Ölkənin demoqrafik vəziyyəti sosial rifaha əsaslanır
Sosial həyat

Ölkənin demoqrafik vəziyyəti sosial rifaha əsaslanır

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə etdi, iqtisadiyyatımızın dinamik inkişafı və iqtisadi artım tempinə görə regionun lider dövlətinə çevrildi. Bütün bunlar təbii ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ulu öndərin yeni müstəvidə müdrikcəsinə davam etdirilən dövlətçilik xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Sözsüz ki, respublikamızda ardıcıl həyata keçirilən və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş dövlət proqramları demoqrafiya və əhali sakinliyinin inkişafına da öz müsbət təsirini göstərməkdədir.

Demoqrafik siyasət-dövlət orqanları və digər sosial institutlar vasitəsilə əhalinin artımının nizama salınması sahəsində məqsədyönlü fəaliyyətə əsaslanan, əhalinin say və struktur dinamikasını sabit saxlamağa və ya dəyişdirməyə xidmət edən siyasətdir. Əhalinin doğum sayı, nikahlılıq, boşanma, yaş strukturu və onun ölüm miqdarına təsir edən demoqrafik siyasət geniş mənada ya əhalinin artması ilə eyniləşdirilir, ya da onun tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. O, sosial və iqtisadi siyasətlə bağlı olsa da, özünəməxsus xüsusiyyətlərə də malikdir.

Ümumiyyətlə, demoqrafik siyasətin tarixi çox qədim zamanlara gedib çıxır. O, qədim dövrün bir çox hüquqi və qanunverici aktlarında əksini tapmışdır. Orta əsrlərdə daha çox kortəbii xarakter daşıyan bəzi demoqrafik tədbirlər yüksək doğum sayının saxlanılmasına xidmət edirdi. Yeni dövrdə doğum sayını stimullaşdıran, demoqrafik siyasəti mükəmməl hüquqi əsaslarla qanuniləşdirən ilk ölkə Fransa olmuşdur. Tədricən Avropanın bəzi digər ölkələri də demoqrafik siyasətin tənzimlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirməyə başladı. Sonralar onu qismən əhalinin artım sürətinin qarşısının alınmasına yönəldilən siyasət əvəz etdi. Prioritetlərin belə dəyişməsi - demoqrafik keçidin dövründən asılı olaraq müasir dövr üçün də xarakterikdir. Bütün bunlara baxmayaraq, məşhur demoqraf A.Y.Kvaşın fikrincə, ümumilikdə demoqrafik siyasətin tarixi göstərir ki, o, kifayət qədər zəif alət olub və əhalinin artımına ciddi təsir göstərə bilməzdi.

Demoqrafik siyasət daha çox XX əsrin ikinci yarısında inkişaf edərək yayılmışdır. Onun effektiv və kəsərli olması üçün məhz XX əsrdə yeni vasitələrə əl atıldı və bu sahədə ilk böyük irəliləyiş baş verdi...

Müstəqil respublikamızda ilk dəfə əhalinin siyahıyaalınması ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən 1999-cu ilin yanvarında keçirildi. Beləliklə, dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan xalqı tarixdə ilk dəfə öz əhalisi haqqında tam və dolğun məlumatı 1999-cu ildə keçirilən əhalinin siyahıyaalınması sayəsində əldə edə bildi. Şərqi Avropa və MDB dövlətləri arasında ilk dəfə olaraq demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məqsədi ilə ölkəmizdə Demoqrafik İnkişaf Konsepsiyası hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Bu Konsepsiya ölkəmizdə əhali sakinliyinin inkişafı sahəsində davamlı siyasətin hazırlanmasına və həyata keçirilməsinə təkan verib.

Uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın həyat və məişətində dərin iz buraxmasına baxmayaraq, 1999-cu il siyahıyaalınmasından sonrakı 10 il ərzində aparılan çoxşaxəli islahatlar nəticəsində ölkə əhalisinin sayı artmış, həyat şəraiti və yaşayışı xeyli yaxşılaşmışdı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada demoqrafiya və məşğulluqla, əhali sakinliyinin inkişafı ilə bağlı dövlət səviyyəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdi.

