Ölkəmizdə ağacəkmə aksiyası
Ekologiya

Ölkəmizdə ağacəkmə aksiyası

Göygöl. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır. Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində həm də ağacəkmə aksiyası keçirilib. Rayonun Yeni Zod kəndində keçirilən aksiyada yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac tingləri əkilib. Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşmış, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət vermişdir. Ulu öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün 100 nəfər kənd təsərrüfatı mütəxəssisinin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülübdür. Ümumilikdə 3500 ədəd ağac əkilib.  Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Hacıqabul. Rayonda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası davam etdirilir. Növbəti aksiya Hacıqabul-Muğan avtomobil yolunda həyata keçirildi. Bir gün ərzində yolun sağ və sol hissəsində, avtomobil yolu boyunca 500 ədəd ağac, o cümlədən 250 şam və 250 sərv ağacı əkildi.

Aksiyada rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və  könüllüləri, idarə, müəssisə, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri iştirak etdilər. Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərildi.

Davamlı olaraq həyata keçirilən aksiyada əsas məqsədlərdən biri də ərazidə ekoloji tarazlığı bərpa etmək,, mövcud torpaq qatının münbitləşdirməsinə töhfə verməklə insanlara ekoloji mədəniyyət hissini aşılamaqdan ibarətdir.

 

AMEA. AMEA-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Akademiya şəhərciyində Nadir ağaclar parkı salınıb. Nadir ağaclar parkının salınmasında məqsəd ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.

Tədbirdə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq ölkəmizdə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli Akademiyada bu istiqamətdə görülən işlərdən danışıb, nəzərdə tutulan kitablardan artıq ilk əsərin çap olunduğunu bildirib.

AMEA-nın Naxçıvan və Gəncə bölmələri, Lənkəran və Şəki regional elmi mərkəzlərində də ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş silsilə tədbirlərin keçiriləcəyini qeyd edən AMEA prezidenti, bundan başqa, görkəmli oftalmoloq-alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın da yaradıcılığına həsr olunmuş tədbirlərə başlanıldığını da diqqətə çatdırıb. O, ağacəkmə aksiyası zamanı Azərbaycan florasının qədim və “Qırmızı Kitab”a düşmüş Gözəl ağcaqayın, Hirkan ağcaqayını, dəmirağac, Qafqaz xurması, Lənkəran akasiyası, Naxçıvan florasına aid olan nalbənd, eləcə də vələsyarpaq azat kimi ağacların seçilərək əkildiyini qeyd edib. Ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, nadir dekorativ 50 ağac və 50 kol bitkisi əkilib.

“Respublika”.