Ombudsman: Ermənistan müharibə cinayətlərini törətdiyinə görə beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalıdır
MÜSAHİBƏLƏR

Ombudsman: Ermənistan müharibə cinayətlərini törətdiyinə görə beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalıdır

Bu günlərdə Azərbaycan Respublikasının Xocalı rayonunun Fərrux kəndi ərazisində Azərbaycan Ordusunun hərbçiləri tərəfindən aparılan müvafiq qazıntılar zamanı insan nəşlərinin qalıqları aşkar olunub. Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərə aid olduğu güman edilən həmin qalıqların aşkarlanması faktı ilə bağlı hazırda müvafiq araşdırmalar və dəqiqləşdirmələr aparılır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib.

Ombudsman təəssüflə qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlıların amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilməsi, daha sonra onların nəşlərinin kütləvi şəkildə basdırılması ilə bağlı çoxsaylı faktlar mövcuddur.

"Bütün bu faktlar isə beynəlxalq humanitar hüququn normalarının, o cümlədən "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il tarixli Cenevrə konvensiyalarının, xüsusilə də "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" Konvensiyanın və ona dair 1977-ci il tarixli I Əlavə Protokolun müddəalarına açıq hörmətsizlikdir və beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməlidir.

Ermənistan insanların ən mühüm təbii hüquqlarından biri olan yaşamaq hüququnun kobud şəkildə pozulması ilə nəticələnən müharibə cinayətlərini törətdiyinə görə beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalıdır", - deyə Səbinə Əliyeva vurğulayıb.

AZƏRTAC