Ölkənin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təminatı yaxşılaşdırılır
İQTİSADİYYAT

Ölkənin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təminatı yaxşılaşdırılır

3 fevral 2020-ci ildə regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev enerji sektorundan danışarkən qeyd edib ki, infrastruktur layihələrinin icrası ilə ciddi məşğul olmuşuq. Bu sahədə ciddi irəliləyişlər var. Keçən il biz əlavə 800 meqavat elektrik enerjisi ala bilmişik. Bunun 400 meqavatı yeni tikilmiş “Şimal-2” stansiyasının hesabına, 400 meqavatı isə itirilmiş güclərin bərpası nəticəsində əldə olunub. Bu proses davam edir. 

Ölkənin elektrik enerjisi ilə təminatı ildən-ilə yaxşılaşır. Hamımızın yaşadığı, gözlə gördüyü bu işıqlı həyatımız statistikada da öz ifadəsini tapır. Məsələn, 2012-ci ildə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 1,7 milyard manatlıq məhsul istehsal edildiyi halda, həmin rəqəm 2019-cu ildə 2 milyard manata çatdırılmışdır. Başqa sözlə, sahədə əvvəlki illə müqayisədə 3,5 faiz artım müşahidə olunub. 2020-ci ilin yekununda isə sahələr müvafiq olaraq yenə də irəliləyib.

Bu il aprelin 20-də Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, bu yarımstansiyanın istismara verilməsi ümumilikdə 10 min nəfərdən çox əhalinin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq.

Yarımstansiyada quraşdırılan müasir tipli eleqaz və vakuum açarları, mikroprosessor tipli rele mühafizə sistemi, komplekt Transformator Məntəqələri və nəzarət avtomatika qurğularının elementləri birləşdirilərək vahid “Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzi”nə qoşulub.

İdarəetmə Mərkəzi sayəsində “Qarasu” yarımstansiyasından başlayaraq, sayğaclara qədər elektrik şəbəkəsi onlayn rejimdə izlənilir. Balansa nəzarət olunur, yarana biləcək problemlərin aradan qaldırılması üçün operativ məlumatların toplanması, emal edilməsi, informasiya sisteminin monitorinqi, təhlili sayəsində qabaqlayıcı tədbirlər görülür.

Qeyd edək ki, “Qarasu” yarımstansiyasının istifadəyə verilməsi ilə Hacıqabul rayonu ərazisində yerləşən sənaye obyektlərinin, habelə, ətrafdakı 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı təmin olunub.

Bundan bir gün əvvəl isə dövlət başçısı Bakının Suraxanı rayonunda “Azərenerji” ASC-nin yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.

Məlumat üçün bildirək ki, 45 il əvvəl tikilən “Hövsan” yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub.

Məlumdur ki, energetika sektorunun müasir tələblər səviyyəsində inkişafı, vətəndaşların enerji resurslarına əlçatanlığı və məmnunluğunun təmin olunması Prezident İlham Əliyevin sosial-iqtisadi siyasət kursunun əsas hədəflərindəndir. Elə buna görə də dövlət başçısı “Hövsan” yarımstansiyasının açılışında işğaldan azad edilən Qarabağ bölgəsinin enerji sektoru, daha doğrusu, bu bölgədə gedən bərpa-quruculuq işləri ilə də maraqlanıb.

Dövlət başçısına məlumat verilib ki, Şuşa və Şükürbəyli açılışa hazırdır, Füzuli yarımstansiyasında isə xətt hazırdır, amma yarımstansiyanın özü ay yarıma hazır olacaq.

Enerji sektorunda aparılan islahatlar, yenidənqurma, bərpa işləri, sahəyə xarici sərmayələrin cəlb edilməsi və s. kimi proseslər sürətlə, ardıcıllıqla davam etdirilir. Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliyinin “Masdar” firması arasında 230 mvt gücündə günəş elektrik stansiyasının inşası layihəsi barədə bu yaxınlarda bağlanan müqavilə dediklərimizə əyani sübutdur.

Nəriman CAVADOV,

“Respublika”.