Ölkəmizin haqq səsi beynəlxalq platformalarda
Siyasət

Ölkəmizin haqq səsi beynəlxalq platformalarda

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Cənubi Qafqaz və Avrasiyanın gələcəyi, habelə Rusiya-Ukrayna müharibəsinin hər 3 ölkəyə təsiri və digər vacib məsələlərə toxunuldu. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etdilər.

Həm Avropanın, həm də Asiyanın təhlükəsizliyi üçün mühüm rol oynayan bir ölkənin lideri, yeni reallıqların strateji müəllifi olan siyasətçi kimi Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və fikirləri demək olar ki, bütün dünyanın diqqət mərkəzində idi. Avrasiya və Qafqazda təhlükəsizliyin təmin olunması baxımından Azərbaycan reallığı özünü bir daha göstərir. Təkcə siyasi və hərbi cəhətdən yox, eləcə də, Avropanın enerji təminatı baxımından da Azərbaycanın başlıca oyunçulardan biri olması bunu sübut edir.

Digər tərəfdən, tədbirdə ölkə başçımızın çıxışı zamanı vurğuladığı Laçın yolundakı saxta blokada vəziyyəti barədə faktlar da Avropanın məsələni anlaması üçün önəmli oldu. Hər şeydən öncə, ölkəmizin Münxendə qalib ölkə, ədalətin və sülhün təminatçısı kimi çıxış etməsi qürurvericidir. Bildiyimiz kimi, ölkə başçımız 2020-ci il fevral ayının 15-də Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilən zaman münaqişənin həll yollarını ictimaiyyətə çatdırdı. Lakin yenə də Ermənistan tərəfi sülh prosesini gecikdirməyə cəhd etdi. Təcavüzkarın ərazilərimizdə status-kvonun qorunmasına səy göstərməsi regionda yenidən öz əksini tapdı. Nəticədə dövlətimiz işğalçının "məğlubedilməzlik" mifini 44 gündə darmadağın edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Artıq Münxendə Nikol Paşinyanın 2020-ci ildə keçirilən panel iclas zamanı tarixi saxtalaşdıraraq bəyan etdiyi fikirləri yox, ölkə başçımızın səsləndirdiyi həqiqətləri danışırlar. Özündən əvvəlki sələfləri kimi dövlətimizin suveren və sülhsevər olmasından istifadə edə biləcəyini düşünən Ermənistan hakimiyyəti bu gün və keçmişdə olduğu kimi öz havadarlarından mədət umur.

Regionda mütləq hakimiyyətin Azərbaycan dövləti olmasını həzm edə bilməyən Paşinyanın blokada planı da digərləri kimi uğursuz oldu. Belə ki, Avropanın hakim dairələrini bu çirkin plana inandırmağa çalışan baş nazir ölkə başçımızın çıxışı zamanı söylədiyi arqumentlərə əsaslı cavab verə bilmədi: "Dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq".

Ölkə başçımızın çıxışı zamanı Avropanın hakim qurumlarına mesajı aydın idi. Belə ki, beynəlxalq məkanda məsələnin dondurulması, BMT-nin müvafiq qətnamələrinin Ermənistan tərəfindən icra edilmədiyi üçün sanksiyaların tətbiq edilməməsi və münaqişənin həlli istiqamətində yetərli səy göstərilməməsi Prezident İlham Əliyev tərəfindən vurğulandı. Ötən əsrin 90-cı illərindən başlayan Ermənistanın Azərbaycana təcavüzü hakim qüvvələr tərəfindən əngəllənmədi, əksinə Ermənistanın beynəlxalq arenadakı havadarları təcavüzkarı daha da şirnikləndirdi. İşğalçı ölkəyə sanksiyaların tətbiq edilməməsi, habelə ATƏT-in Minsk qrupunun öz missiyasını yerinə yetirə bilməməsi ikili standartın göstəricisi idi. Bu məsələ ilə bağlı ölkə başçımız Ermənistana lazımi cəzanın tətbiq edilməməsi barədə qeyd etdi: "Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq".

Ədalətin bərpası, habelə işğaldan azad edilmiş ərazilərdə sabitliyin bərqərar olmasına əngəl olan Ermənistan rejimi artıq ölkəmizin regional lider olduğunu anlamalıdır. Tarixən qonşu olan iki xalqın təhlükəsizliyi, eləcə də gələcəyi tam təmin olunmalıdır. Ərazilərimizdə hər hansı bir xarici qüvvənin söz sahibi ola bilməyəcəyini və sülh prosesi çərçivəsində Ermənistan dövlətinin yalnız Azərbaycanın siyasi maraqları çərçivəsində danışıqlara davam etməli olacağı anlaşılmalıdır.

Nurlan ABDALOV,

"Respublika".