlim kurslarına Avropa İttifaqının Tvininq lahiyəsini, Avropa Milli İnsan Hüquqları İnstitutları Şəbəkəsinin Milli İnsan Hüquqları İnstitutları Akademiyasını və s. misal göstərmək olar. Bununla yanaşı, qurumun əməkdaşları Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının ixtisasartırma kurslarında da fəal iştirak edərək öz işlərindəki səmərəliliyi artırmağa nail olmuşlar.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək qabaqcıl dünya ölkələri arasında öz layiqli yerini tutmaqla ümumbəşəri məsələlərin həllində aparıcı söz sahiblərindən birinə çevrilmişdir. Çox təqdirəlayiq haldır ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində ölkəmizin iqtisadi potensialının və hərbi qüdrətinin davamlı şəkildə yüksəldilməsi istiqamətində uğurlu addımlar atılmışdır.

Məhz bunun nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə uğurlu əks-hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam etmiş 44 günlük Vətən müharibəsi nəticəsində xalqımıza 30 il həsrətində olduğu böyük Zəfər sevincini yaşatmaqla olduqca möhtəşəm bir tarixi nailiyyətə imza atmışdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı olaraq 44 günlük Vətən müharibəsi və eləcə də postmüharibə dövründə tərəfimizdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, sülh və insanlıq əleyhinə, habelə müharibə və terrorçuluq cinayətlərini, eləcə də dinc insanların, mülki obyektlərin hədəfə alınmasını ifşa edən geniş fəaliyyət, o cümlədən faktaraşdırıcı missiyalar həyata keçirilmiş, ardıcıl olaraq hesabatlar, bəyanat və müraciətlər hazırlanaraq yerli və beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunmuş, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilmiş, dünya ictimaiyyətinə video-müraciətlər edilmiş, yerli və xarici media qurumlarında məlumatlar yayımlanmışdır.

Məlumat üçün bildirirəm ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq, ümumilikdə tərəfimizdən 14 hesabat, 20 bəyanat, 7-si video-müraciət olmaqla, 21 müraciət, 100-dən çox mətbuat açıqlaması hazırlanaraq beynəlxalq ictimaiyyətə və aidiyyəti ünvanlara göndərilmişdir. Bundan əlavə 10 faktaraşdırıcı missiya həyata keçirilmiş, çoxsaylı görüşlər təşkil olunmuşdur. Müvafiq fəaliyyətlə bağlı məlumatlar Ombudsmanın rəsmi internet səhifəsində, "Facebook", "Twitter", "Instagram" və "Youtube" hesablarında, eləcə də yerli və beynəlxalq mətbuatda dərc edilmiş, tərəfimizdən müntəzəm olaraq yerli və beynəlxalq kütləvi informasiya vasitələrinə müsahibələr verilmiş, sosial şəbəkələrdə və informasiya saytlarında yayımlanan məlumatlara dərhal münasibət bildirilmişdir.

Müxtəlif beynəlxalq qurumlar və milli insan hüquqları təsisatları Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti və törətdiyi müharibə cinayətləri ilə yerində tanış olaraq araşdırmalar aparmaq məqsədilə tərəfimizdən ölkəmizə dəvət olunmuşdur. Bu dəvətlər əsasında müharibə dövründə İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti - Türkiyənin Baş Ombudsmanının, müharibədən sonrakı dövrdə isə Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədrinin, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin, Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyətləri ölkəmizdə səfərdə olmuş, müstəqil təsisat qismində yerində araşdırmalar həyata keçirmişlər.

Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktları ilə bağlı TİHEK tərəfindən hazırlanmış və beynəlxalq təşkilatlara ünvanlanmış "Armenia's actions in Karabakh: Human rights violations and monitoring the violations" adlı hesabatı artıq çap olunaraq beynəlxalq təşkilatlara göndərilmiş, o cümlədən ölkəmizin müvafiq dövlət qurumlarının diqqətinə çatdırılmışdır.

Bu gün hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, 30 ilə yaxın işğal altında olan əzəli torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsi ilə öz tarixi ata-baba yurdlarından zorla qovularaq uzun illər qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmış soydaşlarımızın pozulmuş konstitusion hüquqlarının bərpası üçün real zəmin yaranmışdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bütün soydaşlarımızı Konstitusiya Günü münasibətilə təbrik edir, hər kəsi ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquqlarının müdafiəsi və təşviqi prosesində fəal iştirak etməyə və bu sahədə birgə əməkdaşlığa çağırıram!