ÖLMƏZ FƏDAİLƏR
Region

ÖLMƏZ FƏDAİLƏR

Yevlax rayonunun Yuxarı Qarxun kəndində 44 günlük Vətən müharibəsi şəhidi Tağıyev Əkbər Məhəmməd oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.  Açılış mərasimində millət vəkili İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhidin ailəsi, cəbhə yoldaşları, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Millət vəkili İlham Məmmədov çıxış edərək  Vətən müharibəsində 30 illik işğal altında olan torpaqlarımızın 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından ətraflı söhbət açıb. Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatında şöbə müdiri Xaliq Əliyev qeyd edib ki, Əkbər kimi Azərbaycan igidləri öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Ordusunun, hərbçilərimizin döyüş əzmi və ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində Vətənimiz öz bütövlüyünə qovuşub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 Şəhid Əkbər Tağıyev 07.02.1994-cü ildə Yevlax rayonunun Yuxarı Qarxun kəndində anadan olmuşdur. Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşan Əkbər Tağıyev noyabrın 19-də şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonra Vətən müharibəsində şəhid olan Yevlax rayonunun Aşağı Qarxun kənd sakini Özal İdris oğlu Yusiflinin ad günü ilə əlaqədar Yevlax Şəhidlər Xiyabanında məzarı başında mərasim keçirilib.

İştirakçılar  mərasimdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhid Özal Yusiflinin məzarı üstünə tər çiçəklər düzüblər. Çıxışlarda şəhidin 28 illik qısa, şərəfli həyat yolundan bəhs olunub, xatirələr dilə gətirilib, Qələbənin tarixi əhəmiyyətindən əhatəli danışılıb.

 Özal Yusifli 11.10.2021-ci ildə Yevlax rayonunun Aşağı Qarxun kəndində anadan olub. Vətən müharibəsində Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu kimi iştirak edərək Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Özal Yusifli ölümündən sonra ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Suqouvuşanın azad olunmasına görə”,“Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhər icra hakimiyyətinin tövsiyəsi ilə Şəhidin xatirəsinə Gənclər və İdman İdarəsi tərəfindən keçirilən taekvando üzrə şəhər birinciliyinin, Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbi tərəfindən keçirilən mini futbol turnirinin qaliblərinə fəxri fərmanlar, medallar və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.

Mərasimdə şəhidin ailəsi onlara göstərilən dövlət dəstəyinə, diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə ediblər.

 

Zabit XƏLİLOV,

“Respublika”.