Ölməzliyə qovuşanlara əbədi ehtiram
Region

Ölməzliyə qovuşanlara əbədi ehtiram

Dağlar diyarı Lerik rayonu, Laman kəndində anadan olmuş Orxan Dənziyev 44 gün çəkən, xalqımıza zəfər sevincini yaşadan İkinci Qarabağ müharibəsində düşmənə qarşı hünərlə vuruşub canından keçən mərd oğullardandır. Qorxmaz, cəsur əsgər Azərbaycanın hərb tarixinin zəfər salnaməsinə adını yazanda 18 yaşında idi. Canını qurban verdi ki, təki Vətən yaşasın. Bu Vətən sevdalısı ölümündən sonra dövlət tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidin şəhadətə qovuşduğu ikinci ildönümündə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri birlikdə onun Laman kəndində uyuduğu müqəddəs yeri - məzarını və əziz xatirəsinə ucaldılmış bulaq-kompleksini ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirdilər. Eyni zamanda, kənd qəbiristanlığında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhid Fuad Liftiyevin məzarı da ziyarət olundu, üstünə gül dəstələri qoyuldu.

Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov şəhidin ailəsinin yaşadığı evə gələrək ailə üzvləri ilə söhbət etdi, onların qayğı və problemlərini öyrəndi. Onu da bildirdi ki, Vətən yolunda şəhid olanlar heç vaxt ölmürlər, onlar milyonların qəlbində yaşayırlar. İşığına toplaşdığımız Orxan da məhz belə ölməzliyə qovuşan əbədiyaşarların arasında durur.

Şəhidin atası Mübariz Dənziyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılığını söyləməklə həm də dedi ki, oğlum Vətənini öz canı qədər sevirdi. Müharibənin ilk günündə bunu döyüş meydanında təsdiq etdi.

Zəfər ORUCOĞLU.