Ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması prioritet istiqamətlərdəndir
Səhiyyə

Ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması prioritet istiqamətlərdəndir

Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil etmişdir.

Ulu öndərimiz Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşmış, bu sahənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə vurğulamışdır. Ümummilli lider səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı.

Heydər Əliyevin prezidentliyi dövründə səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də xeyli iş görüldü, o cümlədən bir sıra tibb müəssisələrində təmir-tikinti işləri aparıldı, bəzi səhiyyə ocaqları yeni avadanlıq və cihazlarla təchiz edildi. O illərdə bu sahədə ən diqqətəlayiq hadisələr-Azərbaycan Tibb Universitetinin yeni korpusunun istifadəyə verilməsi və müasir dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxananın açılışı isə ümummilli liderin Azərbaycan xalqının sağlamlığına göstərdiyi qayğının ən parlaq təcəssümü oldu.

Beləliklə, tərəddüd etmədən deyə bilərik ki, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyəmizin inkişafı yolunda ulu öndərin xalqının hər bir nümayəndəsinin gələcəyini düşünərək gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir.

Heydər Əliyevin səhiyyənin inkişafı üzrə tədbirlər kompleksinin əsas məqamlarından biri mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi idi. 1970-ci illərdə bir sıra bölgələrdə tibb müəssisələri yararsız binalarda yerləşirdi. 1970-1980-ci illərdə respublikada bir çox mühüm səhiyyə obyektləri inşa edildi. Təkcə uşaq poliklinikalarının sayı 1970-1975-ci illərdə 150-dən 185-ə çatdı. Yeni istifadəyə verilən səhiyyə müəssisələri arasında Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri kimi tibb ocaqları var idi. Elmi-Tədqiqat Oftalmologiya və Elmi-Tədqiqat Onkologiya institutları üçün yeni binalar da o zaman tikilməyə başladı.

Müasir səhiyyə müəssisələri müvafiq yüksək səviyyəli kadr potensialının olmasını da tələb edirdi. Həkimlərin və orta tibb işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün Heydər Əliyevin təşəbbüsü ilə ilk növbədə Azərbaycan Tibb İnstitutuna və tibb məktəblərinə tələbə qəbulu artırıldı, tibbi kadrlara ehtiyac olan ucqar bölgələrdən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bununla da rayonların səhiyyə müəssisələrində kadr çatışmazlığı tədricən aradan qalxmağa başladı.

Tibbi kadrların kəmiyyət artımı ilə yanaşı, onların keyfiyyəti də böyük əhəmiyyət daşıyırdı. Səhiyyənin inkişafında əsas amillərdən biri olan kadrların təkmilləşməsi sahəsində bir-biri ilə qarşılıqlı surətdə bağlı olan iki məsələ-səhiyyə müəssisələrində çalışacaq yüksəkixtisaslı tibb personalının və təbabət sahəsində elmi tədqiqatlar aparacaq gənc alimlərin hazırlığı qarşıda vəzifə kimi dururdu. Bu məqsədlə həm Bakıda ali təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm SSRİ-nin qabaqcıl tibb təhsili müəssisələrində həkim kadrlarının hazırlığına, həm də tibb elminin inkişafına, gənc azərbaycanlı alimlərin İttifaq səviyyəli tibb ocaqlarında öz elmi fəaliyyətlərini davam etdirməsinə böyük əhəmiyyət verilirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qabaqcıl elm mərkəzlərində tədqiqatlar aparan, dissertasiyalar müdafiə edən həmin insanlar sonralar tibb elmimizin fəxri kimi səhiyyəmizin inkişafına dəyərli töhfələr verdilər.

Əbədiyaşar liderimiz səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Dahi rəhbər Heydər Əliyev ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə ciddi əhəmiyyət verirdi. Həmin dövrdə rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, ftiziatr, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, Tibb İnstitutuna tələbə qəbulunun sayı artırıldı, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bu, bilavasitə dahi şəxsiyyətin öz təşəbbüsü idi. Məhz bu təşəbbüs sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırıldı. 1993-cü ildə böyük dövlət xadimi Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi, səhiyyə də yeni inkişaf mərhələsinə qədəm qoydu, ilk növbədə, bu sahənin qanunvericilik bazası təkmilləşdirildi, əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə geniş islahatlar proqramı hazırlandı. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni səhiyyə ocaqlarının yaradılması əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verdi.

Bütün dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan həkimləri böyük fədakarlıq və əzmkarlıq göstərirlər. Öz həyatlarını təhlükə altına qoyaraq gecə-gündüz insanların sağlamlığının keşiyində dayanan həkimlərimiz xüsusi karantin dövründə fəaliyyətləri əsl qəhrəmanlıqdır. Həkimlərimizin bu fədakarlığı haqqında Prezident İlham Əliyev bütün tədbirlərdə öz müsbət fikirlərini ifadə etmişdir. Prezident İlham Əliyev həkimlərin fəaliyyətini, fədakarlığını bir daha yüksək qiymətləndirərək çıxışlarının birində demişdir: “Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər”. Ölkə başçısı İlham Əliyevin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında 18 mart 2020-ci il tarixli Sərəncamı da Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən daha bir qiymətdir. “Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır” - deyə bildirən Prezident İlham Əliyevin pandemiya ilə mübarizə aparan həkimlərimizə, tibb işçilərinə verdiyi yüksək qiymət, böyük dəyər, xüsusilə də onların əməyini ayaq üstə alqışlaması bu gün hər bir Azərbaycan vətəndaşı üçün nümunədir.

44 gün davam edən Vətən müharibəsində döyüş cəbhəsində yaralanan hərbçilərə tibbi xidmət göstərmiş həkimlərimizin peşəkar və vətənpərvərliklə dolu fədakar fəaliyyəti yüksək qiymətləndirilməlidir. Belə ki, Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstərmişlər. Vətən müharibəsində yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalan Arəstə Baxışova 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət etmişdir.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yüzlərlə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.Qeyd edək ki, müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Onlardan 42 həkim, 37 feldşer və 26 sanitar şəhidlik zirvəsinə ucalıb. Yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən Prezident, Silahı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsən nəzarəti altında olmuşdur.

Son illər tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. İndi tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin və layiqli davamçısı İlham Əliyevin göstərdikləri qayğı sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili, eləcə də, səhiyyənin digər bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz peşəkarlıq məktəblərini yarada biliblər.

Bu gün digər sahələrdə olduğu kim

i, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir.

İnanırıq ki, peşə bayramlarını yüksək nailiyyətlərlə qeyd edən tibb işçiləri bundan sonra da səhiyyəmizin inkişafına öz töhfələrini verəcəklər.

M.MİRZƏ,

“Respublika”.