ÖLÜMÜN GÖZÜNƏ DİK BAXANLAR
Region

ÖLÜMÜN GÖZÜNƏ DİK BAXANLAR

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində fədakarlıq göstərən igid şəhid oğullarımızdan biri olan Yusifli Yusif  Sabir oğlunun doğum günü qeyd olunub.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhidin doğum günü münasibətilə keçirilən tədbirdə iştirakçılar Yevlax Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək üzərinə tər güllər düzdülər və şəhidin ruhuna ehtiramlarını ifadə etdilər.

Tədbirdə Milli Məclisin deputatı İlham Məmmədov qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən Müzəffər Ordumuzun şücaətindən  əhatəli söhbət açıb, vətən üçün doğulan, vətən üçün yaşayan və vətən üçün şəhid olaraq ən uca zirvəni fəth eləyən mərd, cəsur qəhrəmanlarla fəxr etdiyini və onların  qanının yerdə qalmadığını vurğuladı.

 Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Xaliq Əliyev bildirdi ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onlar orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbi tərəfindən şəhidin xatirəsinə şahmat turniri, şəhidin təhsil aldığı 2 saylı tam orta məktəb tərəfindən  isə şeir müsabiqəsi keçirilib. Yarışın və müsabiqənin qaliblərinə  Fəxri Fərman və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.

Sonra şəhidin yaşadığı fərdi evin qarşısında barelyefin  açılış mərasimi olub.

Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini, bu qayğını çox yüksək qiymətləndirərək Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

“Respublika”.