Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət dəstəyi davamlıdır
Sosial həyat

Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət dəstəyi davamlıdır

Biz torpaqlarımızı düşmən hücumundan qorumağı, işğaldan azad etməyi, şəhid qanı ilə suvarıb, cənnətə, gülüstana çevirməyi bacardıq. Şəhid olduq, qazi olduq, dövlətimiz, dövlət başçımız ətrafında sıx birləşib, bütövləşib Vətən olduq.

Vətən, dövlət o zaman qüdrətli, qüvvətli olur ki, onun əsgəri də, rəhbəri də həmrəy olur. Haqq savaşımızda - 44 günlük Vətən müharibəsində xalqımız, ordumuz Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Millət kimi ayağa qalxıb, dövlətini, torpağını qoruyub, ərazi bütövlüyünü bərpa etdi. 30 ildir erməni işğalında olan doğma torpaqlarına qovuşdu.

İkinci Qarabağ müharibəsində düşmənə qalib gəlib, 30 illik həsrətə 44 gündə son qoyduq. Hərb meydanında hünər göstərən ordumuzla bərabər, dövlət başçımız cənab İlham Əliyev diplomatiya müstəvisində də layiqli mübarizə apardı. Sübut etdi ki, qələbəni təkcə silah gücü ilə deyil, həm də ağılla, məqsədyönlü siyasətlə qazanırlar. Dövlət başçımız uzaqgörən siyasət ilə ölkəmizi qalib ölkə kimi dünyaya tanıtdı.

Bu qalibiyyəti bizə bəxş edən əsgərlərimiz bu gün dövlət başçımızın diqqət və qayğısı ilə əhatə olunub.

Ulu öndər Heydər Əliyev Azərbaycan ordusuna, onun əsgərinə, zabitinə daim diqqət və qayğı göstərir, şəhidləri müqəddəs bilir, adlarını əbədiləşdirirdi. Qazilərə ehtiram, etimad göstərirdi. Bu gün də bu ənənə davam edir. Ölkədə bu istiqamətdə genişmiqyaslı tədbirlər keçirilir. Ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən əsgərlərimizin problemləri yüksək səviyyədə həll olunur. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibədən sonra 12 min şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb olunub. 7,8 min nəfər üçün kiçik ailə təsərrüfatı, kiçik biznes sahələri yaradılıb. Eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yaralı hərbçilərinin problemlərinin həlli istiqamətində mühüm işlər görülüb.

Müharibədən dərhal sonra Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanan və şəhid olan hərbçilərin ailələrinin təminatına dəstək olaraq "Yaşat" Fondunu yaratdı. Fond şəhid ailələrinə, əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək məqsədilə yaradılıb. Fond tərəfindən ağır yaralı qazilərimiz müalicə üçün xaricə göndərilir. Belə ki, indiyə qədər 172 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 149-nun müalicəsi uğurla başa çatıb. Fondun gördüyü işlərin bir hissəsi vətəndaşların etdiyi yardımlar vasitəsilə həyata keçirilir. Bu da onu göstərir ki, dövlət daim öz vətəndaşı ilə bərabər addımlayır. İndiyə kimi Fondun balansına 74 milyondan çox ianə olunub. Şəhid ailələri və müharibə əlilləri üçün həmin vəsaitdən təxminən 63 milyon 294 min 166 manat xərclənib.

Bütün bu işlərdə Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Mehriban Əliyevanın rəhbərliyi ilə qazilərin xaricdə müalicəsi, xüsusi texnologiyalı protezlərlə təmin olunması yüksək səviyyədə təmin edilir. Eyni zamanda, Fond tərəfindən onların məişət şəraitinin yaxşılaşdırılması, yeni mənzillərlə, avtomobillərlə təmin edilməsi istiqamətində davamlı dəstək göstərilmişdir. Bakı, Sumqayıt və Abşeronda şəhid ailələrinin evlə təmin olunması artıq yekunlaşmaq üzrədir. Bölgələrdə isə şəhid ailələrinə və qazilərə fərdi evlərin tikintisi, mənzillərin, pay torpaqlarının verilməsi davam edir. Artıq bölgələrdə 500-ə yaxın fərdi evin tikintisi yekunlaşmaq üzrədir. Həmin evlər də növbəti mərhələdə şəhid ailələrinə və qazilərə veriləcək. Həmçinin 50 qazi və müharibə iştirakçısına avtomobil verilməsi nəzərdə tutulub.

