Ölməz qəhrəmanlar
Sosial həyat

Ölməz qəhrəmanlar

Şəmkir rayonunun Dəllər Cəyir kəndi və Posanlı yaşayış massivində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən vətən övladlarının xatirəsinə inşa edilən abidə-kompleksinin açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər və müharibə iştirakçıları, şəhidlərin yaxınları iştirak ediblər.

Tədbirdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə-kompleksinin önünə gül dəstələri düzülüb. RİH başçısı Rəşad Tağıyev abidənin inşasında əməyi keçən hər kəsə, o cümlədən kənd fəallarına öz təşəkkürünü bildirərək 44 günlük Vətən müharibəsində Azərbaycanın qətiyyətli mövqeyindən, xalqımızın məğrurluğundan, yenilməzliyindən, torpağa bağlılığından və Vətən sevgisindən danışıb. İcra başçısı Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.

Mərasimdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra Rəşad Tağıyev Sabirkənd kəndində şəhidlərin xatirəsinə yeni salınan parkda ağacəkmə aksiyasında iştirak edib, kənd ərazisində inşa ediləcək abidə-kompleksində işin gedişi ilə maraqlanıb.

Vəli VƏLİYEV,

"Respublika".