Ölkəmizdə yaşıllıqların bərpası və artırılmasına diqqət göstərilir
Ekologiya

Ölkəmizdə yaşıllıqların bərpası və artırılmasına diqqət göstərilir

Hövsan Aerasiya Stansiyası Cənubi Qafqazda ən böyük bioloji tipli tullantı sutəmizləyici qurğudur. Stansiya 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin nəzarəti altında Bakı şəhərinin infrastrukturunun inkişafını nəzərdə tutan layihə çərçivəsində inşa edilib. Bakının çirkab sularının 60 faizi burada təmizlənərək Xəzər dənizinə axıdılır. Uzun illər istismarda olan avadanlığın köhnəlməsi və Xəzərin ekoloji təmizliyinə diqqətin artırılması stansiyanın yenidən qurulması zərurətini yaratmışdır. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən yenidən qurulan bu stansiya nəhəng infrastruktur layihələrindən biridir.

Stansiyanın ərazisində yeni qurğular tikilmiş, avadanlıq təzələnmiş və tam avtomatlaşdırılmışdır. Əsaslı yenidənqurma işləri başa çatdıqdan sonra stansiyanın sutkalıq gücü 480 min kubmetrdən 640 min kubmetrədək artırılıb. Stansiyada Türkiyənin “HAUS” şirkətinin istehsalı olan yeni lil susuzlaşdırıcı dekantorlar quraşdırılması nəticəsində izafi lilin miqdarı gündəlik 2 min 500 kubmetrdən 150 kubmetrə qədər azalıb. Stansiya mərkəzləşdirilmiş idarə sistemi ilə işləyir və tullantı sularının mexaniki, bioloji və kimyəvi zərərsizləşdirilməsi proseslərinə tam nəzarət olunur. Burada təmizlənən suyun bir hissəsi yaşıllıqların suvarılmasında istifadə olunur.

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC ölkəmizdə yaşıllıqların salınması, becərilməsi, bərpası, artırılması və münasib infrastrukturların inkişafı ilə bağlı işlərin yerinə yetirilməsini təmin edir.

Son illərdə böyük yaşıllaşdırma layihələri işlənmişdir. Yaşıllaşdırma idarələrinin sayı artırılmışdır ki, bu da layihələr və layihələrdən kənar ərazilərdə salınmış yaşıllıqların becərilməsi, mühafizəsi və qorunması işinin daha operativ həyata keçirilməsini təmin etmişdir. İstehsalat fəaliyyətinə başladığı dövrdən bu günə kimi yaşıllıqların salınması üçün ayrılmış ərazilər hətta mal-qara otarmağa yararsız, şoranlaşmış, su və qamışlıq basmış, bataqlaşmış, neft və tikinti tullantıları ilə çirklənmiş, istifadəsiz qalmış torpaqlardan ibarət olmuşdur.

Bu müddət ərzində həmin ərazilərdə 4 milyon kubmetrdən artıq torpaq-hamarlama işləri aparılmış, dərə və yarğanlar doldurulmuş, neft və məişət tullantıları ilə çirklənmiş ərazilər təmizlənmiş, sahələrə yaşıllıqların salınması üçün münbit torpaq qatı əlavə edilmiş, üzvi və mineral gübrələr verilmişdir.

11 min kilometr uzunluğunda damcılı suvarma sistemi quraşdırılmış, 23 ədəd müxtəlif güclü transformatorlar, 13 min 400 kubmetr həcmində 13 ədəd dəmir-beton və 4 min 95 kubmetr həcmində 49 ədəd dəmir və plastik su çənləri qurulmuşdur. 793 min kubmetr həcmində 15 ədəd torpaq su anbarları, 32 ədəd nasosxana, 38 ədəd gözətçi evləri inşa edilmiş, 10 kilometrdən artıq elektrik xətləri, alternativ su mənbələri yaratmaq məqsədilə 30 kilometr 200 mm-lik borularla su xəttləri, 300 kilometrdən çox mühafizə və drenaj kanalları çəkilmişdir.

Ümumilikdə son on ildə icra edilmiş layihələr əsasında, habelə “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tabeli qurumları tərəfindən qeyri-meşə fondu torpaqlarında 4 min 236 hektar ərazidə müxtəlifcinsli (zeytun, Eldar şamı, ağcaqayın, iydə, sərv, göyrüş, qarağac, meliya, oleandr, fısdıq şamı, lələk, tuya, qara şam, ardıc, tut, ərik, nar, fatunya, maklyura, badam və s.) 5 milyon 395 min 792 ədəd ağac və kol bitkiləri əkilmişdir ki, bu da yerinə yetirilmiş yaşıllaşdırma layihələri əsasında 1944 hektar ərazidə 1 milyon 819 min 352 ədəd, qeyri-meşə fondu torpaqlarında isə 2 min 292 hektar ərazidə müxtəlifcinsli 3 milyon 576 min 440 ədəd ağac və kol bitkiləri əkilmiş, yaşıllaşdırma layihələri çərçivəsində zeytun bağlarının salınmasına xüsusi önəm verilmişdir.

Zeytunçuluğun ölkə ərazisində inkişafı məqsədilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2008-2018-ci illər ərzində büdcə vəsaiti və daxili imkanlar hesabına Türkiyə, İtaliya və digər ölkələrdən 1 milyon 300 mindən çox davamlı və məhsuldar zeytun tingi alınaraq ölkəyə gətirilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları və Dövlət proqramları çərçivəsində qeyri-meşə fondunun ağacbitmə şəraiti çətin olan aşağı keyfiyyətli torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolağından kənarda müasir dizaynla hazırlanmış layihələr əsasında əkilmişdir. Bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində ölkəmizdə zeytun ağaclarının sahəsi 3 min hektara çatdırılmışdır.

Kamil İSMAYILOV,

“Respublika”.