Ombudsman İƏT- in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Digər xəbərlər

Ombudsman İƏT- in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Müstəqil  Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyətini qəbul edib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, Ombudsman Səbinə Əliyeva qonaqlara Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzkarlıq, işğalçılıq və terror siyasəti nəticəsində soydaşlarımızın insan hüquqlarının  kobud şəkildə pozulması, mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri barədə ətraflı məlumat verib.

Ombudsman 27 sentyabr 2020-ci il tarixində Ermənistanın növbəti ərazi iddiaları ilə ölkəmizə qarşı təcavüzü zamanı yaşayış obyektlərinə, sosial infrastruktura, mədəni-tarixi abidələrə ziyan dəymiş, eyni zamanda mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə olunması nəticəsində uşaq, qadın, ahıllar da daxil olmaqla çoxsaylı insan tələfatı və dağıntıların olduğunu bildirib. Müvəkkil vurğulayıb ki, Azərbaycan Respublikası özünümüdafiə hüququndan istifadə edib və əzəli torpaqlarının bütövlüyünün bərpası məqsədilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz əks-həmlə əməliyyatlarına başlamış və 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədalət bərqərar olunmuş, işğal altında olan ərazilərimiz azad edilmişdir.

Görüşdə səfər çərçivəsində həyata keçiriləcək faktaraşdırıcı missiya, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri barədə müzakirələr aparılıb. 

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil  Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya dəvətə görə öz dərin təşəkkürünü bildirib, faktaraşdırıcı missiyanın məqsəd və məramı haqqında fikir mübadiləsi aparıb.

Xəbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil  Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli, sədrin müavini Açıkgül Hacı Ali, Komissiya katibliyinin direktoru Javed Saqlain, Komissiya katibliyinin icraçı direktoru Butt Marghoob Saleem işğaldan azad edilmiş, həmçinin Vətən müharibəsi zamanı hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaqda yerləşən, mülki əhali və infrastrukturlara hədəflənmiş raket hücumları nəticəsində dağıdılmış ərazilərdə birgə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Ombudsmanın dəvəti ilə ölkəmizdə rəsmi səfərdədirlər.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.