Ölkəmizə olan ikili münasibət regionda sülhə, sabitliyə qarşı yönəlmiş addımdır
Siyasət

Ölkəmizə olan ikili münasibət regionda sülhə, sabitliyə qarşı yönəlmiş addımdır

Azərbaycan qədim və keşməkeşli tarixi, zəngin milli-mənəvi dəyərləri ilə İslam dünyasının sülhsevər, tolerant ölkəsidir. Din və çoxmədəniyyətlilik sahəsində mühüm mövqeyə malik olan müsəlman cəmiyyətləri tarix boyunca bütün xalqların nümayəndələri ilə bir arada yaşamaq sahəsində xeyli təcrübə əldə etmiş, bunu insani varlığı daha da zənginləşdirən bir dəyər olaraq qiymətləndirmişdir.

Müstəqil ölkə kimi özünü dünyada təsdiq edən, daim dünya ölkələri ilə sülh və dostluq şəraitində əməkdaşlığa böyük önəm verən, dinamik inkişafı ilə bölgədə və dünyada etibarlı tərəfdaşa çevrilən Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadi və digər sahələrdəki əməkdaşlığın dəstəklənməsinə hər zaman töhfə vermişdir. Ölkəmizin əsas missiyası yalnız İslam dünyası deyil, həm də bütün dünyada terrorizm, ekstremizm, nüvə silahları, hərbi münaqişələr və s. ilə mübarizədə birlik nümayiş etdirmək olan İslam Əməkdaşlıq Təşkilatının üzvü olması bunun bariz nümunəsidir.

Vaxtilə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Kasablanka Zirvə toplantısında Heydər Əliyev çıxış edərək demişdir: "...Biz fəxr edə bilərik ki, İslam Konfransı Təşkilatı da məhz bu nəcib məqsədlərə xidmət edir. Asiyanın, Afrikanın və Avropanın 52 dövlətini birləşdirən bu təşkilat bir milyard nəfərdən çox əhaliyə, böyük mənəvi, siyasi, iqtisadi, elmi və mədəni potensiala malikdir. Ölkələrimiz arasında həmrəylik, hərtərəfli əməkdaşlıq, sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün ədalətə əsaslanan zəruri tədbirlər görülməsi İslam Konfransı Təşkilatının əsas prinsipləridir və onun nizamnaməsində öz ifadəsini tapmışdır. Azərbaycan Respublikasının Prezidenti kimi mən öz qardaşlarımla - müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm. Əminəm ki, Mərakeşdəki Zirvə görüşü Azərbaycanın bütün İslam dünyası ilə əməkdaşlığının genişlənməsinə və dərinləşməsinə kömək edəcəkdir".

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin xarici siyasətində İslam ölkələri arasında birliyin gücləndirilməsi, çoxşaxəli əlaqələrin inkişafı, bütün İslam xalqlarının azadlıq və milli hüquqlarının qorunmasının dəstəklənməsi əsas prioritet təşkil edir və bu istiqamətdə gələcəyə hədəflənmiş siyasət yürüdülür.

"İslam dəyərlərini qoruyub saxlayan" İran İslam Respublikası isə bəzi qərb dövlətləri kimi, hər zaman ölkəmizə qarşı ikili münasibət bəsləmiş, ermənipərəst mövqe nümayiş etdirmişdir. Bu mövqe qərb dövlətlərindən hardasa gözləniləndir. Lakin bir İslam ölkəsindən beynəlxalq aləmdə sülhsevər, heç bir dövlətin daxili işlərinə qarışmayan, bütün dünyada sülhə, təhlükəsizliyə töhfə verən bir ölkə olaraq qəbul edilən Azərbaycana qarşı anti-Azərbaycan münasibəti bəsləmək, onun düşməni ilə dost olmaq, İran-Ermənistan qardaşlığından, həmrəyliyindən dəm vurmaq isə nə gözlənilən, nə də anlaşılandır. Çünki İslam dini qardaşlığı, dostluğu, sülhü, əmin-amanlığı təşviq edir, düşmənçiliyi, riyakarlığı, ikiüzlülüyü deyil.

