ÖLKƏMİZİN REGİONDA VƏ DÜNYADA QLOBAL ÇƏKİSİ ARTIR
Siyasət

ÖLKƏMİZİN REGİONDA VƏ DÜNYADA QLOBAL ÇƏKİSİ ARTIR

Dövlət başçımızın siyasi iradəsi firavan gələcəyimizə, yeni zirvələr fəth edəcəyimizə sarsılmaz inamın ən mühüm təminatıdır

Qlobal geosiyasi proseslərin və dünyada cərəyan edən hadisələrin, mövcud perspektivlərin dərindən təhlili Prezident İlham Əliyevə Azərbaycanın mütərəqqi inkişafına yönəldilə biləcək təhdidləri neytrallaşdırmağa, əhaliyə və bütün dünya azərbaycanlılarına nikbinlik və əminlik hissini bəxş etməyə imkan verdi.

Bu gün gerçək reallıqla bağlı belə bir təəssürat yaranır ki, həyatımızda nə müharibədən sonrakı, nə də postpandemiya vəziyyətinin əlamətləri var. Hər birimizin qarşısında möhtəşəm milli strategiyanın daha yüksək, keyfiyyətcə tamamilə yeni müstəvidə həyata keçirilməsi üçün gözəl perspektivlər açılıb.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində perspektivlərdən danışarkən bildirmişdir ki, 2020-ci il Vətən müharibəsindən sonra şanlı hərbi Qələbəni siyasi müstəvidə möhkəmləndirmək lazım idi. Dünya ictimaiyyətini Azərbaycanın haqlı olduğuna inandıra bildik, daxili və xarici siyasət mövqelərimizi gücləndirdik. İndi bütün bu proseslərin davam edəcəyi gözlənilir.

Dövlət başçısı müsahibə zamanı daha sonra qeyd etmişdi ki, bu şanlı Zəfər olmasaydı, xalqın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlişinə ruhlandıran quruculuq həvəsi də, sülh gündəliyinə bu qədər geniş beynəlxalq dəstək də olmazdı. Təsadüfi deyil ki, dünyanın 40 dost ölkəsindən beş yüzdən artıq böyük və nüfuzlu şirkətlər Qarabağımızın dirçəldilməsində fəal iştirak edir. Onların sırasında bəzi ölkələr təmsil olunmayıb, ancaq şübhəsiz, onların da iştirakı mümkün idi. Gəl ki, Fransa kimi məsuliyyətsiz bir oyunçu ikili standartlardan və ifrat ermənipərəstlikdən uzaq dursaydı...

Məşhur deyim var: "Görülən hər şey yaxşılığa doğrudur". Azərbaycanın daxili iqtisadiyyatı BMT Təhlükəsizlik Şurasının bu üzvü bizimlə əməkdaşlıq etsə də, etməsə də inkişaf edəcək. Əslində, ikiüzlü olan, ilk baxışdan inkişaf etmiş ölkə adını daşıyan, lakin reallıqda və trilyonlarla borc içində boğulan ölkələr olmadan da Azərbaycan bütün vəzifələrin öhdəsindən gələcək.

Rəqəmlər və faktlar həmişə müzakirələrin başında dayanır və buna görə də biz ötən ilin nəticələrinə nəzər salsaq görərik ki, Azərbaycanın ümumi daxili məhsulu rekord həddə - 134 milyard manata (təxminən 80 milyard dollar) çatmışdır. Eyni zamanda xarici ticarət dövriyyəsi də vaxtilə arzuedilən 50 milyard dollar həddini keçib və ikitərəfli iqtisadi əlaqələrin uzunmüddətli müsbət saldosu yaranıb.

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində gələcək nailiyyətlərin vektorunu açıqlayıb. Bildirib ki, Azərbaycan dünyada öz mövqeyini açıq şəkildə ifadə edən, müstəqil siyasət aparan çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Vətən müharibəsindən sonra bizim siyasətimizə onsuz da müsbət münasibət, rəğbət daha da artıb. Tarixi Zəfəri nəyin bahasına əldə etdiyimizi, hansı risklərə getdiyimizi, bu gün hansı qüvvələrə qarşı vuruşduğumuzu və mübarizə apardığımızı dünyanın siyasi elitası yaxşı bilir. Cənab Prezident həmişə əmin olduğunu bildirirdi ki, biz qalib gələcəyik, çünki doğru yolda idik, hərbi və siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz şübhəsiz ki, qüdrətimizi daha da artırırdı.

