Ölkəmizin sülhpərvər mövqeyi və təşəbbüsləri yeni dünya nizamında
Siyasət

Ölkəmizin sülhpərvər mövqeyi və təşəbbüsləri yeni dünya nizamında

Bakı son günlərdə iki beynəlxalq əhəmiyyətli mötəbər tədbirə evsahibliyi edib

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu başa çatıb. Forumun panel iclaslarında və sessiyalarında bəşəriyyətin qarşısında duran yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər, iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, qlobal yoxsulluq, bərabərsizlik, iqlim böhranı və münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin və inkişafın axtarışı yolları və digər yeni çağırış və perspektivlər barədə müzakirələr aparılıb.Qlobal Bakı Forumu kimi mötəbər platformalar reallıqların, xüsusilə də postmüharibə dövründə sülh və təhlükəsizliklə əlaqədar mühüm məqamların dünyanın diqqətinə çatdırılması, ölkəmizin strateji maraqlarının qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Builki tədbirdə də Prezident İlham Əliyevin həm keçirdiyi görüşlər zamanı, həm də Forumdakı çıxışında Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etməsi böyük önəm daşıyır. Bir daha dünyaya bəyan edilir ki, ölkəmiz strateji hədəflərinə doğru inamla addımlayır.

Son bir həftə ərzində Bakı iki beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi etdi. Əvvəl Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü, ardınca isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə X Qlobal Bakı Forumu.

Dünya əhəmiyyətli belə mötəbər tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun göstəricisi, həm də dövlətimizin müxtəlif mühüm əhəmiyyətli problemlərlə bağlı mövqeyinin nümayiş etdirilməsi üçün əlverişli platformadır. "Mən burada müzakirə ediləcək bəzi mövzularla bağlı öz fikirlərimi və bəzi məlumatlarla bölüşmək istərdim. Panellərdən birinin multilateralizmə həsr olunması məni məmnun etdi. Xüsusilə ona görə ki, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır". Bu fikirləri dövlətimizin başçısı Forumun açılış mərasimindəki çıxışında deyib. Bildirib ki, Qoşulmama Hərəkatını canlandırmağa çalışdıq. Bu məqsədlə beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Prezident İlham Əliyevin atdığı addımlar, etdiyi çağırışlar məhz multilateralizm prinsipinə əsaslanır və bu, həmin aspektdə əməli fəaliyyət baxımından bir ilkdir. Prezident İlham Əliyev koronavirus pandemiyası dövründə Azərbaycanın dünyada nüfuzunu, imicini daha da yüksəltdi.

Qeyd edək ki, Multilateralizm - çoxtərəflilik prinsipini təşkilat BMT-nin 1945-ci ildə və ondan qısa müddət sonra isə bu gün pandemiya ilə mübarizənin ön sırasında yer alan Ümumdünya Səhiyyə Təşkilatının təsis edilməsi ən güclü şəkildə əks etdirir. "Son illər göstərdi ki, XXI əsrin çağırışlarında multilateralizm yeni yanaşmaları və tərəfdaşlığı tələb edir". Bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus "Dünya bu gün: çağırışlar və ümidlər" mövzusunda keçirilən X Qlobal Bakı Forumunda videomüraciətində deyib. ÜST-ün Baş direktorunun dediyi kimi, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Bu dövrə qədər mövcud sistemin təhlükəsizliyinə zəmanət verən prinsip və mexanizmlər isə artıq işlək deyil və bu, beynəlxalq düzəni təhdid edir. Cənab İlham Əliyevin təbirincə desək, "müasir beynəlxalq hüququn norma və prinsipləri aşınıb", BMT bu geosiyasi situasiyada artıq əsas vəzifələrin, beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək missiyalarının öhdəsindən gələ bilmir. Təəssüf doğuran məqam isə odur ki, bu vəziyyət əslində bir çoxları, xüsusən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri üçün münbit mühit hesab edilir və faktiki olaraq təşkilat islahatlar üçün açıq görünmür. Digər təəssüf doğuran məqam isə ehtiyac olmasına baxmayaraq, bu süni əngəlləri aşaraq BMT-nin fəaliyyətini təftiş etmək, qurumda islahatlar aparmaq məsələsində köklü təşəbbüslərin faktiki yox səviyyəsində olmasıdır. BMT fəaliyyətini səmərəli etməlidir ki, dünyanın çağırışlarına cavab verə bilsin. Eyni zamanda, regional təşkilatlar da fəaliyyətini gücləndirməlidir.

Panel müzakirələrdən biri də enerji və daşımalar dəhlizlərinə, enerji keçidinə həsr olunub. Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında enerji daşıyıcılarının nəqli, xüsusilə də karbohidrogen təminatı bazarının diversifikasiyası, Avropanın təbii qaz və xam neft təminatı mənbələrinin sayının artırılması istiqamətində ciddi işlər görülüb. Belə ki, Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Memorandum Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen və Prezident İlham Əliyev tərəfindən imzalanıb və hazırda icra olunur. Xatırladaq ki, Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər Azərbaycan 2021-ci ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdisə, bu il 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək. Ukraynadakı proseslər başlayandan sonra Avropa İttifaqının təbii qaz təminatında ciddi problemlər yaranmışdı. Brüsselin yardımına Bakı yetişdi və hazırda Azərbaycan ixrac qaz boru kəmərlərini genişləndirir. Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin təşəbbüsləri çox yüksək qiymətləndirilir. Olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü qlobal geosiyasətdə Azərbaycanın yerinin möhkəmləndirilməsi, rolunun artırılması, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı dövlət başçısının uzaqgörən - milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursunun nəticəsidir.

"Biz ağır bir zəmanədə yaşayırıq. Bu gün görürük ki, müharibələr daha da artır və burada müxtəlif siyasətlər, siyasi həllər zəruri xarakter daşıyır. Buna görə də lazımdır ki, insanlar bir araya gəlsin, icmalar bu işdə iştirak etsin və əslində tarixdən götürülmüş dərslər bundan sonra da bir daha nəzərdən keçirilsin. Biz bir-birimizi ayıran xətləri aşaraq, etnik, irqi və digər cəhətlərə baxmayaraq, ümumbəşəri məqsədlər üçün çalışmalı, mübarizə aparmalıyıq. Çünki hamımız bu fikirdəyik". Bu fikirləri X Qlobal Bakı Forumunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib. Qeyd edib ki, BMT 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərini, 2015-ci ildə isə Dayanıqlı İnkişaf Məqsədlərini qəbul edərək bütün bəşəriyyət üçün ümumi bir gündəlik müəyyənləşdirmişdir. İndi qarşımızda ümumi çağırışlar var. Pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün isə iqlim dəyişikliyi ilə yanaşı, su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Bu gün dünyada nə qədər insan aclıqdan əziyyət çəkir. Yeni çağırışların həlli yolları tapılmalıdır. Forum çərçivəsində qurulan təmaslar, keçirilən görüşlər Azərbaycanın hərbi-strateji qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi kontekstində də əhəmiyyətlidir. Xüsusilə, əlaqələrin sıxlaşdırılması işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə əlaqədar tərəfdaşlığın genişləndirilməsinə mühüm töhfə hesab oluna bilər. Bütövlükdə, X Bakı Qlobal Forumu Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini, Azərbaycanın yüksək beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına əlavə stimul verir.

Mustafa KAMAL,

"Respublika".