Ölməz əsərlərin bənzərsiz müəllifi
Tarix

Ölməz əsərlərin bənzərsiz müəllifi

Hərdən çətin, ruhunun incik düşən, narahat vaxtlarında insan heç nə ilə təsəlli tapmayanda gözəl bir musiqi ovqatına rahatlıq gətirir. Dünyadan, özündən küsəndə hardansa qulağa çatan bir melodiya, sözlə musiqinin gözəl uyumu insanı özündən alıb sakit bir aləmə aparır, onunla qüssəli, kədərli gecələr  xoş bir sabah olur. Qıjıltı ilə axan dağ çayı, gur şəlalə qədər şaqraq,  bütöv bir xalqı ayağa qaldıran,  mübarizəyə səsləyən bir melodiya səni uzaq, yaxın  xatirələrin işığında zamanla səyahətə çıxarır. "Cəngi" kimi... Nədənsə, onu indi də hər dəfə dinləyəndə ötən əsrin sonlarında Azadlıq meydanında Qarabağ münaqişəsinin  başladığı ilk vaxtlardan onun həllinə biganə qalan respublika rəhbərliyinin istefasını, mərkəzin ikili siyasətinə son qoyulmasını tələb edən  azadlıq mücahidlərinin arasında hiss edirəm özümü (Bəlkə o məqamları yaşadığımdandır, bilmirəm). "Cəngi"ni deyirəm, Üzeyir bəyin "Cəngi"sini.

Hər il bir payız günü dünyaya  gəlişini qeyd etdiyimiz Üzeyir bəy xoşbəxt doğulmuşdu. Heç bəstəkar olmasaydı, "Leyli və Məcnun", "Koroğlu" kimi  nəhəng səhnə əsərlərini, sonralar dünya şöhrəti qazanmış "Arşın mal alan"  operettasını yazmasaydı belə,  yenə də xalqının  fəxri olacaqdı. İti ağlı, tükənməz istedadı ilə qələmə aldığı publisistik qeydləri, felyetonları ona bu  statusu qazandıra biləcəkdi. Amma nə gözəl ki, o, bəstəkar oldu, müsəlman Şərqinin ilk operasını yazdı və o, 1908-ci ildə tamaşaya qoyuldu. "Leyli və Məcnun"la Azərbaycan teatrında "opera tamaşaçısı" termini formalaşdı,  səhnəmizdə qadın obrazları görünməyə başladı. Doğrudur, o rolları ilk vaxtlarda kişi aktyorlar oynayırdı, lakin az sonra hər cür təzyiqi, təhqiri, təqibi, hətta ölümü belə göz önünə alaraq səhnəyə çıxan qadınlar tapıldı. Bu isə əsl inqilab idi. Üzeyir bəyin  şüurlarda yaratdığı inqilab.

Bundan sonra 1909-cu ildə  yazdığı "Şeyx Sənan" adlı ikinci opera  üslubuna görə sələfindən xeyli  dərəcədə fərqlənirdi və əsasən müəllifin musiqisindən ibarət idi (Xatırladaq ki, "Leyli və Məcnun"da  muğam ifaları da özünə yer alıb). 1910-1915-ci illər  arasında yazdığı daha dörd ənənəvi opera Azərbaycan muğamı əsasında qurulmuşdu: "Rüstəm və Zöhrab", "Şah Abbas və  Xurşud Banu", "Əsli və Kərəm", "Harun və Leyla". Bu təcrübədən, Qərbi Avropa və rus klassik bəstəkarlarının zəngin təcrübəsindən faydalanaraq 1937-ci ildə  bu janrın tələblərinə tam cavab verən "Koroğlu"nun möhtəşəm  səhnə təcəssümünə nail oldu. "Koroğlu" opera səhnəmizə  bənzərsiz ifaçılar bəxş etdi. Elə ölməz Bülbül, Lütfiyar İmanov kimi səhnə  korifeyləri məhz Koroğlu partiyası ilə daha böyük şöhrət qazanmışdılar.

Üzeyir bəy XX əsr realist ədəbiyyatının C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, A.Şaiq, M.S.Ordubadi kimi qabaqcıl ideyalı, xalqın mədəni inkişafına xidmət edən incəsənətin ən fəal yaradıcılarından və  tədqiqatçılarındandır.

Tədqiqatçılar Üzeyir bəyi həm də M.F.Axundov ədəbi məktəbinin ləyaqətli davamçılarından biri kimi dəyərləndirirlər. O, özü isə klassik Azərbaycan dramaturgiyasına olan münasibətini  belə səciyyələndirmişdir: "Mən... M.F.Axundzadənin "Xanı Şərab", "Məstəli şah", "Hacı Qara" və görkəmli dramaturqumuz Ə.B.Haqverdiyevin demokratik ədəbiyyatımızın nadir incisi olan "Dağılan tifaq" faciəsi əsasında tərbiyələnmişəm...".