Azərbaycanda əhali haqqında geniş və dolğun məlumatların əldə edilməsinin zəruriliyi bir fakt kimi həmişə dövlətin qarşısında dayanır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 7 iyun tarixli Fərmanına əsasən müstəqil Azərbaycanda on il sonra, 2009-cu il aprelin 13-dən 22-dək əhalinin ikinci siyahıyaalınması keçirildi.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən 2019-cu il oktyabrın 1-10 tarixlərində ölkəmizdə əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi nəzərdə tutulmuşdu. Həmin fərmana əsasən növbəti siyahıyaalınmanın keçirilməsi barədə hazırlıq işləri, onun təşkili və yayımlanması və s. məsələlər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə həvalə edildi.

İkinci siyahıyaalmadan ötən 10 il ərzində ölkənin bütün sahələrində ciddi uğurlar əldə edilmiş, ölkə iqtisadiyyatına 198,3 milyard manat investisiya yönəldilmiş, əhalinin rifah halı yüksələrək gəlirləri 2,6 dəfə artmış, 1,4 milyon yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 2 dəfədən çox azalmış, beynəlxalq miqrasiyada davamlı olaraq hər il müsbət saldoya nail olunmuşdu.

BMT-nin metodologiyasına əsasən ölkə ərazisində yaşayan bütün şəxslər haqqında sosial-iqtisadi, coğrafi-demoqrafik və etnik-mədəni əlamətlərinə görə məlumatların toplanması, ümumiləşdirilməsi və yayılması əhalinin siyahıyaalınmasının əsas məqsədi hesab olunur. Təşkilatın “Əhali və mənzil fondunun siyahıyaalınması-2020” tövsiyələrində əhalinin siyahıyaalınmasının üzv ölkələr tərəfindən ən azı 10 ildən bir keçirilməsi qeyd olunur.

Onu da qeyd edək ki, çar Rusiyası dövründə Azərbaycanda əhalinin demoqrafik vəziyyəti haqqında məlumatların əldə edilməsi ilk dəfə 1897-ci ildə I Ümumrusiya siyahıyaalınmasının keçirilməsi ilə mümkün olmuşdur. SSRİ dövründə Azərbaycan əhalisinin siyahıyaalınmaları 1926, 1939, 1959, 1970, 1979, 1989-cu illərdə keçirilib.

Bəs, ölkəmizdə hazırkı demoqrafik vəziyyət necədir? 2021-ci il mart ayının 1-nə olan məlumata görə ilin əvvəlindən ölkə əhalisinin sayı 7994 nəfər və ya 0,1 faiz artaraq 10127127 nəfərə çatmışdır. Bir kvadratmetrə düşən əhalinin sayı 117 nəfərdir. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1002 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 20984 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 13 nəfər təşkil etmişdir. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u ekiz, 9-u isə üçəm doğulanlardır.

2021-ci ilin yanvar-fevral aylarında ölkədə 13338 ölüm halı qeydə alınmışdır. Bu rəqəmlər həmçinin, doğulanların ölənlərin sayını üstələdiyini göstərir.

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5672 nikah və 2417 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 faiz olmuşdur. Yəni ailələrin sayı boşananlardan çoxdur.

Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 395 nəfər gələn, Azərbaycandan isə 47 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə 348 nəfər olmuşdur.

Məlumdur ki, hər bir ölkənin inkişafında həlledici rol məhz insan potensialı ilə bağlıdır. Bu mənada əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş məlumatlar informasiya cəmiyyətinin qiymətli resursudur. Demoqrafik siyasətin düzgün qurulması isə əhalinin siyahıyaalınması prosesinin nəticələrindən çox asılıdır. Ölkənin sosial-iqtisadi vəziyyəti əhali artımında mühüm rol oynayır.

Zümrüd QURBANQIZI,

“Respublika”.