Ölkəmizin yüksələn nüfuzuna rəğbətin ifadəsi
SİYASƏT

Ölkəmizin yüksələn nüfuzuna rəğbətin ifadəsi

Mötəbər təşkilatlarda iştirakımız faydalı əlaqələrin formalaşmasına stimul verir

2019 -cu ildə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən 2015-ci ildən etibarən aparılan məqsədyönlü işin nəticəsi olaraq, Azərbaycan artıq dünyada inkişafa yardım sahəsində ən nüfuzlu beynəlxalq qurum sayılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində (DAC) qonaq statusunda təmsil olunmağa başlayıb.

Dünyada insanların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyət göstərən və ənənəvi donor ölkələrini bir araya gətirən OECD/DAC ilə əməkdaşlıq donorlar ailəsinin yeni üzvünə çevrilən Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, bu nüfuzlu təşkilatın iclaslarında iştirak Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına xidmət edəcəkdir.

Qeyd edək ki, OECD-nin yaranmasının kökləri İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. 1948-ci ildə müharibədən sonrakı Avropanın yenidən qurulması ilə bağlı ABŞ hökumətinin qəbul etdiyi “Marşal Planı”nın həyata keçirilməsi üçün Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (Organisation for European Economic Cooperation - OEEC) yaradıldı. 1960-cı il dekabrın 14-də Kanada və ABŞ yeni OECD Konvensiyasını imzalamaları ilə OEEC-yə qoşulmuş oldular. Beləliklə, sözügedən Konvensiyanın 30 sentyabr 1961-ci ildə qüvvəyə minməsi ilə OECD yaradılmış oldu. 1961-ci ildən Parisdə fəaliyyət göstərən, 35 ölkənin üzv olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı hökumətlərin birgə səy göstərməklə dünyada mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə etdiyi və təcrübələrini bölüşdüyü bir platformadır. İnkişafa Yardım üzrə Komitədə isə OECD-yə üzv ölkələrlə yanaşı, inkişaf üzrə əməkdaşlığa önəmli töhfə verən digər ölkələr də təmsil olunur. OECD/DAC iclaslarında qonaq statusunda təmsil olunan ölkələr sırasına Braziliya, Bolqarıstan, Çin, Kolumbiya, Kosta-Rika, Xorvatiya, Hindistan, Latviya, Litva, Peru, Rumıniya, Rusiya Federasiyası, Qazaxıstan və Cənubi Afrika Respublikası daxildir. OECD-nin əsas məqsədi dünyada insanların iqtisadi və sosial rifahını yaxşılaşdırmaq məqsədi daşıyan siyasətin təşviq edilməsidir. Hazırda təşkilatın 36 üzv dövləti var. Mənzil-qərargahı Fransa Respublikasının paytaxtı Paris şəhərində yerləşir.

AİDA tərəfindən aparılan məqsədyönlü iş sayəsində 2019-cu ildə Azərbaycan inkişafa yardım sahəsində dünyada ən nüfuzlu və prestijli beynəlxalq qurumlardan biri sayılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım üzrə Komitəsində iştirakçı statusu əldə etmişdir. İnkişafa Yardım Komitəsi isə inkişafa dəstək sahəsində başlıca donor dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması məqsədilə yaradılmış forumdur. OECD/DAC öz ətrafında donor dövlətlərini birləşdirən ən nüfuzlu beynəlxalq qurumdur. Komitənin üzvləri sırasında 30 donor dövlət təmsil olunur, eyni zamanda, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin İnkişaf Proqramı onun fəaliyyətində müşahidəçi statusunda iştirak edir. Qeyd edək ki, Azərbaycan MDB daxilində OECD/DAC-da bu statusda təmsil olunan yeganə ölkədir. Azərbaycanla yanaşı, təşkilatın iclaslarında cəmi 6 ölkə iştirakçı statusunda təmsil olunur (Bolqarıstan, Küveyt, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri). Ümumilikdə donor ölkələrini bir araya gətirən OECD/DAC-da Azərbaycanın belə yüksək statusda iştirakı həyata keçirdiyi donor fəaliyyətinin səmərəliliyinin artırılmasına, onun beynəlxalq aləmdə daha geniş şəkildə işıqlandırılmasına və yeni tərəfdaşlar əldə edilməsinə xidmət edir.

