Ölkəmizin Cənubi Qafqazda sülhə, əmin-amanlığa hədəflənmiş təşəbbüsləri digər dövlətlər tərəfindən təqdir olunur
Siyasət

Ölkəmizin Cənubi Qafqazda sülhə, əmin-amanlığa hədəflənmiş təşəbbüsləri digər dövlətlər tərəfindən təqdir olunur

İkinci Qarabağ müharibəsi Ermənistanın ərazilərimizi işğal etməsindən 30 il sonra başladı. Bu müddət ərzində qarşı tərəflə münaqişəni sülh yolu ilə həll etmək istəyən Azərbaycan bu istiqamətdə mühüm addımlar atdı. Beynəlxalq səviyyədə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, ölkəmizin ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulduğunu dəfələrlə bildirən Prezident İlham Əliyev münaqişənin həllini öz öhdəsinə götürən Minsk qrupunu, beynəlxalq qurumları, təşkilatları bu məsələnin sülh yolu ilə həll olunmasına ciddi səy göstərməyə çağırdı. Lakin işğalçı ölkə beynəlxalq hüquq normalarına, Azərbaycanın sülh təşəbbüsünə məhəl qoymadı. Ölkəmizlə sərhəd rayonlarda təxribatlar törətməkdən əl çəkməyərək daha böyük ərazilər zəbt etmək niyyətini reallaşdırmaq istədi. Nə beynəlxalq təşkilatların, nə də Ermənistanın məsələnin sülh yolu ilə həllində maraqlı olmadığına əmin olan Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də düşmən ölkənin növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlanmasına əmr verdi. Ərazi bütövlüyümüz uğrunda Vətən müharibəsi başladı. Öz torpaqlarında döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni məğlub edərək ərazilərinin 30 illik işğalına son qoydu. Ermənistan bütün dünyanın gözü qarşısında kapitulyasiya aktı imzalayaraq təslim oldu.

İkinci Qarabağ müharibəsində zəfər çalan Azərbaycan məğlub Ermənistana sülh təklif etməklə regionda əmin-amanlığın təmin olunmasına səy göstərir. Hər zaman sülhü, təhlükəsizliyi təşviq edən müstəqil ölkəmiz bununla barışın, birgəyaşayışın fonunda sabit və dayanıqlı inkişafa mühüm töhfə verir. Baxmayaraq ki, iki əsrdən çox zaman ərzində Ermənistan xalqımıza qarşı düşmənçilik siyasəti həyata keçirmiş, qətliamlar, soyqırımları törətmişdir, humanist ideyalara sadiq qalan, sülhsevər Azərbaycan düşmən ölkə ilə sülh şəraitində qonşuluq əlaqələri qurmaq niyyətini bildirir. Bu humanist addım bir daha ölkəmizin sülhə, təhlükəsizliyə, barışa səy göstərdiyinin, müharibə istəmədiyinin nümunəsidir.

