Ölkəmizdə yaşayan bütün xalqlar eyni hüquqa malikdir
Digər xəbərlər

Ölkəmizdə yaşayan bütün xalqlar eyni hüquqa malikdir

Vətən müharibəsindəki Qələbəmizdən iki ildən çox vaxt keçsə də, hələ də Ermənistan sülh razılaşmasına gəlmir. 30 il müddətində ərazilərimizin Ermənistan tərəfindən işğal edilməsinə, hər cür istismara məruz qalmasına, yerüstü, yeraltı təbii sərvətlərimizin talan edilməsinə baxmayaraq Azərbaycan düşmən ölkəyə sülh təklif edib. Prezident İlham Əliyev bütün görüş və danışıqlarında ərazidə sülhün bərqərar olmasına çağırış edib. Ermənistan isə hələ də təcavüzkarlıq siyasətindən əl çəkmir. 44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətini həzm edə bilmir. Yenidən erməni xalqını müharibəyə səsləyir, yalan və iftiralar uydurmaqla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Güclü siyasi iradəyə malik ölkəmiz isə münasibətləri sülhə, barışığa yönəltməklə özünün nə qədər humanist, demokratik ölkə olduğunu dəfələrlə sübut edib. Təbii ki, lazım gələndə Azərbaycan düşmənin layiqli cavabını verərək dəmir yumruğun gücünü göstərir. Lakin bütün dünya bilir ki, Azərbaycan bölgədə əmin-amanlığın, dinc qonşuluq şəraitində yaşayışın tərəfdarıdır.

Ölkəmiz işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Bu gün Qarabağ nəhəng tikinti meydançasına bənzəyir. Bütün infrastrukturlar yenidən qurulur, əhalinin rahat yaşayışı üçün nəzərdə tutulan bütün şərait yaradılır. Artıq Zəngilanın Ağalı kəndinə sakinlərin bir neçə mərhələdə köçürülməsi həyata keçirilib.

Bu gün Qarabağın keçmişdə qalan, xatirələrə qovuşan cənnəti gülüstanı özünə qayıtmaqdadır. Xoşbəxt, firavan həyat öz axarına düşür. Ermənistanın xarabazara çevirdiyi, talan edib daşını-daş üstə qoymadığı Qarabağ yenidən dirçəlir. Parça-parça, tikə-tikə sökülüb İrana satılan obalarımız, ocaq yerlərimiz, qədim yurdlarımız öz doğma sahiblərinin yolunu gözləyir.

Ermənistan Qarabağda yaşayan ermənilərə hansısa statusun verilməsini tələb edir. Respublikamız tolerant dövlət kimi hər zaman bütün dövlətlərə nümunə olub. Azərbaycanda yaşayan azsaylı xalqlara hər zaman hörmət və ehtiram göstərilib. Bunun da nəticəsi olaraq ölkəmizdə yaşayan bütün azsaylı xalqlar özlərini çox güvənli və xoşbəxt hiss ediblər. Keçmişə nəzər salsaq görərik ki, vaxtilə Azərbaycanın hər bölgəsində yaşayan ermənilərə qarşı da bu münasibət göstərilib. Baxmayaraq ki, bu gün hazırkı Ermənistan ərazisində bir dənə də azərbaycanlı soydaşımız yoxdur. Hansı ki, məlum hadisələr zamanı İrəvan xanlığı və ətraf mahallarda yaşayan Qərbi azərbaycanlılar öz yurd-yuvalarından didərgin düşüblər. Qarabağlılarla yanaşı, onların da taleyinə köçkünlük, yurd itkisi yazılıb. Xain qonşumuz olan Ermənistanın məkrli ərazi iddialarının qurbanı olan insanlar təkcə azərbaycanlılar deyil. Həm də elə ermənilərin özləridir. Qarabağın ən gözəl, şəfalı yerlərində məskən salan ermənilər, elə Bakı və digər şəhər və kəndlərdə də gözəl şəraitdə yaşayırdılar.

30 il başımıza gətirilən müsibətlərdən, faciələrdən sonra ərazi bütövlüyümüzü təmin edib, torpaqlarmızı yağı düşməndən azad etdik. Hətta, bu yerlərdə əmin-amanlıq, dinc qonşuluq şəraitində yaşamağa hazır olduğumuzu belə bildirdik. Humanist dövlət olaraq sülhü, barışığı dəstəklədik. Qarabağ ərazisində yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul etməyə hazır olduğumuzu ölkə başçısı İlham Əliyev dəfələrlə yüksək tribunalardan səsləndirdi.

Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır deyən ölkə başçısı onu da vurğulayır ki: "Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur".

 Ramidə YAQUBQIZI,

 "Respublika".