Bu qurum tərəfindən təşkilata Azərbaycanın inkişaf etməkdə olan ölkə və beynəlxalq təşkilatlara göstərdiyi İnkişafa Rəsmi Yardımları (ODA) əks etdirən hesabatlar hazırlanaraq təqdim olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin rəsmi internet səhifəsində Azərbaycanın xarici ölkələrə və beynəlxalq təşkilatlara göstərdiyi yardımlar barədə hesabatı dərc edilib. Bununla bağlı Xarici İşlər Nazirliyinin verdiyi məlumatda bildirilir ki, hesabatda aparılmış uğurlu siyasət nəticəsində ölkəmizin yardım alan dövlətdən yardım edən donora çevrildiyi, beynəlxalq yardımların operativ və əlaqələndirilmiş şəkildə göstərilməsi üçün 2011-ci ildə Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis olunduğu vurğulanır. Beynəlxalq yardım siyasətində Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tutan ölkəmizin qlobal donorluq missiyasında özünəməxsus yer tutduğu, dünyada yayılmış yeni növ koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası tərəfindən 30-dan çox ölkəyə və 3 beynəlxalq təşkilata yardım edildiyi diqqətə çatdırılır. Hesabatda həmçinin AİDA-nın fəaliyyətində qlobal sülh, təhlükəsizlik və insanların firavan həyatının təmin edilməsi prinsiplərini rəhbər tutduğu, daha çox təcrübə mübadiləsi, ictimai xidmətlərin inkişafı, təhsil, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, gənclərin və qadınların cəmiyyətdə rolunun artırılması və digər mühüm sahələrdə inkişaf etməkdə olan ölkələrdə iki və çoxtərəfli əsasda həyata keçirilən təşəbbüslərə dəstəyin göstərildiyi bildirilir. Ölkəmiz tərəfindən göstərilmiş yardımlar sektorlar üzrə bölgü və statistik rəqəmlərlə əks olunur. Donorluq fəaliyyətinə dair məlumatların beynəlxalq hesabatlarda dərc edilməsi, onun yardım siyasətinə, yüksək iqtisadi imkanlarına beynəlxalq ictimaiyyət tərəfindən qiymətin verilməsi, Azərbaycanın regionun aparıcı dövləti kimi qəbul olunması məhz Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticələridir.

Bir faktı da əlavə etmək lazımdır ki, 30-31 yanvar tarixlərində Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin nümayəndə heyəti Azərbaycanın qonaq statusunda təmsil olunduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin Parisdə keçirilən növbəti görüşündə iştirak edib. Görüş zamanı donor təşkilatları tərəfindən 2017-ci il ərzində göstərilmiş yardımlar nəzərdən keçirilib və qiymətləndirilib, həmçinin 2018-ci il üzrə maliyyə hesabatlarının hazırlanması standartlarının müəyyən edilməsi ətrafında fikir mübadiləsi aparılıb. AİDA-nın haqqında bəhs olunan görüşdə iştirakının məqsədi Azərbaycan tərəfindən inkişaf etməkdə olan ölkələrə göstərilən yardımların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bu sahədə əlaqələndirmənin effektivliyinin artırılmasından ibarətdir. Tədbir çərçivəsində AİDA nümayəndə heyəti OECD/DAC təşkilatının sədri Şarlot Petri Qornitzka ilə görüş keçirib və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

Avropanın inkişaf etmiş ölkələrindən başqa, ABŞ və Kanadanın da daxil olduğu təşkilatın fəaliyyəti bu gün makroiqtisadi məsələlər və ticarətdən tutmuş təhsil, elm, ətraf mühitin mühafizəsi və s. ən geniş məsələləri əhatə edir. Bu qədər nüfuzlu birliyə ölkəmizin qəbul olunması da Azərbaycan rəhbərliyinin ardıcıllıqla həyata keçirdiyi xarici siyasət və iqtisadi xəttə beynəlxalq səviyyədə rəğbətin ifadəsidir. OECD/DAC-da ölkəmizin tamhüquqlu üzvlüyü, heç şübhəsiz, dünyanın ən böyük iqtisadiyyatları ilə tərəfdaşlıq münasibətlərinin daha da artmasına, habelə Azərbaycanın donor fəaliyyətinin daha səmərəli hala gəlməsinə böyük təkan verəcək.

Mustafa KAMAL,

“Respublika”.