Azərbaycanın tarixi torpaqlarında dövlət quran Ermənistan isə məğlub olduğu müharibədən iki il ötməsinə baxmayaraq, işğalçılığından əl çəkmir. Məğlubiyyətindən dərs götürməyərək sərsəm ideyalarını həyata keçirmək cəhdlərini səngitmir. Azərbaycanla sərhəd rayonlarda təxribatlar törətməkdə davam edir. Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamağa razılıq versə də, bu istiqamətdə heç bir əməli addım atmır, həmişə olduğu kimi, verdiyi sözə əməl etməkdən boyun qaçırır. İstər müharibədən əvvəlki 30 il ərzində, istərsə də postmüharibə dövründə bölgədə sabitliyi pozan, region ölkələri arasında dostluq, əməkdaşlıq əlaqələrinin qurulmasına mane olan Ermənistan törətdiyi təxribat əməlləri ilə sülhü təhdid edir. Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində revanşist siyasətinin, Azərbaycanın regionda yaratdığı vəziyyəti öz xeyrinə dəyişmək cəhdinin nəticəsi olaraq sentyabr ayının 12-də düşmənin törətdiyi növbəti təxribatı qarşı tərəfin regionda sülhün bərqərar olmasını istəmədiyinin göstəricisi idi. Çünki avqust ayının 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə dördüncü görüşü zamanı sülh razılaşması, humanitar, sərhəd və kommunikasiya məsələləri istiqamətində razılıq əldə olunsa da, minaların təmizlənməsi, əsir və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılsa da görüşdən bir neçə gün sonra, sentyabrın 12-də düşmən ölkə yenidən Azərbaycanla sərhəd rayonunda gərginlik yaratmış, "torpaqların qaytarılması", "Qarabağın müstəqilliyinin təmin edilməsi" kimi sərsəm iddialarını irəli sürmüşdü. Azərbaycan Silahlı Qüvvələri tərəfindən geri oturdulan Ermənistan dövləti bu əməli ilə bir daha öz xislətini nümayiş etdirməklə təxribat törətməyə, işğalçılıq siyasəti yürütməyə davam etdiyini göstərmişdir.

İkinci Qarabağ müharibəsi bitdikdən sonra da imzaladığı üçtərəfli bəyanatların müddəalarına, əldə edilmiş razılıqlara əməl etməyən düşmən ölkənin Azərbaycana qarşı növbəti təcavüzü bu gün reallaşması ən vacib məsələ olan sülh prosesinə tamamilə ziddir. Bir tərəfdən sülh sazişi imzalamağa, sərhədlərin delimitasiyasına razılıq verən, digər tərəfdən isə özgə torpağını özününküləşdirmək istəyindən əl çəkməyən təxribatçı ölkə bu əməlləri ilə təkcə regionda deyil, bütün dünyada sülhü, əmin-amanlığı təhdid edir.

Ermənistanın törətdiyi təxribatla bağlı sentyabr ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edən ABŞ dövlət katibi Antoni Blinken Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə etmişdir. Ölkə başçımız ABŞ dövlət katibinə sərhəddəki gərginliyin Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində baş verdiyini və bu hadisədən Ermənistanın hərbi və siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirmiş və Azərbaycanın sülh gündəliyini dəstəklədiyini və bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulamışdır. Öz növbəsində, Antoni Blinken də ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcəyini qeyd etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün ona zəng edən Fransa Respublikasının Prezidenti Emmanuel Makronun da genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətinə çatdırmışdır. Dövlətimizin başçısı Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini vurğulamışdır.

Ermənistanla Azərbaycan münasibətlərinin normallaşması, iki ölkə arasında Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında sülh müqaviləsinin imzalanması, ölkələrin sərhədlərinin delimitasiya və demarkasiyasının aparılması, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi və s. məsələlərdə obyektiv, qərəzsiz mövqedən çıxış edən Avropa İttifaqı regionda sülhün, əmin-amanlığın təmin olunmasına mühüm töhfələr verir. Belə ki, İkinci Qarabağ müharibəsindən ötən iki il müddətində Avropa İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında dörd dəfə görüş keçirilmiş və bu görüşlərin keçirilməsində başlıca məqsəd Azərbaycanın regionda sülhün, təhlükəsizliyin təmin olunması cəhdinin dəstəklənməsi olmuşdur. Aİ Şurasının Prezidenti Şarl Mişellə sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışıqları zamanı da regionda gərginliyin aradan qaldırılması, davamlı sülhün, əldə olunmuş atəşkəs razılaşmasının təmin edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin edən müstəqil Azərbaycan Cənubi Qafqazda sülhə, barışa, sabit və dayanıqlı inkişafa mühüm töhfə verir, bu məqsəd uğrunda əzmlə mübarizə aparır. Ölkəmizin Cənubi Qafqazda sülhə, əmin-amanlığa hədəflənmiş təşəbbüsləri dünya ölkələri tərəfindən də dəstəklənir.

M.VƏLİQIZI,

"Respublika".