Düşünülmüş iqtisadi siyasət və dövlət başçısının islahatçı, yenilikçi istedadı sayəsində Azərbaycan 2023-cü ilin əvvəlinə kimi öz inkişafında böyük irəliləyişlərə nail olub, karbohidrogenlərdən asılılığını əhəmiyyətli dərəcədə azaldıb.

Dünya şahidlik etdi ki, milli iqtisadiyyatımızın şaxələndirilməsində mühüm irəliləyişlər əldə edilmişdir. Dövlət sahibkarlığa, aqrar sənaye kompleksinə ciddi köməklik göstərir. Ən əsası isə ölkəmizin ərzaq və milli təhlükəsizlik çərçivəsində əksər ərzaq məhsulları üzrə özünü təmin etmək səviyyəsinə çatması göz önündədir.

Bizim güclü ordumuz, güclü, sarsılmaz dövlətimiz var. Bu gün Azərbaycan dünya kosmik klubunun üzvü, Qoşulmama Hərəkatının sədridir ki, bu da onun nüfuzuna dəlalət edir. Halbuki, ictimai-siyasi sabitlik təmin edilmədən belə nəticələrə nail olmaq çətin olardı. Analitiklərin fikrincə, Azərbaycanın ümumi inkişafını qabaqcadan müəyyən edən də məhz bu amildir.

Uğur qazanmağımızın digər meyarları icra intizamının təmin edilməsi, vətəndaşların məsuliyyətinin geniş vüsət alması, eləcə də ölkə rəhbərliyinin düşünülmüş və genişmiqyaslı islahatlarıdır. Bütün bunlar istənilən inkişafın əsasını təşkil edir. Prezident İlham Əliyev gözəl anlayır ki, ümumi modernləşmə olmadan heç bir irəliləyiş mümkün deyil və ölkə tərəqqi etməyəcək. Məhz buna görə də dövlətimizin başçısı rəqəmsal texnologiyaların geniş tətbiqinə və infrastrukturun inkişafına xüsusi önəm verir. Bununla yanaşı, ölkədə genişmiqyaslı tikintiyə, məktəblərin və tibb müəssisələrinin təmirinə, şəhər və kəndlərin abadlaşdırılmasına, yolların, yeni nəqliyyat qovşaqlarının və körpülərin tikintisinə, müasir rabitə sisteminin yaradılmasına, yeni kommunikasiya texnologiyalarının tətbiqinə hələ 20 il bundan əvvəl başlanılmışdır.

Prezident digər ölkələrlə iqtisadi tərəfdaşlığı şaxələndirə, respublikamızın dünyada nüfuzunu inanılmaz zirvələrə yüksəldə bildi. Bunun nəticəsidir ki, Azərbaycanda keyfiyyətcə yeni sosial-iqtisadi və siyasi mühit formalaşmışdır. Prezident İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və yaratdığı siyasi sabitlik sayəsində ölkəmiz gələcəyə böyük inamla addımlayır.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu yeni şəraitdə həyata keçirən Prezident İlham Əliyev bütün sosial proqramları, iqtisadi və ictimai-siyasi, kadr islahatlarını əsl inqilabi əzmlə davam etdirir. Və bu transformasiyalar ölkənin simasını əsaslı şəkildə dəyişir. Bu gün hətta ən ucqar rayonlar belə sosial-iqtisadi və mədəni inkişafına, abadlıq miqyasına, memarlıq-bədii görkəminin gözəlliyinə görə respublikanın paytaxtından heç bir halda geri qalmır. Azərbaycanda isə irimiqyaslı transformasiyaların sürəti ən yaxşı dünya nümunələri ilə müqayisə oluna bilər.

İnformasiya və kommunikasiya, müasir texnoloji və idarəetmə nailiyyətləri Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatına fəal şəkildə daxil edilir. Bir çox irimiqyaslı transmilli layihələr uğurla həyata keçirilib. Bütün bunların başında isə bilavasitə Prezident cənab İlham Əliyev dayanır - ölkənin hərtərəfli transformasiyasına yönəlmiş və artıq reallığa çevrilmiş yeni ideya və layihələrin müəllifi. Məhz bunun sayəsində bu gün Azərbaycan istər regionda, istərsə də dünya çapında qlobal nüfuzu, çəkisi, önəmi daim artan bir ölkəyə çevrilib.

Emin QASIMOV,

"Respublika".