44 günlük Vətən müharibəsini Azərbaycan heç bir ölkədən yardım, kömək istəmədən apardı və qalibiyyətlə başa vurdu. Müharibənin ilk günündən etibarən qardaş Türkiyə Respublikası Azərbaycanın yanında olduğunu bəyan etdi. Azərbaycanın haqq işini dəstəkləyən digər ölkələr də az olmadı. Lakin müharibə başlayan gündən Ermənistanı silahlandıran, ölkəmizə qarşı hər addımda düşmənin yanında olan İran İslam Respublikası isə müharibənin son günlərində, artıq Azərbaycanın qalibiyyətinin tam öz təsdiqini tapmasından sonra ölkəmizə guya dəstəyini bildirdi. Elə 30 illik işğal dövründə də İran Ermənistana havadarlıq edənlərdən biri olmuşdur. Belə ki, işğal edilmiş Azərbaycan torpaqlarında mənfur düşmənin vandallıq siyasətinə dəstək verən İran dövlətinin şirkətləri Azərbaycanın yeraltı-yerüstü sərvətlərinin talan edilərək xarici bazarlarda satılmasında ermənilərlə əlbir fəaliyyət göstərmişdir. Xalqımıza məxsus müqəddəs dini inanc yerlərimizin dağıdılmasına, təhqir olunmasına göz yummağı bir yana, İran Ermənistanla birgə Şuşada, İrəvanda məscidlərin "təmir olunmasını" həyata keçirmişlər.

Öz əməlləri ilə hər zaman ermənilərin mövqeyində dayandığını açıq-aşkar nümayiş etdirən İran Respublikası bu gün də ənənəsinə sadiq qalaraq Azərbaycanla sərhəddə ermənilərlə birgə təlimlər həyata keçirir. 30 il ərzində Azərbaycan torpaqları işğal altında olanda yalnız növbətçi bəyanatlarla kifayətlənən "qardaş" İran İslam Respublikası indi Ermənistanın ərazi bütövlüyünün pozulmasından narahatlıq ifadə edir, "qırmızı xətt" olması ilə bağlı bəyanatlar səsləndirir.

Bəli, Azərbaycan müstəqilliyinin bərpasından dərhal sonra ordu quruculuğuna başladı və bu istiqamətdə mühüm işlər həyata keçirdi. 5-ci nəsil silahlarla silahlanmış, dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində düşmənə qan qusdurması bunun əyani sübutudur. Və postmüharibə dövründə də dövlətimiz ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, təkmilləşdirilməsi üçün bütün lazımi tədbirləri görür. Bu tədbirlərin əsasında isə Türkiyədə və Azərbaycanda həyata keçirilən birgə təlimlər mühüm yer tutur. Lakin qonşusuna baxıb özünü oda yaxan İran isə Azərbaycan sərhədində qeyri-peşəkar, müasir standartlara cavab verməyən, uzun illər tətbiq olunmuş sanksiyalar səbəbindən texnoloji cəhətdən hələ 70-ci illərin səviyyəsində qalan ordusu ilə hərbi təlimlər keçirərək nəinki Azərbaycanı hədələyir, əksinə, özünü gülünc vəziyyətinə salır. Belə ki, nümayiş olunan kadrlardan İranın köhnə tanklardan ibarət ağır texnikasının təlimlər zamanı hədəfləri düzgün müəyyənləşdirmədiyi açıq şəkildə görünür. Ağızdolusu təriflədiyi dronları isə Ukrayna ordusu tərəfindən asanlıqla məhv edilir.

İranın anti-Azərbaycan mövqeyi, ölkəmizə olan ikili münasibəti Azərbaycanı qəti şəkildə narahat etmir. Çünki Azərbaycan türk birliyinə, həmrəyliyinə töhfə verən və lazım gəldikdə türk dünyasına arxalanan sözü bir, əməli bir, heç bir ölkədən, beynəlxalq təşkilatdan asılı olmayan, müstəqil siyasət yürüdən dövlətdir. Oktyabr ayının 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı səsləndirdiyi fikirlər İran və eyni zamanda bəzi qərb dövlətləri üçün ciddi ismarışdır: "Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır".

Mehparə ƏLİYEVA,

"Respublika".