Bəlkə də elə bunun nəticəsi idi ki, Üzeyir bəy ilk növbədə, "Arşın mal alan" və "O olmasın, bu olsun" kimi  dəyərli operettalara həyat vermiş, onların həm librettolarını, həm də musiqisini yazmaqla iki dahinin  vəzifəsini yerinə yetirmişdi. Bu isə hətta dünya çapında belə nadir hadisədir.

Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə anadan olmuş, bir müddət sonra onun ailəsi Şuşa şəhərinə köçmüşdü. Gələcək bəstəkarın atası Əbdülhüseyn Hacıbəyov uzun müddət Azərbaycan şairi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın katibi olmuşdu, babası isə Natəvanla süd bacı-qardaşı idilər.

Natəvanla tanışlıq gənc Üzeyir üçün ən yaxşı musiqi icmalarına, Şuşanın məclislərinə yol açdı. Şuşa mühiti onun gələcək inkişafında böyük rol oynadı.

Bəstəkarın 1918-ci ildə bəstələdiyi Azərbaycan himninin uzun illər, yəni 1920-1991-ci illərdə Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrdə səsləndirilməsi qadağan edilsə də, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ona ikinci həyat verildi. Maraqlı burasıdır ki, 1930-cu ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10-cu ildönümü münasibətilə Üzeyir Hacıbəyli Azərbaycan SSR-in yeni himninin həm sözlərini, həm də musiqisini  yazmalı olmuşdu. Yeni himn ilk dəfə 1930-cu il aprelin 28-də bəstəkarın rəhbərliyilə səsləndirilmiş və 1991-ci ilədək Dövlət Himni statusunda qalmışdı...

Üzeyir bəyin yaradıcılığında "Arşın mal alan" operettasının xüsusi yeri var. Dünya səhnələrini fəth edən əsər 1913-cü ildə Sankt-Peterburqda yazılıb, onun premyerası 1918-ci ildə Zeynalabdin Tağıyevin teatrında baş tutub. Sonralar 75-dən çox dilə tərcümə edilən əsər 76 ölkədə 187 teatrda səhnəyə qoyulub. Operetta 1916-cı ildə rejissor Boris Svetlovun rəhbərliyi, Hüseynqulu Sarabski, Əhməd Ağdamski və Mirzəağa Əliyevin iştirakı ilə Rusiyada Piron qardaşlarının "Film" studiyasında ekranlaşdırılıb. Sonrakı illərdə operetta daha bir neçə dəfə ekran həyatı yaşamalı olub. Əsərin 1917-ci ildə ABŞ-da  ekranlaşdırılması da özlüyündə maraqlı bir faktdır. Bu, əsl sənətin gücü, möcüsəzi demək idi...

"Molla Nəsrəddin" jurnalının 1917-ci il 16 fevral tarixli nömrəsində yazılırdı: "...Nyu-York qəzetlərindən birində xəbər verilir ki, Amerikada "Arşın mal alan" səhnələşdirilib. Həmyerlimiz Üzeyir bəy Hacıbəyovun  bu ecazkar operettası Amerika tamaşaçılarının da rəğbətini qazandı...".

Azərbaycanda isə əsər 1945-ci ildə ekranlaşdırılıb və "Stalin"  mükafatına layiq görülüb.

"O olmasın, bu olsun" operettası bəstəkarın "Ər və arvad"dan sonra ikinci musiqili komediyasıdır. 1910-cu ildə yazılan əsər 1911-ci ildə Bakıda Mayılov qardaşlarının teatrında oynanılıb. Komediya 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən ekranlaşdırılıb.

Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni  istiqamət və milli bəstəkarlıq  məktəbinin özülünü  qoymuşdur. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra  digər janrlarda ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini, istiqamətlərini araşdırıb üzə çıxarmış musiqişünas alimdir. Ədəbi-bədii dəyərini itirməyən yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu- dramaturqdur. Üzeyir Hacıbəyli görkəmli yenilikçi, müəllim-ustad və böyük musiqiçi-ictimaiyyətçi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində dərin iz qoyub.

Üzeyir bəy yazırdı: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər".

Bu sözlər sanki onun özü üçün  deyilmişdi və şübhəsiz ki, Üzeyir dühasının böyüklüyünü təqdim etmək üçün bundan doğru ifadə  tapmaq çətindir. Əsrlər keçsə də, onun "Sənsiz"i, "Sevgili canan"ı, "Koroğlu"su... insan ruhuna rahatlıq gətirəcək, onu yaşamağa, yaratmağa, torpağını qorumağa, onun üçün savaşmağa, ondan ötrü can verməyə, qan tökməyə, Vətən bildiyimiz məmləkəti qalib etməyə səsləyəcək. Çünki o əsərlər müəllifinin özü kimi  bənzərsiz, ölməz, əbədiyaşardır...

Zümrüd QURBANQIZI,

"Respublika".