Ölkəmizin siyasi nüfuzunun göstəricisi
Digər xəbərlər

Ölkəmizin siyasi nüfuzunun göstəricisi

Ölkəmizin yüksək səviyyəli tədbirlərə evsahibliyi etməsi, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumların ölkəmizlə əməkdaşlığı prioritet məsələlərdən biri kimi müəyyənləşdirməsi Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Dövlətimiz hər zaman müxtəlif mövqelərə sahib olan qüvvələrin sülh üçün bir araya gəldiyi məkan kimi tanınmışdır. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə təşkil olunan konfranslar, forumlar, müxtəlif formatlı görüşlər xüsusi əhəmiyyət kəsb edir.

Dövlətimiz artıq beynəlxalq qurumlarda, sadəcə üzv ölkə kimi təmsil olunmur, eyni zamanda bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu mühüm müstəvilərdən hesab olunur. Forum, həmçinin dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması istiqamətində qlobal əhəmiyyətə malik qərarların qəbuluna mühüm töhfələr vermişdir. Azərbaycanın X Qlobal Bakı Forumuna ev sahibliyi etməsi bir sıra yeniliklərlə xarakterizə olunur. Ölkə başçımızın forumdakı çıxışında bütün bunlar bir daha öz əksini tapmışdır: "Biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə biz təşəbbüsümüzlə Parlament Şəbəkəsini yaratdıq. Onun ilk iclası Bakıda təşkil edildi. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis olundu və onun katibliyi Bakıda yerləşir".  Forumun mühüm diskussiya platformasına çevrilməsi Azərbaycanın beynəlxalq müstəvidə təsir gücünü artırmaqla yanaşı, ölkənin mövqeyini daha da möhkəmləndirmişdir.

Qlobal Bakı Forumu milli maraqlarımızın müdafiəsində, ölkəmizin inkişafı prosesində üzləşdiyi problemlərin həllində müstəsna rol oynamışdır. Bu il martın 9-da X Qlobal Bakı Forumu "Dünya bu gün: çağırışlar və ümidlər" mövzusunda keçirilən tədbirdə dünyanı narahat edən bir çox məsələlər müzakirə mövzusu olmuşdur. Rusiya-Ukrayna müharibəsi, COVID-19 pandemiyası, iqlim dəyişiklikləri və s. də bunların arasında yer almışdır. Təsadüfi deyil ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə bu cür geniş tərkibdə və formatda, hər hansı ideoloji çalardan uzaq şəkildə dünyanı narahat edən mövzulara toxunulmuşdur. Qlobal Bakı Forumunun əhəmiyyətli məqamlarından biri onun tam müstəqil fəaliyyət göstərməsidir. Bu da özlüyündə ölkəmizin müstəqil siyasət yürütdüyünü sübut edir. Qlobal Bakı Forumu öz fəaliyyətində bir istiqamətə yönəlməmiş, hansısa dairələrin maraqlarına uyğunlaşmaq məqsədi güdməmişdir. Bu forum heç bir tərəf sərgiləmədən, hər hansı bir cəbhədə yer almadan dünyanı narahat edən məsələlərin həlli istiqamətində obyektiv müzakirələrin təşkil olunmasının mümkünlüyünü bir daha sübut etmişdir. Bu isə Qlobal Bakı Forumunun dünyanın bu günü və gələcəyi üçün vacibliyini təcəssüm etdirir.

Xatırladaq ki,  9-11 mart tarixlərində keçirilən Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələlərinə, sülhün bərqərar olması üçün lazımi addımlara, parçalanmış dünyada dayanıqlılığın təmin olunmasına və qlobal sülhə təsirinə nəzər salınmış, qarşıda duran çağırışların həlli yolları müzakirə edilmiş, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulmuş, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadilələri aparılmışdır. Forumda iştirak edənlər Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşmüşlər. Ölkə başçımızın verdiyi tövsiyələr  münaqişələrin həlli, sülh quruculuğu sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsində yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərin yaranmasına əhəmiyyətli töhfə verəcəkdir.

Nəzrin ELDARQIZI,

"Respublika".