19 Mart Miqrasiya Orqanları İşçilərinin Peşə Bayramı Günüdür
Miqrasiya bəşər tarixinin bütün mərhələlərində mövcud olmuş, insanlar yaxşı, sakit və firavan həyat naminə bir şəhərdən və ya ölkədən digərinə köçmüş, yüz minlərlə kilometr yol qət etmişlər. Bugünkü qloballaşma və rabitə-nəqliyyat vasitələrinin sürətli inkişafı dövründə insanların sayı daha da artmışdır. Sürətli qloballaşma miqrasiya sahəsində yeni imkanlarla bərabər, həm də bütün dünyada cəmiyyətlər və ölkələr qarşısında müəyyən problemlər qoymuşdur. Doğrudur, Azərbaycan üçün bütövlükdə miqrasiya prosesləri yeni bir məfhum deyil. Hələ 1994-cü ildə Azərbaycanda “Əsrin müqaviləsi” imzalandıqdan sonra neft layihələrinin gerçəkləşməsi, yeni neft və qaz kəmərləri çəkilişinə başlanılması ərəfəsində ölkəmizə xarici investisiyalarla bərabər, əcnəbi mütəxəssislərin və işçi qüvvələrinin miqrasiyası, iqtisadi böhrandan yenicə qurtarmağa çalışan, işsizliyin baş alıb getdiyi respublikada bir qədər ehtiyatla qarşılanırdı. Məhz həmin dövrlərdə ümummilli lider Heydər Əliyev öz müdrik uzaqgörənliyi ilə bu prosesin mahiyyətini açıqlayaraq demişdir: “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”.
Dövlət miqrasiya siyasəti milli maraqların və milli təhlükəsizliyin qorunmasına xidmət edir. Dərin və qlobal maliyyə böhranının dünyanın ən qabaqcıl və inkişaf etmiş nəhəng dövlətlərinin sosial-iqtisadi həyatına amansız müdaxilə etdiyi bir dövrdə, ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu gənc Azərbaycan Respublikası öz müstəqillik salnaməsinə tarixi uğurlar yazmaqda davam edir. Qloballaşan XXI əsrdə Azərbaycanın imza atdığı bu tarixi uğurlar möhtərəm Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin uzaqgörən strateji xəttini çox böyük siyasi ustalıqla dünyanın və zamanın sərt tələblərinə uyğunlaşdıraraq davam etdirdiyini və ölkəmizi regionun lider dövlətinə çevirməklə ona böyük şərəf, sosial rifah və tərəqqi gətirdiyini göstərir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında miqrasiya proseslərinin tənzimlənməsinin, bu sahədə ciddi nəzarət mexanizminin yaradılmasının vacibliyini qeyd etmişdir: “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur”. Bəli, miqrasiya sahəsinə nəzarətin gücləndirilməsi sistemli şəkildə ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmin olunması sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaratmışdır.
Dövlət miqrasiya siyasətinin həyata keçirilməsində beynəlxalq konvensiyalara və onların tələblərindən irəli gələn məsələlərə də xüsusi önəm verilir. Miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Müstəqil Dövlətlər Birliyi ilə sıx əməkdaşlıq edir. Mütəxəssislərimiz dünyanın bir çox qabaqcıl ölkələri - Almaniya, Avstriya, İsveçrə, Rusiya və digər ölkələrin miqrasiya sahəsində təcrübələrini öyrənir, əməkdaşlıq əlaqələrini genişləndirirlər. Dünya birliyinin tamhüquqlu üzvü kimi Azərbaycan bu günədək 15 beynəlxalq akta və konvensiyaya qoşulmuşdur. Bu sahədə keçirilən beynəlxalq tədbirlərə və qəbul edilmiş sənədlərə də xüsusi önəm verilir.
Bu gün uğurlu inkişaf dövrünü yaşayan Azərbaycanda miqrasiya orqanları işçiləri peşə bayramını qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası Miqrasiya Orqanları İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Azərbaycan inkişaf etdikcə, əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün daha cəlbedici bir regiona çevrilir, ölkəmizə miqrasiya axını ildən-ilə artır. Bu da, ölkənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini və bu sahədə beynəlxalq əməkdaşlığı zəruri edir. DMX də öz fəaliyyətində daim dövlətimizin başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutur, göstərilən yüksək diqqət və qayğının müqabilində işini ən müasir tələblər səviyyəsində qurmağa çalışır.
Respublikamızın nəqliyyat, energetika, kənd təsərrüfatı infrastrukturunun yenidən və ən müasir tələblər səviyyəsində qurulması, Milli Ordunun möhkəmləndirilməsi, ölkədə müdafiə sənayesinin gücləndirilməsi, təhsildə, səhiyyədə köklü islahatların aparılması və Azərbaycanın sürətlə qabaqcıl dünya ölkələrinə inteqrasiyası və s. müstəqil ölkəmizin dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilməsinə gətirib çıxarmışdır.
Nurlan ABDALOV,
“Respublika”.