Ombudsman Bolqarıstanın əmək və sosial siyasət naziri ilə müzakirə aparıb
Sosial həyat

Ombudsman Bolqarıstanın əmək və sosial siyasət naziri ilə müzakirə aparıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bolqarıstana səfəri çərçivəsində növbəti görüş həmin ölkənin Əmək və Sosial Siyasət Nazirliyində olub. Nazir Qılıb Donevlə keçirilən görüş zamanı hər iki ölkədə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə toxunulub.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, Ombudsman əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti, illik məruzələrində bu istiqamətdə irəli sürülmüş təkliflər barədə məlumat verib. Səbinə Əliyeva Ombudsman Aparatında əlilliyi olan şəxslərin hüquqlarının səmərəli müdafiəsi məqsədilə müvafiq sektorun yaradıldığını da qeyd edib. Ombudsman əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya etməsinin vacibliyini vurğulayıb, Tokio-2020 Paralimpiya Oyunlarında Azərbaycan paralimpiyaçılarının 14 qızıl, 1 gümüş, 4 bürünc medal qazanaraq böyük uğura nail olduğunu əlavə edib.

Görüş zamanı qeyd edilib ki, ötən il baş vermiş Vətən müharibəsi nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslər arasında da çoxsaylı həlak olan, yaralanan, o cümlədən əlillik dərəcəsi təyin edilənlər olmuşdur. Ombudsman həm Birinci, həm də İkinci Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısı, onlara mənzillər və avtomobillərin təqdim olunması barədə danışıb.

Yekunda nazir Q.Donev Azərbaycanın qeyd olunan təcrübəsini, eləcə də Ombudsmanın bu sahədə əlaqədar qurumlarla əməkdaşlığını yüksək qiymətləndirdiyini qeyd edib.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.