Ümumiyyətlə, postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilmiş, indiyədək isə ümumilikdə həmin kateqoriyadan olan 7 min 450 şəxs avtomobillə təmin olunmuşdur.

İkinci Qarabağ müharibəsinin 200 hərbçisi, ümumilikdə, 300 müharibə əlili yüksək texnologiyalı, son nəsil protezlərlə, 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi, 2500 qazi reabilitasiya xidmətləri, 5 min ailə sosial-psixoloji xidmətlərlə təmin olunmuşdur. Bu ilin sentyabr ayının 5-dən isə Türkiyədən gələn 20-dən çox mütəxəssis Fövqəladə Hallar Nazirliyinin psixoloqları ilə paytaxt və regionlarda yaşayan qazi və şəhid ailələrinə ödənişsiz psixoloji yardım xidməti göstərəcəklər.

Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə diqqət, qayğısı bunlarla bitmir. Dövlətimiz hər zaman onların yanındadır və bu məsələyə çox həssaslıqla yanaşır.

Həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, həlak olmuş hərbçilərin yas mərasimlərinin təşkili üçün ailəsinə 3 min manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq hər şəhid ailəsinə 500 manat məbləğində Prezident təqaüdünün verilməsi, şəhid övladlarının təhsil ocaqlarında ödənişli təhsildən azad olunması dövlətin şəhid və qazi ailələrinə diqqətinin təzahürüdür.

Bundan əlavə, bu yaxınlarda əlilliyi müəyyən edilmiş Birinci Qarabağ müharibəsinin hərbi qulluqçularına əlillik dərəcəsinə uyğun birdəfəlik 8.800, 6.600, 4.400 manat sığorta ödənişinin aparılması da bu diqqətin göstəricisidir.

Prezident cənab İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə şəhid ailələrinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılmasından geniş şəkildə danışmış və xüsusi olaraq vurğulamışdır ki, görülən işlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rolu böyükdür. Şəhid ailələrinin və hərbçilərin ev və avtomobillə təmin olunması, müalicə və reabilitasiyası ilə yanaşı, həm də məşğulluq marafonları keçirilir. Daha sonra Prezident İlham Əliyev qeyd etmişdi: "Müharibədə əlil olmuş bütün hərbçilər ən müasir protezlərlə təmin olunmuşdur. Dördüncü nəsil protezlərlə. Hansı ki, insan o protezlərlə rahat gəzə, qaça, hətta futbol oynaya bilər. Vaxtaşırı bu texnologiyalar dəyişdirilib, yenisi ilə əvəz olunur. Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilib. Bu il Bakı şəhərində bu məsələ tam həll olunacaq. Keçən il 1500 mənzil və ev verilib. Bütünlükdə Birinci və İkinci Qarabağ müharibəsinin şəhid ailələrinə və müharibə əlillərinə ümumilikdə 12 min 500 mənzil verilib. Biz bütün bunları ona görə etmirik ki, öyünək. Ona görə edirik ki, mənəvi borc bilirik. Əlbəttə, bundan sonra da edəcəyik".

Cənab Prezidentin də dediyi kimi, öz sağlamlığını itirmiş hərbçilər hər zaman qayğı ilə əhatə olunmalıdır. Dövlətimiz, həm də millətimiz hər zaman öz şəhidinin ruhuna ehtiramla, şəhid ailəsi və qazisinə diqqət və hörmətlə yanaşmalıdır.

Ramidə YAQUBQIZI,

"Respublika".