Ombudsman Avropa Şurasının Baş katibi ilə görüşüb
Digər xəbərlər

Ombudsman Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Strasburq şəhərində rəsmi səfərdədir.

Səfər çərçivəsində Ombudsman Avropa Şurasının Baş katibi Mariya Buriç ilə görüş keçirib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, görüş zamanı S.Əliyeva bu il Azərbaycanda Ombudsman Aparatının 20 illiyinin qeyd olunduğunu xatırladaraq, bu illər ərzində Avropa Şurası ilə əməkdaşlıqda həyata keçirilmiş çoxsaylı layihələrin təsisatın inkişafına töhfə verdiyini qeyd edib,  Ombudsman Aparatının və regional mərkəzlərinin işinin təkmilləşdirilməsi istiqamətində son illərdə aparılmış islahatlardan danışıb.

Daha sonra Ombudsman 30 ilə yaxın müddətdə ölkəmizin Ermənistan tərəfindən məruz qaldığı təcavüz siyasəti, o cümlədən məcburi köçkünlərimizin pozulmuş hüquqları barədə danışıb. O, həmçinin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 3890 azərbaycanlının taleyinin bugünədək  məlum olmaması faktına toxunub.

Bundan başqa, M.Buriç Ermənistanın işğal dövründə minaladığı ərazilərimiz, bu baxımdan məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün yaranan çətinliklər, mina partlayışlarının səbəb olduğu insan tələfatı barədə də məlumatlandırılıb.

Azərbaycan Ombudsmanı görüşdə Ermənistanın törətdiyi son təxribatların çoxsaylı insan tələfatına səbəb olduğunu, bu kimi halların regionda ədalətli və dayanıqlı sülhə maneə yaratdığını da diqqətə çatdırıb.

Yekunda S.Əliyeva beynəlxalq təşkilatların bu məsələdə qəti mövqe göstərəcəyinə əminliyini bildirib.

Görüş əsnasında tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

“Respublika”.