Ölkəmizdə yeni iş yerlərinin yaradılması artıq daimi xarakter alıb
Sosial həyat

Ölkəmizdə yeni iş yerlərinin yaradılması artıq daimi xarakter alıb

“Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla  bağlı mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının  Prezidenti.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri neft-qaz sektorunda dayanıqlı inkişafın təmin edilməsinə, iqtisadiyyatın diversifikasiyası nəticəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsinə,  yeni müəssisələrin yaradılmasına və yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır.

Belə ki, 2021-ci ilin 6 ayı ərzində ölkəmizdə 30,9 min yeni iş yeri açılıb. Bu dövrdə yeni iş yerlərinin 89,1 faizi qeyri-dövlət sektorunda yaradılıb. Yeni iş yerlərinin 75,8 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,6 faizi digər rayonların, o cümlədən 4,6 faizi Gəncə-Daşkəsən, 4 faizi Abşeron-Xızı, 3,2 faizi Lənkəran-Astara, 2,8 faizi Quba-Xaçmaz, 2,1 faizi Şəki-Zaqatala, 1,9 faizi Qazax-Tovuz,1,2 faizi Mərkəzi Aran,1,1 faizi Şirvan-Salyan, 0,9 faizi Qarabağ, 0,7 faizi Dağlıq Şirvan, 0,7 faizi Mil-Muğan, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yeni açılan iş yerlərinin 11,7 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 85,5 faizi mövcud müəssisə və təşkilatlarda,0,6 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 2,2 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxs statuslu təşkilatlar tərəfindən yaradılan iş yerlərinin 22,8 faizi tikinti,18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi emal sənayesi,7,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 38,3 faizi digər sahələrdə açılıb.

2021-ci ilin birinci yarımili ərzində ölkədə  3,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanan iş yerlərinin 40 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 38,5 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 61,5 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.

Ötən illər ərzində Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılıb. Respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə şərait yaradan bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm Fərman və sərəncamların imzalanması, habelə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da böyük önəm daşıyıb.  Yeni iş yerlərinin açılması və əhalinin məşğulluq probleminin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məhz bu sahədə qazanılan uğurlara görə, Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə mükafata layiq görülüb.

Ölkə başçısı bu istiqamətdə əldə olunan nailiyyətlər barədə bildirib ki, bütün bu işlər verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur: “ Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu  əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı. Biz əgər bu işlərə başlamasaydıq, indi heç biri olmasaydı, kənd təsərrüfatı istehsalı bu qədər artmayacaqdı, bu qədər iş yerləri yaradılmayacaqdı. Bizim qəbul etdiyimiz qərarların real nəticələri bunlardır”.

Şübhəsiz,  sosial müdafiənin ən yaxşı forması əhalinin işlə təminatının yüksək səviyyəyə çatdırılmasıdır. Odur ki, dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas prinsiplərindən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Əhalinin rifah halının və yaşayış səviyyəsinin yüksəlməsində, yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayan faktorlardan biri də özəl sektorun və sahibkarlığın inkişafıdır. Dövlət tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi onların bizneslərini inkişaf etdirərək, yeni iş yerləri açmasına imkan yaradır.

Ölkə başçısının təşəbbüsü ilə hazırlanmış, haqqı ödənilən ictimai işlərin təşkilinin  sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə xidmət edən “İşsizin DOSTU” proqramı çərçivəsində 2019-cu ilin əvvəllərindən 38 min ödənişli ictimai iş yeri yaradılıb. Məşğulluq mərkəzlərində qeydiyyatda duran, əsasən həssas qruplardan olan  47 min işsiz və işaxtaran şəxsin “İşsizin DOSTU” proqramı çərçivəsində yaradılmış iş yerlərində haqqı ödənilən işlərlə təminatı həyata keçirilib. Belə iş yerləri ilkin peşə hazırlığı olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyır.

Prezident İlham Əliyev 2020-ci il fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial- iqtisadi inkişafı Dövlət  Proqramı”nın icrasının birinci  ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bildirib ki,  iqtisadi artım ölkəmizdə yeni iş yerlərinin yaradılmasına böyük töhfələr verib: “Qeyd etməliyəm ki, keçən il 98 min yeni iş yerləri yaradılmışdır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki,  bu, daimi proses olmalıdır. Çünki Azərbaycanda əhali yüksək templərlə artır və iqtisadiyyat,  iqtisadi inkişaf , o cümlədən iş yerlərinin yaradılması demoqrafiq inkişafı daim üstələməlidir. Buna görə biz  daim bu məsələyə xüsusi diqqət verməliyik. Ancaq o da həqiqətdir ki, hər bir iş yerinin yaradılması üçün həm dövlət,  həm özəl  sektor tərəfindən  böyük vəsait tələb olunur. Çünki iş yerlərinin yaradılması elə boş yerə olmur, gərək infrastruktur, şərait, imkanlar olsun. Özəl sektor, əlbəttə ki, iş yerlərini yaradan əsas sektor olaraq öz sözünü deyir və  deməlidir”.

Bəli, bu gün ölkədə yeni iş yerlərinin yaradılması istiqamətində işlər artıq daimi proses xarakterini almışdır. Ölkədə yaradılan sənaye parkları da bu prosesə töhfə verməkdə davam edir. Həmin işlərin davamı olaraq bu günlərdə  Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olmuşdur. Ölkə başçısı açılışda iştirak edib.

Ümumiyyətlə, sənaye parkları ölkədə sənaye istehsalının genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Bu ilin mayında  dövlət başçısının  imzaladığı fərmanla yaradılan Ağdam Sənaye Parkı isə sayca 6-cıdır.

Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin olunub. Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si  istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkında yaradılan “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyəti də  sənayeləşmə  siyasətinə uyğun olaraq ölkəmizdə daxili  tələbatın  ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarımızı genişləndirən yüzlərlə müasir sənaye müəssisələrindən biridir. Müəssisə parkda fəaliyyətə başlayan 17-ci rezidentdir. “Azmonbat”da istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator  batareyalarının utilizasiyası aparılacaq, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunacaq. Müəssisədə bir sıra ölkələrin  qabaqcıl  texnologiyalarından istifadə edilir. 100 nəfərin daimi  işlə təmin olunduğu müəssisədə istehsal edilən məhsullar  daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB  ölkələrinə ixrac ediləcək.

Onu da qeyd edək ki, məşğulluq problemi koronavirus pandemiyasının çətin vaxtlarında da dövlətin diqqət mərkəzində olub. Belə ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı  koronavirus pandemiyasının milli  iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun  tədbirləri özündə əhatə edirdi.  Müvafiq nazirlik  strukturları ilə keçirdiyi onlayn müşavirədə: “Bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə  yetirilməlidir, bütün  sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir”—deyən ölkəmizin lideri həmçinin bildirib ki, əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır.

Dövlət başçısının 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə əsası qoyulan özünüməşğulluq proqramı da ölkəmizdə uğurla həyata keçirilir. Bütün bunlar isə vətəndaş məmnunluğunu təmin edir.

Zümrüd QURBANQIZI,

“Respublika”.