Ölkəmizin təşəbbüsləri reallığa çevrilir
Siyasət

Ölkəmizin təşəbbüsləri reallığa çevrilir

Bu, Azərbaycanın Avropada etibarlı təchizatçı kimi mövqeyini daha da möhkəmləndirir

Azərbaycanın enerji təhlükəsizliyi məsələsində Avropa İttifaqı (Aİ) ilə fəal əməkdaşlığı və strateji tərəfdaşlıq əlaqələri öz bəhrələrini verir və bu işbirliyi qitə ölkələrinə fayda gətirməkdədir. Bu baxımdan, İtaliyanı xüsusi qeyd etmək lazımdır. Belə ki, Avropada təbii qaz böhranının yaşandığı indiki şəraitdə enerji idxalçısı kimi tanınan İtaliya Azərbaycan qazını qitəyə nəql edən TAP boru kəməri sayəsində təbii qaz ixracatçısı olub. Bu, Azərbaycanın Avropada etibarlı təchizatçı kimi mövqeyini daha da möhkəmləndirib.

Qeyd etmək lazımdır ki, 2022-ci il iyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumda Azərbaycandan Aİ-yə təchiz edilən qazın həcminin ikiqat artırılması qeyd olunub. Bu məqsədlə, tərəflər Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürüblər: "Bizim bütün enerji layihələrimiz, o cümlədən təbii qazın nəqli ilə bağlı olan layihələrimiz mövcud həcmlərə əsaslanıb. Biz Azərbaycandan qaz alan Avropa şirkətləri ilə müqavilələri uzun illər əvvəl imzalamışıq. Daha sonra biz boru kəmərlərinə sərmayə qoyduq. Biz Avropaya yalnız bir il yarım əvvəl qaz nəql etməyə başladıq. 2021-ci ilin ilk günündə biz İtaliyaya qaz nəql etməyə başladıq. Beləliklə, bizim nəzərdə tutduğumuz planlar tam şəkildə həyata keçirilib". Bu fikirləri Prezident İlham Əliyev ötən il sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində deyib.

Avropanın Azərbaycan qazına tələbatı getdikcə artır. İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda Prezident İlham Əliyevin çıxışı da bu mövzuya həsr olunmuşdu və məhz belə adlanırdı: "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu". Xəzərin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağının işlənməsi ilə ölkəmizin enerji strategiyası şaxələndi. Təsdiq edilmiş qaz ehtiyatlarımız  ümumilikdə 2,6 trilyon kubmetrə bərabərdir. Bu da Azərbaycanı qonşu ölkələr bazarında etibarlı təchizatçıya çevirib. Başqa sözlə, bu, Azərbaycandan İtaliyaya, Xəzərin sahilindən Adriatik dənizinin sahilinədək uzanan Cənub Qaz Dəhlizini çəkməyə imkan verib. Dəhliz üç boru kəmərini birləşdirir. Bunlar Azərbaycanın və Gürcüstanın ərazisindən keçən genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), Türkiyədə böyük məsafə qət edən TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və mavi yanacağı Avropaya çatdıran TAP (Trans-Adriatik Qaz Boru Kəməri) xətləridir. Dəhlizin uzunluğu 3500 kilometr təşkil edir. Dövlətimizin başçısı dəhlizin mürəkkəb texniki infrastruktur olduğunu xatırladaraq qeyd etmişdir ki, onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edir. Artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.

Hazırda Azərbaycan qazı Avropaya TAP vasitəsilə nəql edilir. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Kommersiya əməliyyatlarının başlanmasından bəri TAP Yunanıstan, Bolqarıstan və İtaliyaya 18 milyard kubmetrdən çox qazı təhlükəsiz şəkildə nəql edib. Bu qlobal enerji təhlükəsizliyi layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin yüksək siyasi iradəsinin və qətiyyətli enerji siyasətinin töhfəsidir. "Şahdəniz Mərhələ 2" üzrə hasil edilmiş təbii qazın avropalı istehlakçılara çatdırılması bir daha göstərir ki, Prezident İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüslər əzmlə reallığa çevrilir. Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi olan "Şahdəniz" yatağından hasil edilmiş təbii qazın Türkiyə bazarına 2018-ci il iyunun 30-dan TANAP ilə nəqlinin ardınca, ilk dəfə Avropa bazarına daxil olması Azərbaycanın qaz ölkəsi kimi inkişafında yeni səhifə açıb. Enerji təhlükəsizliyi layihələri Azərbaycanın liderliyi ilə qətiyyətlə həyata keçirilir. Ölkəmiz Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə əldə edilmiş nailiyyətlərin nümunəsində öhdəliklərinə yüksək səviyyədə sadiqliyini və enerji sahəsində etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi. Avropaya təbii qazın nəqli tədarük bazarlarını şaxələndirməklə istehsalçı kimi ölkəmizin, mənbə və marşrutları diversifikasiya etməklə isə istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək.

Ötən ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetrə çatdırılacaq. TAP vasitəsilə nəql olunan qaz Aİ-nin ümumi qaz idxalının 2,9 faizini təşkil edir. 10-dan artıq ölkədən rəsmi müraciətlər alınıb. Beləliklə, artan ehtiyacı təmin etmək üçün sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyac var. Bu məqsədlə, artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya, həmçinin enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen də daxildir. Beləliklə, Azərbaycan enerji strategiyasının üçüncü mərhələsinə gəlib çatıb. Bu, bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır. Ölkəmiz həmin prosesə hələ bir neçə il əvvəl başlayıb. Artıq bərpaolunan enerji sahələrindəki potensial da dəyərləndirilib. Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavat təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı isə 10 qiqavatdan çoxdur.

Bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsi başlayıb. Belə ki, hazırda Azərbaycanda bərpaolunan enerji layihələri reallaşır. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tikintisinə start verilib. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməli qoyulub. Perspektivdə yeni layihələrin gerçəkləşməsi dayanır. Bir neçə ay əvvəl Energetika Nazirliyi və bp şirkəti arasında Cəbrayılda 240 MVt gücündə günəş-elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci il iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavənin imzalanması bunun əyani təsdiqidir.

Mustafa KAMAL,

"Respublika".