ÖLMƏZLİK DASTANI
Region

ÖLMƏZLİK DASTANI

Azərbaycanda  şəhid ailələrinə,  qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir. Dövlət bu  kateqoriyadan olan insanlar üçün əlindən gələni edir. Ölkə Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması daimi hörmət və ehtiram göstərilməsi təşkil edir.

Göygöldə də bu məsələ daimi diqqət mərkəzindədir. Göygöl Vətən müharibəsi şəhidi Cəbrayılov Elnur Tofiq oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri,  qazilər və şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Göygöl şəhər  Şəhidlər xiyabanında  Vətən müharibəsi şəhidi Cəbrayılov Elnur Tofiq oğlunun ildönümü ilə bağlı məzarını ziyarət ediblər. Məzarı önünə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla  anılıb. Şəhidin şərəfli döyüş yolundan, xoş xatirələrindən söhbət açılıb.

Sonda, Göygöl şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər. Mərasimdə şəhidin ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək, ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Zabit XƏLİLOV,

"Respublika".