Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib
Siyasət

Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib

Məlum olduğu kimi, Azərbaycan Respublikası "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın Ermənistan tərəfindən pozulmasına görə Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanda azərbaycanlılara qarşı irqi nifrəti təşviq edən halların qadağan edilməsi vəsatəti ilə müraciət edib.

Qurumun mətbuat xidmətindən verilən məlumatda deyilir ki, təqdim edilmiş sənədlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hazırlanmış və müvafiq beynəlxalq təşkilatlara göndərilmiş hesabatlara da istinad olunub.

Məhkəmənin 2021-ci il oktyabrın 14-dən 19-dək olan dinləmələrindən sonra qəbul etdiyi qərarında əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görmək tapşırığı öz əksini tapıb.

Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərd və təşkilatlar tərəfindən irqi nifrətin təşviq edilməsini qadağan edən müvəqqəti tədbirlərə dair 2021-ci il 7 dekabr tarixli qərarı insan hüquq və azadlıqlarının pozulması hallarının qarşısının alınması, regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir.

İnanırıq ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarının Ermənistan tərəfindən dərhal yerinə yetirilməsi üçün beynəlxalq hüquq çərçivəsində təsirli tədbirlər görüləcəkdir.

Zümrüd ABDULLAYEVA,

"Respublika".