Ombudsman Aparatının yubileyinə həsr olunmuş konfransın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Digər xəbərlər

Ombudsman Aparatının yubileyinə həsr olunmuş konfransın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 20 illik yubileyinə həsr edilmiş "Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) biznes və insan hüquqları sahəsində rolu" mövzusunda Bakı Beynəlxalq Konfransının iştirakçıları oktyabrın 19-da Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Ziyarətçilər tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüblər.

Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AZƏRTAC